2015-12-29

Polad Bülbüloğlu: Təəccüblənməyin, Yeni ildən xoşum gəlmir

Azərbaycanın Rusiyadakı səfiri Yeni İli Vyanada, dünya şöhrətli opera divası Anna Netrebko ilə azərbaycanlı müğənni Yusif Eyvazovun toyunda qarşılayacaq.
BAKı, 29 dek-Sputnik. Azərbaycanlı estrada müğənnisi, bəstəkar və aktyor, Azərbaycan SSR Xalq artisti, Azərbaycanın keçmiş mədəniyyət naziri, Azərbaycan Respublikasının Rusiyada Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu Sputnik müxbirinin suallarını cavablandırıb.

- 2015-ci il sona yaxınlaşır. Bu il ərzində Sizi ən çox sevindirən nə oldu, hansı hadisələr Sizin üçün ən sevincli, ən vacib oldular? Başa çatmaqda olan il şəxsən Sizin üçün necə keçdi? 

— Təbii ki, başa çatmaqda olan 2015-ci il həm xoş, həm də kədərli hadisələr baxımından bol oldu. Ümumilikdə dünyada "böhran" sözündən istifadə olunan çox mürəkkəb proseslər baş verir. Buna baxmayaraq, həyat davam edir: həm ayrı-ayrı şəxslər, həm də ölkələr, xalqlar yalnız gündəlik ehtiyaclarını qarşılamaq üçün yaşamamaq, böyümək, inkişaf etmək, dinamik olaraq dəyişən şəraitə uyğunlaşmaq üçün səy göstərirlər.
Sevindiricidir ki, mənim vətənim Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən  obyektiv xarici amillərinin mənfi təsirini imkan daxilində azaltmağın mümkün olduğu ölkələr sırasındadır. Bundan əlavə, bu mürəkkəb şərtlər altında biz bir çox planlarımızı yerinə yetirə, çətinliklərə baxmayaraq, inkişaf edə bildik. Bu ilin iyununda Bakıda tarixdə Birinci Avropa Oyunlarının keçirilməsi xüsusi ilə yadda qaldı. Onlarla siyasi və idman elitasını, dövlət və hökumət başçılarını toplamış təntənəli açılışı, zəngin yarış proqramı və yaddaqalan bağlanma mərasimi dostluq və xoş məramlı bayram hissini aşılayan ən parlaq təəssüratlar oldular. Bu, yalnız Azərbaycanın özü üçün deyil, həm də şəxsən Bakıya gələrək və yaxud da televiziya yayımı vasitəsi ilə Oyunlara tamaşa edən şəxslər üçün bayram idi.
Şübhəsiz ki, mənim akkreditə olunduğum ölkə olan Rusiya Oyunlarda ən çoxsaylı komanda ilə təmsil olunmuşdu və ən çox medal qazandı. Oyunların açılışında Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin, bağlanmada isə Federal Məclisin Dövlət Dumasının Sədri Sergey Yevgenyeviç Narışkinin iştirak etməsi diqqətəlayiq və çox sevindirici haldır.
Mayın 9-da Qızıl Meydanda bizim hərbçilərimiz addımlayanda, fəxri tribunadan isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev onları müşahidə edəndə hər bir azərbaycanlı, o cümlədən də mən böyük fəxr hissi keçirdim.
Yəqin ki, mehriban qonşular arasında belə də olmalıdır: bir-birinin sevinc və kədərini paylaşmalıdırlar.
Mənim üçün isə bu il xüsusidir. Necə deyərlər, 70 yaş 70 ildə bir dəfə olur.
Mən xoşbəxtəm ki, bu təkcə mənim şəxsi hadisəm olmadı. Bir ay ərzində üç yubiley konserti keçirildi: Moskvada, Bakıda və Tiflisdə. Tale elə gətirib ki, bu şəhərlərin hər biri ilə mənim dərin bağlantım var.
Bakı mənim doğma şəhərimdir. Tiflis mənim anamın şəhəridir. Bu şəhər atamın musiqi meyllərinin formalaşmasına təsir göstərib. Moskva isə mənim yaşadığım, sovet dövründə mənim yaradıcılıq fəaliyyətimin bağlı olduğu şəhərdir. İndi isə burada mən öz vətənimi səfir kimi təmsil edirəm.
Bir artist kimi mənə şübhəsiz ki, bu konsertlərin hər birinin anşlaqla keçməsi xoşdur. Özü də həm zalda, həm də səhnədə yalnız bizim nəslin nümayəndələri deyildilər. Bu isə ikiqat sevindirir, çünki mahnı və musiqinin yeni qavramada da yaşadığından, cəlbedici olduqlarından xəbər verir. Belə ki, məhz mənim ad günümdə Bakıda Heydər Əliyev sarayında başlamış və gecə yarıdan keçəndə başa çatmış yubiley konsertində gənc Alsu və Dmitri Malikovdan tutmuş Lev Leşşenko və İosif Kobzon kimi "metr"lərədək müxtəlif nəsilləri təmsil edən musiqiçilər iştirak edirdilər. Alsu ilə ümumiyyətlə ən təsirli məqamlardan biri bağlıdır. Söhbət onun mənim repertuarımdan olan mahnını Azərbaycan dilində ifa etməsindən gedir.
Təbii ki, həyatda yada salmalı xatirələri bol olan hər bir insan kimi mənə də həm vətənimdən, həm də başqa ölkələrdən, yeri gəlmişkən bu ölkələrin arasında Rusiyadan olan dostlar mütləq əksəriyyəti təşkil edir, olan çoxsaylı dostlarımın bu şad günü mənimlə paylaşmaları çox xoş oldu.
Mən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərdiyi diqqəti xüsusi minnətdarlıqla qeyd etmək istəyirəm. Prezident yalnız mənim xidmətlərimi qiymətləndirmədi, həmçinin Bakıya yubiley şənliklərinə gəlmiş qonaqlarımın yanında "Şərəf" ordenini özü şəxsən mənə təqdim etdi.
Həmçinin mən yüksək diqqət və qayğısına görə Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə dərin minnətdarlığımı bildirirəm. Kremlin Yekaterina zalında onun əllərindən "Şərəf" ordenini (орден «Почёта») almaq bütün ömrü boyu unudulmayacaq bir təəssüratdır.
Görürsünüz, əslində adi bir hadisədir, mənim yubileyimdir. Lakin  o, xalqlar arasındakı mehriban münasibətlərin ümumilikdə götürdükdə söykəndiyi ən humanitar, dostcasına əlaqələr üçün vəsilə oldu. Çox şadam ki, bu dostluğun qorunmasına və onun ənənələrinin yeni nəsillərə ötürülməsinə əməli töhfə verə bilirəm.

-  Sizin ailənizdə Yeni illə bağlı hər hansı ənənələr var? 
— Təəccüblənməyin: Yeni ildən xoşum gəlmir.  Birincisi, bütün bu qaçhaqaç, hay-haray, hazırlıq məni çox qıcıqlandırır.  Əməkdaşlar normal işləyə bilmirlər. Süfrəni necə bəzəmək və hansı hədiyyələri almaq fikirləri onların ağıllarına hakim olur.
İkincisi, uzun 18 il ərzində Azərbaycan Mədəniyyət Nazirliyi kimi nəhəng büdcə təşkilatına rəhbərlik edərkən mən dekabrın sonunda uzun mühasibat cədvəllərini nəzərdən keçirərək hər bir rəqəmi yoxlamaq məcburiyyətində idim. Yəni mən daha az sevincli vəzifələri yerinə yetirməli idim: maliyyə ilini bağlamaq lazım idi. Böyük təsərrüfatda isə bu çox mürəkkəb işdir. Lakin bunu etməsəm növbəti ildə təchizatla bağlı problemlər yarana bilərdi. Ona görə də Yeni il ərəfəsi mənim üçün həmişə qayğısız istirahətdən çox, gərgin işlə assosiasiya olunub. İndi də yenə təxminən on il ərzində büdcə təşkilatına — Azərbaycanın Rusiyadakı səfirliyinə başçılıq edirəm. Ona görə də hər şey əvvəlki şəkildə davam edir.

- Əgər sirr deyilsə, Yeni ili harada keçirəcəksiniz? 
— Bu il dünya şöhrətli opera divası Anna Netrebko azərbaycanlı müğənni Yusif Eyvazovla ailə həyatı qurur. Mən də onların Yeni il öncəsi öz musiqi ənənələri ilə tanınan Vyana şəhərində keçiriləcək toyuna dəvət olunmuşam. Ona görə də bu Yeni ili mən ailəmlə birgə Dunay sahillərində, dünyanın musiqi paytaxtlarından birində keçirəcəyəm.

- Sputnik-in, o cümlədən, Azərbaycanda da olan oxucularına yeni ildə nə arzulamaq istərdiniz? 
— Sizin oxucularınıza, həmçinin bizim hamımıza mən, əlbəttə ki, hər kəs üçün çox əhəmiyyətli olan şeyləri arzulamaq istərdim: sağlamlıq, yaxınlarla ünsiyyətdə sevinc, yeni parlaq təəssüratlar, özünü reallaşdırmaqda uğurlar.
Lakin bizim hamımız eyni cəmiyyətdə yaşayırıq. Ona görə də cəmiyyətin vəziyyətindən, orada mövcud olan atmosferdən hər bir vətəndaşın rifahı asılıdır. İstərdim ki, bizim ölkələrimizdə insanlar özlərini təhlükəsizlikdə hiss etsinlər, başlarının üzərindəki səma aydın və bol günəşli olsun.
Soydaşlarıma isə Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həll olunmasını arzu edərdim. Qoy Şuşada, Cıdır düzündə yenidən ənənəvi baharın gəlişini bildirən Novruz bayramının tonqalları şölələnsin. Qoy İşıq və Sülh Qaranlıq və Müharibəyə qalib gəlsinlər. Əminəm ki, sonda elə də olacaq, lakin bunu sağ ikən görmək istərdik.

Arxiv üzrə axtarış