Nikahın pozulmasının qeydə alınması

Xarici ölkələrdə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşları nikahın pozulması məqsədilə ərizə ilə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına (bundan sonra – konsulluq) müraciət edə bilərlər.

Nikahın pozulmasının qeydə alınması üçün tələb olunan sənədlər

Nikahın pozulmasının dövlət qeydiyyatı aşağıdakı sənədlər əsasında həyata keçirilir:
1. nikahın pozulması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;
2. yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvadın nikahın pozulması haqqında birgə verdikləri ərizə;
3. məhkəmə qaydasında itkin düşmüş hesab edilən, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən və ya cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunan şəxslə nikahın pozulması haqqında ər və ya arvadın birinin ərizəsi;
4. məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi.

Nikahın məhkəmə qaydasında və ya konsulluq tərəfindən pozulması halları.

Nikah aşağıdakı hallarda məhkəmə qaydasında pozulur:

1. ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda;
2. ər (arvad) nikahın pozulmasına razı olmadıqda;
3. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri konsulluqda nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.)

Nikah ərin (arvad) və ya onların hər ikisinin, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında konsulluqlar tərəfindən pozula bilər. 
Nikah aşağıdakı hallarda yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) birinin ərizəsi əsasında konsulluqlar tərəfindən pozulur:

 1. ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;
 2. ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab   edildikdə;
 3. ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətində azadlıqdan   məhrum olunduqda.

Nikah konsulluqda pozulduqda - nikahın pozulmasının dövlət qeydiyyatına alındığı gündən; məhkəmə qaydasında pozulduqda - bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır.
Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Bu halda nikahın pozulmasının dövlət qeydiyyatı aparılmır.

Xarici ölkələrdə nikahın pozulmasının yeri.

Xarici ölkələrdə nikahın pozulmasının yeri aşağıdakı qaydada müəyyən edilir:
1. ərizə əsasında nikahın pozulması - ərin (arvadın) və ya onlardan birinin yaşadığı yer üzrə və ya nikahın qeydiyyata alındığı yer üzrə yerləşən konsulluqda həyata keçirilir;
2. məhkəmə qətnaməsi əsasında nikahın pozulması isə - bu barədə qətnamənin çıxarıldığı yer üzrə yerləşən konsulluqda həyata keçirilir. 
Ər (arvad) ona nikahdan əvvəlki soyadının verilməsini arzu edirsə, nikahın pozulmasının qeydə alınması zamanı bunu konsulluğa bildirməlidir.

Məhkəmənin qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınması qaydaları

Konsulluqlar məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında nikahın pozulmasını həm ər ilə arvadın hər ikisinin, həm də onlardan birinin ərizəsi üzrə qeydə alır.
Məhkəmənin qətnaməsinə əsasən ər (arvad) nikahın pozulmasının qeyd edilməsi haqqında ərizə verdikdə konsulluq özündə əvvəllər nikahın pozulması barədə akt qeydinin olub-olmamasını yoxlayır. Əgər nikahın pozulmasının dövlət qeydiyyatı aparılıbsa, müraciət etmiş tərəfə nikahın pozulması haqqında, nikahın pozulması haqqında  birinci tərəfə verilmiş şəhadətnamədəki tarix göstərilmiş şəhadətnamə verilir.

Konsulluqlar tərəfindən aşağıdakı hallarda artıq pozulmuş nikahın qeydiyyatı barədə qeydlər olub-olmaması haqqında sorğu edilir:
1. nikahın pozulmasının dövlət qeydiyyatı aparılmayıbsa və ərizəçinin nikahı haqqında qeydlərdə nikahın pozulması barədə məlumat yoxdursa;
2. nikah başqa vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanda qeyd edilibsə. 
Bu cür məlumatların olmadığı bildirildikdə nikahın pozulmasının qeydiyyatı ümumi qaydada həyata keçirilir.
Məhkəmənin qətnaməsi əsasında nikahın pozulması bu barədə ərizə verilərkən qeydə alınır.

Yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı üzrə nikahın pozulmasının qeydə alınması qaydaları

Yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvad nikahın pozulması haqqında ərizədə aşağıdakı məlumatları qeyd etməyə borcludurlar:
1. özlərinin qarşılıqlı razılıqlarını;
2. onların yetkinlik yaşına çatmayan uşaqlarının olmadığını;
3. nikahın haqqında şəhadətnamənin olmaması haqqında (nikah haqqında şəhadətnamənin olmadığı hallarda).

Nikahın pozulması haqqında ərizəyə nikah haqqında şəhadətnamə və qeydiyyat üçün dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməlidir. 
Ər-arvaddan birinin üzrlü səbəbə görə (ağır xəstəlik, uzun müddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) ərizə vermək məqsədilə konsulluğa gəlmək imkanı olmadıqda, konsulluğa gəlmiş ikinci tərəf ər-arvadın birgə ərizəsini və ya ər-arvadın ayrı-ayrı ərizələrini təqdim edir. 


Ərizə verərkən konsulluq tərəfindən nikahın pozulmasının qeydiyyat tarixi müəyyən edilməlidir və gəlməmiş ərə (arvada) bu barədə məlumat verilməlidir. Gəlməmiş tərəfin ərizədəki imzasının həqiqiliyi onun yaşadığı yerin konsulluğu tərəfindən təsdiq edilməlidir.


Nikahın pozulması ərizə verildiyi gündən 1 ay keçdikdən sonra ər-arvadın iştirakı ilə həyata keçirilməlidir.

 
Ər-arvad üzrlü səbəblərə (gəlməməyin səbəbinin üzrlü hesab edilməsi yalnız konsulluğun vəzifəli şəxsi tərəfindən müəyyən edilə bilər) görə nikahın pozulmasını qeyd etmək üçün müəyyən edilmiş gündə konsulluğa gələ bilmədikdə, onların xahişi əsasında konsulluq:


1) nikahın pozulmasının qeyd alınması gününü başqa tarixə keçirə bilər və ya;
2) yeni tarix müəyyən etmədən ər-arvadın gəldiyi gün nikahın pozulmasını qeyd edə bilər (onların (onun) razılığını təsdiq edən və özləri (özü) olmadan nikahın pozulmasının qeyd olunmasına dair xahiş əks olunan və imzasızının həqiqiliyi konsulluq tərəfindən təsdiqlənən ərizə təqdim edildikdə).


Gəlməməyin səbəbi konsulluq tərəfindən üzrsüz hesab edildikdə, lakin ər-arvadın nikahın pozmaq arzusu dəyişmədikdə, onlar nikahı pozmaq məqsədilə yenidən konsulluğa ərizə ilə müraciət edə bilərlər.

 
Öz növbəsində, konsulluq tərəfindən nikahın pozulmasının qeyd edilməsi məqsədilə 1 ay müddət təyin edilir. 

Ər-arvaddan birinin ərizəsi üzrə nikahın pozulmasının qeydə alınması qaydaları

Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ər (arvad) ərizə ilə nikahın pozulması məqsədilə konsulluğa müraciət edə bilər. Həmin ərizədə aşağıdakı sənədləri əlavə etməli və məlumatları bildirməlidir:
1. bunlardan birini – 
- arvadın (ərin) xəbərsiz itkin düşmüş hesab edilməsinə dair məhkəmə qətnaməsini;
- ruhi xəstəlik, yaxud kəmağıllıq nəticəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsini;
- arvadın (ərin) azı 3 il müddətinə azadlıqdan məhrum edilməyə məhkum olunduğu barədə hökmdən çıxarışı. 
2. dövlət rüsumunun ödənilməsi barədə qəbz
3. azadlıqdan məhrumetmə növündə cəza çəkən ərin (arvadın) və ya fəaliyyət qabiliyyəti olmayan ərin (arvadın) qəyyumunun, yaxud xəbərsiz itkin düşmüş hesab edilən ərin (arvadın) əmlakı üzərində qəyyumluq edənin ünvanını.
 
Nikahı pozmaq haqqında ərizə təqdim edildikdə, konsulluq tərəfindən aşağıdakı hallarda nikahın pozulması ərizə verilən gün ərizəçinin iştirakı ilə qeydə alına bilər: 
1) ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;
2) ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
3) ər (arvad) törətməyə görə ən azı 3 il müddətində azadlıqdan məhrum olunduqda.
Yuxarıda qeyd olunan hallarda nikahı pozmaq üçün ərizə ilə konsulluğa müraciət edən ər (arvad), nikahdan əvvəlki soyadını daşımaq arzusunda olduğunu ərizədə göstərir.

Nikahın bərpa edilməsi

Ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ər (arvad) gəlib çıxdıqda, məhkəmənin müvafiq qətnaməsi ləğv olunmaqla nikah konsulluq idarəsində onların birgə ərizəsi əsasında bərpa oluna bilər. (Lakin tərəflərdən biri yeni nikaha daxil olubsa, nikah bərpa oluna bilməz.)


Konsulluq ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ərin (arvadın) nikahının pozulmasını qeyd etməli. Həmin şəxs gəldikdə və onun ölmüş elan edilməsi və ya itkin düşmüş hesab edilməsi barədə məhkəmənin qətnaməsi ləğv olunduqda konsulluq həmin ərin (arvadın) ərizəsinə əsasən ona nikahın pozulması haqqında və şəhadətnamə verə bilər. Bundan başqa həmin şəhadətnamədə nikahın pozulması haqqında digər tərəfə verilmiş şəhadətnamədə göstərilən tarix göstərilir.

Nikaın qeydə alınması üçün əməliyyatlara görə dövlət rüsumu

 

1) nikahın qeydə alınması və bu barədə
    şəhadətnamənin verilməsinə görə -           40 dollar

2) xarici ölkələrin VVAQ orqanları tərəfindən 
    nikahın qeydə alınması məqsədilə 
    subaylıq haqqında arayışın verilməsinə görə    30 dollar

  
Məhkəmənin qətnaməsi əsasında nikah pozulduqda konsulluğa dövlət rüsumunun ödənilməsi aşağıdakı şəxslər tərəfindən həyata keçirilə bilər:

1. məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsindən olan çıxarışda və ya məhkəmənin qətnaməsində dövlət rüsumunu tərəflərdən hansının ödəməli olduğu göstərildikdə - göstərilən ər (arvad);
2. məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsindən çıxarışında və ya məhkəmənin qətnaməsində dövlət rüsumunu tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə - konsulluğa birinci müraciət edən  ər (arvad). Bu halda ikinci müraciət etmiş şəxsdən dövlət rüsumunun ödənilməsi barədə qəbz tələb olunmur.

Arxiv üzrə axtarış