news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 dekabr 2025

MGİMO-da Azərbaycan-Rusiya münasibətlərinə həsr olunmuş dəyirmi masa keçirilmişdir

Cari ilin 1 dekabr tarixində Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MGİMO) "Dəyişən Beynəlxalq Münasibətlər Arxitekturasında Rusiya-Azərbaycan Əməkdaşlığı" mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbir MGIMO-nun Azərbaycan Klubunun təşəbbüsü və Universitet rektorluğunun dəstəyi ilə təşkil edilmişdir.

 

Dəyirmi masada MGIMO Universitetinin rektoru professor Anatoli Torkunov, Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev, Rusiya XİN nümayəndələri, ali təhsil müəssisəsinin professor-müəllim heyəti, rusiyalı ekspertlər icmasının nümayəndələri, eləcə də MGIMO-da təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.

 

Rektor A.Torkunov tədbiri salamlama nitqi ilə açaraq, MGIMO-nun bir sıra Azərbaycan universitetləri ilə uğurlu əməkdaşlığından bəhs etmişdir. O, mövcud ikitərəfli proqramlarla yanaşı, nəqliyyat və logistika sahəsində də mütəxəssislərin hazırlanması üçün birgə təhsil proqramının reallaşdırılması imkanlarının bu gün aktuallıq qazandığını vurğulamışdır. Rektor həmçinin azərbaycanlı tələbələrin Universitetin elmi və ictimai həyatında fəal iştirakını yüksək qiymətləndirmişdir.

 

Daha sonra çıxış edərək, səfir R.Mustafayev dəyirmi masa iştirakçılarını Azərbaycanın müasir daxili və xarici siyasətinin prioritet istiqamətləri barədə məlumatlandırmışdır. O, xüsusilə, ölkəmizin işğaldan azad edilmiş ərazilərinin dirçəldilməsi istiqamətində gerçəkləşdirilən proqram və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesindən danışmışdır. Səfir həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, o cümlədən tərəflərin həyata keçirdiyi etimad-quruculuq tədbirlərinə ətraflı toxunmuşdur. Qeyd olunmuşdur ki, “Xəzər beşliyi”, "3+3", "Mərkəzi Asiya + Azərbaycan", TDT formatları çərçivəsində qonşu dövlətlərlə regional əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın xarici siyasət kursunda prioritet yer tutmaqdadır. Azərbaycan-Rusiya müttəfiqlik qarşılıqlı fəaliyyəti münasibətlərinin dinamikasından danışarkən səfir bildirmişdir ki, bu münasibətlər zamanın və ötən ilin dekabr ayında baş vermiş AZAL sərnişin təyyarəsinin qəzası ilə bağlı yaşanan böhranın sınağından da keçmişdir. Səfir əlavə etmişdir ki, Azərbaycan və Rusiya liderlərinin cari ilin 9 oktyabr tarixli Düşənbə görüşü ikitərəfli münasibətlərin normallaşdırılmasında ilk mühüm addım olmuşdur.

 

Dəyirmi masa zamanı Rusiya XİN nümayəndələri, MGIMO-nun müəllim heyəti, rusiyalı siyasi ekspertlərin nitqləri dinlənilmiş, eləcə də Azərbaycan-Rusiya əlaqələrinin gündəliyi ətrafında məzmunlu fikir mübadiləsi aparılmışdır. Tədbir sual-cavab sessiyası ilə yekunlaşmışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti