2016-02-29

29 fevral tarixində “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Moskvada “Yaddaş” sərgisinin açılışı təşkil edilmişdir

Hər il olduğu kimi, Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və erməni millətçilərinin Azərbaycan xalqına qarşı amansız, insanlıq çərçivələrinə sığışmayan siyasətinin dəhşətli üzünü açmaq məqsədilə 29 fevral tarixində “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Moskvada Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi, Heydər Əliyev Fondunun Rusiyadakı Nümayəndəliyi və Rusiyanın Azərbaycan Gəncləri Birliyi – RAGB /Азербайджанское молодёжное объединение России – АМОР/ tərəfindən faciəyə həsr edilmiş rəsm əsərlərindən ibarət “Yaddaş” sərgisinin açılışı təşkil edilmişdir.

Tədbir iştirakçıları foyedə böyük ekranlarda nümayiş etdirilən videomateriallarla tanış olmuşdurlar.

Açılış zamanı Xocalı qurbanlarının xatirəsi sükut dəqiqəsi ilə yad edilmişdir.

Rəsmi hissədə ilk nitq söyləyən Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri və kampaniyanın təşəbbüskarı xanım Leyla Əliyeva Ermənistan-Azərbaycan münaqişəsinin artıq 30 ilə yaxın davam etdiyini, onun nəticəsində ərazilərimizin 20 faizinin işğal edildiyini, ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkünün əmələ gəldiyini qeyd etmişdir.
Leyla xanım Xocalının qanlı statistikası haqqında məlumatı xatırlatmış və faciənin erməni işğalçıları tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş barbarlıq aktı kimi xarakterizə etmişdir. O, 2008-ci ildə təşəbbüs etdiyi “Xocalıya ədalət” kampaniyasının məhz bu istiqamətdə səylərin fəallaşdırılmasına yönəldiyini söyləmişdir.

O, bu kampaniya çərçivəsində görülən işlər və əldə edilmiş nəticələr barədə bəhs etmişdir. L.Əliyevanın söylədiyi kimi, aparılmış və durmadan davam etdirilən fəaliyyət çərçivəsində artıq 700 mindən artıq imza toplanıb və bu gün həmin fəaliyyətin nəticəsi olaraq Bosniya və Herseqovina, Çex Respublikası, Honduras, Kanada, Kolumbiya, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Rumıniya, Serbiya və Sudanın parlamentləri, habelə    ABŞ-ın 20-dən artıq ştatı, eləcə də İslam Əməkdaşlığı Təşkilatı Xocalıda törədilmiş soyqırımı tanıyıblar. Ən yüksək beynəlxalq təşkilatlara, o cümlədən BMT və Haaqadakı Beynəlxalq Məhkəməyə petisiyaların təşkil edildiyini, “Xocalıya ədalət” saytının fəaliyyət göstərdiyini, faciə barədə filmlərin çəkildiyini, kitabların dərc edildiyini, Xocalıya həsr olunmuş konfrans və seminarların keçirildiyini deyən Leyla xanım bu gün kampaniyanın 115 təşkilat və 120 mindən artıq şəxs tərəfindən fəal şəkildə dəstəkləndiyini bildirmişdir.  

Daha sonra Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu salonda toplaşan çoxsaylı həmvətənlərimiz, xüsusilə gənc nəslin nümayəndələrinə müraciət edərək bildirdi ki, 24 il əvvəl baş tutmuş dəhşətli Xocalı faciəsi hər bir azərbaycanlı üçün insanlığa qarşı ən ağır cinayət – soyqırımın rəmzinə çevrilmişdir. Səfir salonda cəmləşən xeyli sayda gənclərimizə üz tutaraq söyləmişdir ki, bu onların vətənpərvərlik ruhunda böyüməsinin, Azərbaycan Respublikasının Prezidenti tərəfindən onların qarşısında qoyulan məqsəd və vəzifələrinin dərk edilməsinin əlamətidir.

Son dövrdə qlobal miqyasda getdikcə gərginləşən çaxnaşmalar, partlayış və qanlı terror dalğası, II Dünya müharibəsindən sonrakı dövrdə ilk dəfə olaraq Avropaya sadəcə mühacirlər deyil, canlarını müharibədən qurtarmaq üçün qaçqınlar axınının əmələ gəlməsinin şahid olduğumuzu qeyd edən Səfir, müasir bəşəriyyəti narahat edən bu dağıdıcı meyllərin üzə çıxmasına dünya ictimaiyyəti tərəfindən Xocalıdakı cinayətlərin vaxtilə pislənməməsinin də səbəb olduğunu bildirmişdir. 

Bu baxımdan son dövrdə Xocalı soyqırımına dünya ictimaiyyətinin diqqətinin cəlb edildiyini xalqımızın, dövlətimizin böyük uğuru kimi göstərən Polad Bülbüloğlu, həmin işdə Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət” beynəlxalq kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyevanın müstəsna xidmətlərini vurğulayaraq, ona dərin təşəkkürünü bildirmişdir. Məhz bu kampaniya sayəsində dünyada Xocalıya laqeyd və biganə yanaşmanın aradan qaldırılmasına başlamaq mümkün olduğunu vurğulamışdır.

Nitqininə yekun vuraraq təkcə azərbaycanlıları deyil, bütün millətlərin nümayəndələrini “Xocalıya ədalət” şüarı altındakı kampaniyaya qoşulmağa çağıran Polad Bülbüloğlu, yalnız cinayəti və cinayətkarları ifşa etməklə, ədalətli sülh üçün zəminin yaradıla biləcəyini söyləmişdir.

Sonra Rusiya Yazıçılar İttifaqının üzvü, mədəniyyətşünaslıq doktoru, professor Yuri Pompeyev öz çıxışında Xocalıdan ötən 24 il ərzində artıq bir yeni nəslin yetişdiyini qeyd etmişdir. “Xocalıya ədalət” kampaniyası barədə öz fikirləri ilə bölüşərək, o, burada “ədalətin” başlıca söz olduğunu söyləmişdir. Yuri Pompeyev həmin kampaniya çərçivəsində əlindən gələni etməyə çalışdığını, Rusiyada, əsasən onun doğma Sankt-Peterburq şəhərində həqiqətin yayılması üçün səylər göstərdiyini bildirmişdir.

Dövlət Dumasının deputatı, Azərbaycan parlamenti ilə əlaqələr qrupunun rəhbərinin müavini Dmitri Savelyev Xocalı faciəsinə bənzər hadisələrin unudulmasının yeni oxşar fəlakətlərə yol aça biləcəyini qeyd etmişdir. O, müasir Azərbaycan dövlətinin öz gücünə arxalanaraq vətəndaşlarının təhlükəsizliyinə zəmanət verdiyini bildirmişdir. Dünya arenasında müstəqil oyunçuya, Cənubi Qafqazda isə sülhün qarantına çevrilən müasir Azərbaycan Respublikasının öz xalqını müdafiə edə biləcəyini deyən Dmitri Savelyev “Xocalıya ədalət” çağırışına qoşulduğunu bildirmişdir. 

Tədbirdə söz alan gənc rəssam Erkin Ələkbərli nümayiş etdirilən əsərlərdə Xocalı faciəsinə yaradıcı insanların gözü ilə baxılmasının önəmini qeyd etmişdir. O, ümumbəşəri incəsənət dili vasitəsi ilə qəm, qüssə, dəhşət və eyni zamanda həqiqət çağırışının əks olunduğunu söyləmiş və yığışanları bu əsərlərə baxarkən, onların ehtiva etdiyi mahiyyəti duymasına səsləndirmişdir. 

Rəsmi hissənin sonunda Moskva Dövlət Linqvistik Universitetində ikinci xarici dil kimi Azərbaycan dilini öyrənən rusiyalı tələbələr Xocalı haqqında şeri azərbaycanca oxumuşdurlar.

Daha sonra tədbir iştirakçıları Xocalı faciəsinə həsr olunmuş Azərbaycan rəssamlarının boya, qrafika, habelə heykəltəraşların yaratdığı əsərləri ilə tanış olmuşdurlar. Salonda nümayiş etdirilən uşaqların rəsm əsərləri güclü təsir bağışlamışdır.

Tədbirdə Rusiya və Azərbaycan parlamentlərinin deputatları, rusiyalı ziyalılar, RAGB-in üzvləri və rusiyalı tələbələr, Ümumrusiya Azərbaycanlılar Konqresinin nümayəndələri və ələlxüsus olaraq Xocalı faciəsinin şahidləri, o cümlədən hər iki valideynini itirmiş Həmayil Xəlilova və Murad Hüseynov, habelə Xocalıda həyat yoldaşı və balaca oğlunu itirmiş, hal-hazırda isə Rusiyanın Zabaykalye diyarının bir kəndində yaşayan və Səfirliyin təşəbbüsü ilə tədbirə dəvət olunan Mənsurə Həbibullina qatılmışdırlar. Mərasimdə Moskvada akkreditə olunan çoxlu sayda diplomatik korpusun nümayəndələri də təmsil olunmuşdurlar.

Tamaşaçılar arasında “Xocalıya ədalət” kampaniyası çərçivəsində dərc etdirilən sənədlər və “İRS” jurnalının nüsxələri yayılmışdır.

Tədbir Moskvada təmsil olunan Azərbaycan jurnalistləri, eləcə də Rusiyanın “Rossiya Seqodnya” televiziyası, “TASS”, “RİA-Novosti”, “Vestnik Kavkaza” informasiya agentlikləri və digər KİV müxbirləri tərəfindən geniş işıqlandırılmışdır.

Arxiv üzrə axtarış