2015-11-05

5 noyabr 2015-ci il tarixində Voloqda şəhərinin orden ilə təltif olunması münasibəti ilə xatirə lövhəsinin açılışı mərasimi olmuşdur

1983-cü ildə SSRİ Nazirlər Şurası sədrinin 1-ci müavini, Siyasi büronun üzvü, 2 dəfə Sosialist Əməyi qəhrəmanı Heydər Əliyev Voloqda şəhərinə Oktyabr İnqilabı ordenini təqdim etmək üçün həmin şəhərə səfər etmişdir. Səfər zamanı Heydər Əliyev bir sıra müəsissələrə baş çəkmiş, yaxındakı rayonlarda olmuş, təntənəli şəhər yığıncağında iştirak etmiş, Oktyabr İnqilabı ordenini şəhər bayrağına vurmuş və Oktyabr bağında ağac əkmişdir.    

5 noyabr 2015-ci il tarixində Voloqda şəhərinin orden ilə təltif olunması münasibəti ilə xatirə lövhəsinin açılışı mərasimi olmuşdur.

Sözügedən tədbirə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu gəlmişdir.

Voloqda şəhər administrasiyasının binasında mərmər xatirə lövhəsinin açılışında şəhər meri Yevgeni Şulepov çıxış etmişdir.

Öz çıxışında o, Voloqda şəhərinin Sovet İttifaqının ali mükafatlarından olan Oktyabr İnqilabı ordeninə Böyük Vətən müharibəsindəki Qələbəyə verdiyi töhfəyə görə mükafatlandırıldığını demişdir. Yevgeni Şulepov bildirmişdir ki, bu ali mükafatı şəhərə görkəmli Sovet və Azərbaycan siyasi xadimi Heydər Əliyev təqdim etmişdir. Həmçinin o, Sovet İttifaqının bütün sənaye potensialına rəhbərlik edən bir insan kimi Heydər Əliyevin Voloqdanın inkişafı üçün bir çox mühüm qərarlar verdiyini vurğulamışdır. Burada yeni küçələr, yeni məktəblər və uşaq baxçaları tikilmiş, sənaye istehsalı genişlənmiş, onun dəstəyinə görə şəhər inkişaf etmişdir. 

Azərbaycanın Rusiyadakı Səfiri Polad Bülbüloğlu tədbirə gələn qonaqları salamlamış və Azərbaycanın görkəmli oğlu Heydər Əliyevin xatirəsinə olan hörmət və ehtirama görə minnətdarlığını bildirmişdir. Səfir həmçinin söyləmişdir: “Heydər Əliyev Siyasi Büronun üzvü, SSRİ Nazirlər Şurası sədrinin 1-ci müavini idi və burada deyildiyi kimi, o, çoxlu sayda məsələləri həll edirdi, çoxlu sahələrə nəzarət edirdi ki, bunlar onun bilavasitə müdaxiləsinə görə sürətlə inkişaf olunurdu. Biz bir ölkədə yaşayıb hamımız bu ölkə naminə işləyirdik. İndi biz müxtəlif ölkələrdə yaşayırıq. Olduqca xoşdur ki, mənəvi birliyimiz, humanitar əlaqələrimiz dağılmayıb, itirilməyib, inkişaf etməyə davam edirlər. Bu gün Voloqdada xatirə lövhəsinin açılması, Heydər Əlirza oğlu Əliyevin bura gəlməsinin yad olunması, bütün bunlar mənəvi əlaqələrimizin kəsilməz olduğunu göstərir.” Polad Bülbüloğlu vurğuladı ki, Voloqdada Ümummilli liderimiz Heydər Əliyevə istiqanlı münasibət azərbaycanlılar tərəfindən minnətdarlıqla qəbul olunur.

Çıxış edən Voloqda şəhərinin fəxri sakini, Voloqdaya yüksək mükafatın təqdim edilməsinə həsr olunmuş 2 iyul 1983-cü il tarixli təntənəli iclasın iştirakçısı Aleksey Plexanov qeyd etdi ki, həmin əlamətdar gündən düz 33 il ötmüşdür. O, həmin tədbirə necə hazırlıq işlərinin görüldüyü, bugünkü mərasimdə təmsil olunmuş şəxslərdən xeyli sayda insanların bilavasitə 1983-cü ildəki tədbirdə iştirak etdiyi, Voloqdaya səfər zamanı Heydər Əliyevi müşayiət etdiyi barədə xatirələrlə bölüşmüşdür. Şəhərin inkişafı və çiçəklənməsində Heydər Əliyevin rolunu xüsusilə qeyd edən Aleksey Plexanov vurğulamışdır ki, o zaman Oktyabr bağında Heydən Əliyev tərəfindən əkilmiş ağac bu gün nəhəng ağaca çevrilmişdir. Həmin ağac əsrlər boyu daha da böyüyərək Azərbaycan və Rusiya xalqlarını, bizim iki dövlətimizi birləşdirən dostluğun əyani sübutu olacaqdır. Aleksey Plexanov həmçinin demişdir ki, gənc nəslin tərbiyə edilməsi üçün belə tədbirlər böyük əhəmiyyət kəsb edir.

Voloqdaya səfəri çərçivəsində Azərbaycanın Rusiyadakı Səfiri Kreml meydanını və Heydər Əliyevin ağac əkdiyi parkı ziyarət etmişdir. Hal-hazırda həmin ağacın önündə müvafiq yaddaş yazısı ilə kiçik lövhə quraşdırılmışdır. Burada Polad Bülbüloğlu Azərbaycan diasporunun təmsilçiləri ilə görüşüb yerli KİV-ə müsahibə vermişdir. Həmin müsahibədə o qeyd etmişdir ki, Oktyabr İnqilabı ordeninin SSRİ-də əhəmiyyətə görə ikinci mükafat idi və həmin ordenin təqdim edilməsi məqsədilə Siyasi Büronun üzvü, Nazirlər Şurası sədrinin birinci müavini Heydər Əliyevin gəlməsi Sovet İttifaqının ali siyasi rəhbərliyinin Voloqdaya bəslənilən münasibətinin bariz göstəricisi idi. Səfir o cümlədən demişdir: “Heydər Əlirza oğlu Əliyev unikal insan idi və digər insanların tələbatlarına böyük diqqətlə yanaşırdı. Heydər Əliyev haqqında çoxlu səmimi ifadələr, öz səfərindən sonra şəhərin daha da inkişaf etdirilməsi üçün böyük işlər gördüyü haqqında sözlər eşitmək mənim üçün xoş idi. Bu onun xarakteri, insanların rifah səviyyəsinin qaldırılması niyyəti, rəhbər kimi səmərəliliyi barəsində parlaq səciyyələndirici misaldır.” Yekun olaraq Polad Bülbüloğlu Heydər Əliyev haqqında əziz xatirəsini qoruyub saxladıqları üçün Voloqda sakinlərinə bir daha öz minnətdarlığını bildirmişdir.

Arxiv üzrə axtarış