2015-11-04

Cari ilin 4 noyabr tarixində Moskva şəhərinin Boyük Kreml sarayının Georgiyevski zalında xarici vətəndaşların Rusiya Federasiyasının dövlət mükafatları ilə təltif olunma mərasimi keçirilmişdir.

Rusiya Federasiyası Prezidentinin Sərəncamına əsasən Heydər Əliyev Fondunun vitse-prezidenti, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyeva Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığın möhkəmlənməsi, iqtisadi əlaqələrin inkişafı, rus dili və mədəniyyətinin qorunması və yayılmasındakı böyük xidmətlərinə görə Puşkin medalı ilə təltif olunmuşdur.

Rusiya Prezidenti Vladimir Putin Leyla Əliyevaya Puşkin medalını və gül dəstəsini təqdim etmiş və onu ürəkdən təbrik etmişdir. Leyla Əliyeva Rusiya dövlətinin başçısını Xalqın Birliyi günü münasibəti ilə təbrik etmiş və onun fəaliyyətinə verdiyi belə yüksək qiymətə görə təşəkkürünü bildirmişdir. O, həmçinin demişdir: “Mənim üçün Rusiya Federasiyasının dövlət mükafatı – Puşkin medalı ilə təltif olunmaq böyük şərəfdir. Bakının mərkəzində böyük rus mədəniyyəti, ədəbiyyatı və incəsənətinə dərin hörmət əlaməti olaraq dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin şərəfinə abidə ucalmışdır. Rusiya-Azərbaycan münasibətləri dərin tarixi köklərə malikdir və bu gün də uğurla inkişaf edir. Humanitar sahədə əməkdaşlıq bizim ikitərəfli münasibətlərimizin ayrılmaz hissəsidir. Azərbaycanda rus dilində təhsil tam şəkildə saxlanılıb, 300-dən artıq rusdilli məktəb fəaliyyət göstərir. Həmçinin Slavyan Dövlət Universiteti, Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərirlər. Bu yaxınlarda isə Seçenov adına Moskva Dövlət Tibb Universitetinin xaricdə fəaliyyət göstərən ilk filialı öz qapılarını açmışdır. Azərbaycan xalqı Rusiya ilə humanitar və mədəni əməkdaşlığa böyük dəyər verir. Mən şadam ki, ölkələrimiz arasında dostluq və mehriban qonşuluq əlaqələrinin möhkəmlənməsinə öz cüzi töhfəmi vermişəm. Bir daha, Sizə, hörmətli Vladimir Vladimiroviç, belə yüksək mükafata görə dərin minnətdarlığımı bildirirəm və mənim üçün onu Sizin əlinizdən almaq olduqca dəyərlidir. Sizə, bütün Rusiya xalqına xoşbəxtlik, əminamanlıq və sülh arzu edirəm. Sağ olun”.

Tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu iştirak etmişdir.

Arxiv üzrə axtarış