Azərbaycan Respublikasının ümumvətəndaş pasportu

Ümumi məlumat

Azərbaycan Respublikası vətəndaşının pasportu

“Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının pasportu Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir.

Pasport hər bir Azərbaycan Respublikası vətəndaşına Qanunla müəyyən edilmiş qaydada verilir və bütün ölkələrə getmək üçün etibarlıdır.

Pasport Azərbaycan Respublikasının mülkiyyətidir, onun vətəndaşdan alınması və ya girov götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna olunmaqla qəti qadağandır.

Pasport itdikdə vətəndaş pasport verən dövlət orqanlarına, belə hadisə xaricdə baş verərsə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna dərhal məlumat verməlidir. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə belə vətəndaşları qısa müddət ərzində Azərbaycan Respublikasına qayıtmaq hüququ verən sənədlə təmin edirlər.

Azərbaycan Respublikasının ümumvətəndaş pasportu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ümumvətəndaş pasportu verən yerli orqanları (bundan sonra – daxili işlər orqanı) tərəfindən “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu və “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir.

Qeyd olunan Əsasnamə ilə müəyyən edilmiş qaydalara uyğun olaraq, xarici ölkələrdə daimi yaşayan vətəndaşlara ümumvətəndaş pasportu daxili işlər orqanında fərdi olaraq hazırlanmaqla,vətəndaşın olduğu ölkədə akkreditə edilmiş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən verilir. Bu halda ümumvətəndaş pasportunun verilməsi üçün tələb olunan sənədlərin qəbul edilməsi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməsi Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən həyata keçirilir.

Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən orqanda həyata keçirilir. 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.

Etibarlılıq müddəti. 

Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on illik müddətə verilir.

Diqqət! Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportuna sahib olan vətəndaşlar xarici ölkələrə səfər etmək üçün viza əldə etmək məqsədilə (beynəlxalq müqavilələrə uyğun olaraq vətəndaşların vizasız gediş-gəlişi haqqında razılaşma olan ölkələrdən başqa) müvafiq xarici ölkənin Azərbaycan Respublikasında yerləşən (və ya akkreditə olunmuş) diplomatik nümayəndəlik və ya konsulluğuna müraciət etməlidirlər.

  

Ümumvətəndaş pasportunun verilməsi üçün vətəndaşdan aşağıdakı sənədlər tələb olunur:

  • ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket (18 yaşı tamam olmuş vətəndaşa ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket18 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket);
  • vətəndaşın etibarlı şəxsiyyət vəsiqəsi (və ya 15 yaşı tamam olmamış vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı);
  • dövlət rüsumunun ödənilməsi barədə sənəd;
  • pasport Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə - bu Əsasnamənin 3.3-cü bəndində göstərilən sənədlər;
  • 15 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilərkən onun valideynləri, valideyn himayəsindən məhrum olmuş uşaqların isə digər qanuni nümayəndələri tərəfindən müvafiq razılıq ərizəsi olmalıdır.

pasport 15 yaşı tamam olmamış vətəndaşa verildikdə:

  • qan qrupu haqqında tibbi arayış (uşağın fərdi identifikasiya kartı təqdim edildikdə bu sənəd tələb olunmur);
  • valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd.

15 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilərkən ərizə-anketi yalnız onun valideynləri, valideyn himayəsindən məhrum olmuş uşaqların isə digər qanuni nümayəndələri imzalayırlar.

15 yaşdan 18 yaşadək olan vətəndaşın ərizə-anketini onun özü və ya qanuni nümayəndəsi verə bilər. Hər iki halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan vətəndaşın imzası olmalıdır.

Arxiv üzrə axtarış