Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev SSSR-i xalq artisti Murad Kajlayevi “Dostluq” ordeni ilə təltif etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında və Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə görkəmli bəstəkar, SSSR-i xalq artisti Murad Kajlayevi “Dostluq” ordeni ilə təltif etmişdir. Bununla bağlı, Prezident İlham Əliyevin tapşırığına əsasən qeyd olunan ordeni Murad Kajlayevə təqdim etmək üçün Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu Mahaçqala şəhərinə səfər etmişdir.
Yubiley tədbirində ordeni Murad Kajlayevə təqdim edən Səfir Polad Bülbüloğlu Prezident İlham Əliyevin təbrik məktubunu oxumuşdur. Məktubda qeyd olunmuşdur ki, Kajlayev ailəsi məhz o Bakı ziyalısı nəslinə aiddir ki, Azərbaycanın elm, təhsil, səhiyyə və mədəniyyətinin inkişafına dəyərli töhfə vermişdir. Həmçinin vurğulanmışdır ki, Murad Kajlayevin Dağıstanın müasir musiqisinin ərsiyə gəlməsi istiqamətindəki çoxşahəli fəaliyyəti öz xalqına xidmətin bariz nümunəsidir və onun rəhbərlik etdiyi Mahaçqaladakı xüsusi istedadlı uşaqlar üçün incəsənət məktəbi Qafqazın musiqi irsinin ənənələrinin qorunub saxlanılmasında unikal missiya həyata keçirir.
Azərbaycan Respublikasının dövlət mükafatını qəbul edən Murad Kajlayev onun fəaliyyətinə verilmiş bu yüksək qiymətə görə dərin təşəkkürünü bildirmişdir. O, ilk dəfə Bakıda professional səhnəyə çıxaraq müəllifi olduğu əsərini ifa etdiyini yada salmışdır. Eyni zamanda Murad Kajlayev hər zaman qəlbinə qulaq verərək musiqi yazdığını və bütün həyatı boyu öz Vətəninə xidmət etdiyini söyləmişdir.
Həmçinin səfər çərçivəsində Səfir Polad Bülbüloğlu Murad Kajlayevin rəhbəri olduğu xüsusi istedadlı uşaqlar üçün incəsənət məktəbini ziyarət etmişdir. Burada Azərbaycanın Səfiri şagirdlər üçün yaradılmış şərait ilə tanış olmuş və ona məktəbin fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.