Cari ilin 25 fevral tarixində “Parlament qəzetinin” mətbuat mərkəzində “Rusiya və MDB ölkələrində qış turizmi: inkişaf perspektivləri” mövzusunda dəyirmi masa keçirilmişdir
Tədbir Rusiya Dövlət Dumasının sabiq deputatı, bu ölkənin İctimai Palatasının üzvü, tanınmış ictimai xadimi və “Siyasi tətqiqatlar İnstitutunun” rəhbəri Sergey Markovun moderatorluğu ilə baş tutmuşdur.
Dəyirmi masada əsas çıxışçılar qismində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğu, Rusiya Dövlət Dumasının İctimai və dini təşkilatlarla iş üzrə Komitəsinin sədr müavini Olqa Kazakova, Dövlət Dumasının Qaraçay-Çərkəz Respublikasından üzvü Əhməd Erkenov, Rusiya Turizm üzrə Dövlət Agentliyinin rəhbərinin müavini Nikolay Korolyov, habelə turizm sahəsində Rusiyada fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələri, İctimai Palatanın fəalları, Azərbaycan, Gürcüstan və Tacikistanın təmsilçiləri iştirak etmişdirlər.
Rusiya təmsilçiləri öz çıxışlarında ölkələrinin turizm potensialı haqqında danışarkən, mövcud qış istirahət mərkəzlərinin ölkə əhalisinin tam təlabatını ödəmədiyini, bu sahədə, xüsusi ilə Şimali Qafqazda hazırda bir sıra layihələrin hələ də həyata keçirildiyini vurğulamış və ikitərəfli münasibətləri nəzərə alaraq vətəndaşların Avropanın Alp dağları və digər mərkəzlərinə deyil, məhz Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinə yönəldilməsində Rusiyanın maraqlı olduğunu qeyd etmişdirlər. Bununla yanaşı yaxın xarici ölkələrə gəldikdə Sergey Markov və Olqa Kazakova tərəfindən Azərbaycan kurortlarının yüksək səviyyəsi xüsusi qeyd edilmiş və ölkəmizin Rusiya vətəndaşlarının gələcək turizm istiqaməti olacağına əminliklərini vurğulamışdırlar.
Səfir Polad Bülbüloğlu çıxışı zamanı qeyd etmişdir ki, Azərbaycanın Prezidentinin bilavasitə nəzarəti ilə həyata keçirilən islahatlar nəticəsində ölkəmizin turizm sahəsində bu gün beynəlxalq səviyyəli və yüksək keyfiyyətli xidmətlər göstərilir. Polad Bülbüloğlu Azərbaycanın başqa ölkələrin turizm sahəsində çətinlikləri və məhrumiyyətləri hesabına inkişafa nail olmaq fikirində olmadığını vurğulamışdır. Rusiya turistləri üçün yalnız 2015-ci ildən Misir və Türkiyəyə səfərlərinə məhdudiyyətlər qoyulduğunu diqqətə çatdıran Azərbaycanın Səfiri ölkəmizin turizm sahəsində bu gün əldə etdiyi nailiyyətlərin əsasının xeyli əvvəl qoyulduğunu bildirmişdir. Polad Bülbüloğlu bu gün ölkəmizdə yeni yolların salındığını, müxtəlif bölgələrdə 6 beynəlxalq hava limanının istifadəyə verildiyini və turizmin bütün regionlarımızda inkişaf etdirilərək, Şahdaq, Qəbələ, Naftalan, Bilgəh, habelə Bakını əhatə etdiyi söyləmişdir. Səfir məlumat vermişdir ki, Azərbaycanın “AZAL” şirkətinin imkanları istənilən istiqamətdə uçuşların təşkil edilməsinə imkan verir. Misal olaraq Moskva-Qəbələ istiqamətində həftədə 3 reysin həyata keçirildiyi vurğulanmışdır. Azərbaycanın zəngin milli mətbəxinin də turistlərin cəlb edilməsində ən vacib məqam olduğu Azərbaycanın Səfiri tərəfindən qeyd olunmuşdur.
Həmçinin Polad Bülbüloğlu ölkə başçısının təşəbbüsü ilə islahatların davamı olaraq, ölkəmizdə lüks səviyyəli otellərlə yanaşı orta səviyyəli mehmanxanaların inşasına təkan verildiyini və bununla yanaşı 2011-ci ilin ölkədə məhz turizm ili elan edilməsini qeyd etmişdir. Səfir xüsusi olaraq diqqətə çəkmişdir ki, turizm iqtisadi fəaliyyətlə yanaşı son nəticə etibarı ilə xalqlar arasında dostluğun güclənməsinə xidmət edən güclü vasitə kimi qəbul edilməlidir. Burada Polad Bülbüloğlu 2016-cı ilin Azərbaycanda Multikulturalizm ili elan olunduğunu söyləmiş və bəzi Qərb liderlərinin təmsil etdiyi ölkələrdə multikulturalizmin iflasa uğraması haqqında səsləndirdikləri fikirlərin fonunda ölkəmizin və Rusiyanın deyilənlərin əksini nümayiş etdirdiklərini vurğulamışdır.
Daha sonra Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov, Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov və ölkəmizin aparıcı turizm və istirahət mərkəzlərinin nümayəndələri çıxış edərək Azərbaycanın turizm potensialı haqqında müxtəlif növ təqdimatlar etmiş, videoçarxlar göstərilmişdir. Təqdimatlar zamanı qeyd olunmuşdur ki, 2015-ci ildə Rusiya vətəndaşları Azərbaycana gələn turistlərin 30% təşkil etmişdirlər.
Təqdimatların yekununda aparılmış müzakirələr zamanı İctimai Palatanın üzvləri Azərbaycanın potensialı haqqında məlumatların Rusiya cəmiyyətində daha geniş yayılması istiqamətində işin aparılmasının zəruriliyini xüsusi önə çəkmişdirlər.
Tədbir Azərbaycan və Rusiyaın aparıcı KİV-i tərəfindən geniş işıqlandırılmışdır.