2016-03-09

“LifeNews” televiziya kanalının təxribat xarakterli fəaliyyəti Azərbaycan tərəfinin haqlı narazılığına səbəb olmuşdur

Məlum olduğu kimi, “News Media” informasiya holdinqinə daxil olan “LifeNews” televiziya kanalının təxribat xarakterli fəaliyyəti Azərbaycan tərəfinin haqlı narazılığına səbəb olmuşdur.

Belə ki, 5 dekabr 2015-ci il tarixində “LifeNews” kanalının efirində Azərbaycan Respublikasının xəritəsinin təhrif olunaraq beynəlxalq aləm tərəfindən tanınmış sərhədlər çərçivəsində deyil, işğal olunmuş ərazilər çıxarılmaqla nümayiş etdirilməsi, 2016-cı ilin 8 yanvar tarixli efirində isə qondarma rejimin təbliğ edilməsi və Ermənistan-Azərbaycan münaqişəsi haqqında tamamilə səhv təsəvvürün formalaşdırılmasına yönəlmiş geniş reportajın verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi Rusiya tərəfinə müvafiq müraciətlər ünvanlamışdır.

Cari ilin 9 mart tarixində Rusiya Federasiyasının Rabitə, İnformasiya texnologiyaları və Kütləvi kommunikasiyalar sahəsində Nəzarət üzrə Federal xidmətindən (“Roskomnadzor”) Səfirliyə daxil olmuş cavab məktubunda Rusiya Federasiyasının “KİV haqqında” Qanununun 4-cü –“Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi” maddəsinə istinadən bildirilir ki, “Roskomnadzor” yalnız həmin maddədə sadalanmış hallara, o cümlədən ekstremist xarakterli materiallara rast gəldikdə müvafiq KİV orqanına xəbərdarlıq edə bilər.
Qeyd olunur ki, “Ekstremist fəaliyyətə qarşı mübarizə haqqında” Federal qanuna istinadən Rusiyada bu cür fəaliyyət kimi yalnız Rusiya Federasiyasının maraqlarına xələl gətirən addımlar sayıla bilər.  

Həmçinin məktubda Rusiya Federasiyası Konstitusiyasının 29-cu maddəsinin 5-ci hissəsinə müvafiq olaraq Rusiyada kütləvi informasiya azadlığına zəmanət verildiyi və senzuranın qadağan olunduğu barədə məlumat verilir.

Bundan əlavə, “KİV haqqında” Qanunun kütləvi informasiya azadlığının məhdudlaşdırılması üzrə 58-ci maddəsinə əsasən istənilən şəxs və ya dövlət qurumu tərəfindən KİV-in redaksiya fəaliyyətinə müdaxilə edilməsi, onun peşəkar müstəqilliyinin pozulması qadağandır.  

Bununla yanaşı, “Roskomnadzor” KİV-də bu münaqişənin düzgün işıqlandırılmasının vacibliyini vurğulayaraq  Azərbaycan Respublikasının ərazi bütövlüyü prioritetlərinə şərik çıxdığını və Səfirliyin Notası haqqında məlumatın “LifeNews” kanalına çatdırılacağını qeyd edir. 

Arxiv üzrə axtarış