Cari ilin 19 aprel tarixində Moskvada Avrasiya ölkələri parlament sədrlərinin birinci müşavirəsi keçirilmişdir.
Cari ilin 19 aprel tarixində Moskvada Koreya Respublikası parlamentinin sədri Çon Iy Hva və Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin təşəbbüsü ilə Avrasiya ölkələri parlament sədrlərinin birinci müşavirəsi keçirilmişdir. Tədbirdə Sergey Narışkinin dəvəti ilə iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov çıxış etmişdir. Böyük maraq və diqqətlə qarşılanan çıxışda Milli Məclisin sədri aprel ayının əvvəlində baş verən hadisələrin kövrək atəşkəs rejiminə ümid etməyin nə qədər yanlış olduğunu bir daha sübut etdiyini vurğuladı. Oqtay Əsədov bu məsələdə beynəlxalq birliyin, nəhayət, öz qəti sözünü deməli və münaqişəyə beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsipləri, xüsusən də dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həllini tapmalı olduğuna əminliyini ifadə etdi.
Azərbaycan parlamentinin sədri dünyanın maliyyə böhranı, terrorçuluq, iqlim dəyişiklikləri, ərzaq və enerji təhlükəsizliyi kimi problemlərlə üz-üzə qaldığını və bu problemlərin həlli üçün dövlətlərarası əməkdaşlığın alternativinin olmadığını diqqətə çatdırıb. Parlamentlərarası dialoqun keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyasının əhəmiyyətini xüsusi qeyd edən Oqtay Əsədov bildirib ki, parlamentlərarası əməkdaşlıq Avrasiya regionunda mövcud münaqişələrdən çıxış yollarının tapılmasına kömək edəcək.
Milli Məclisin sədri Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycan ərazilərinin 20 faizinin işğal olunduğunu, etnik təmizləmə aparıldığını, Ermənistan ərazisindən və Azərbaycanın işğal olunmuş torpaqlarından 1 milyon dinc sakinin qovulduğunu, BMT Təhlükəsizlik Şurasının, BMT Baş Məclisinin və digər mötəbər beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən sənədlər qəbul etdiyini müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
Milli Məclisin sədri deyib: “Münaqişənin nizama salınması ilə məşğul olan ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçıları dəfələrlə bəyan ediblər ki, mövcud status-kvo qəbuledilməzdir, dəyişilməlidir və məsələ tezliklə öz həllini tapmalıdır. Həmsədrlərin irəli sürdükləri və Azərbaycan tərəfindən qəbul edilmiş Madrid prinsipləri də münaqişənin nizama salınmasına yönəldilib. Təəssüf ki, münaqişənin həll edilməsi üçün indiyədək göstərilən beynəlxalq səylər Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi üzündən heç bir səmərə vermir. Hər kəsə aydın olmalıdır ki, vəziyyətin bu cür qalması, münaqişənin nizama salınmaması nəinki Cənubi Qafqaz regionunda, həm də bütün dünyada sülh və sabitlik üçün təhlükə törədir. Bunu aprel ayının əvvəlində cəbhə xəttində baş vermiş hadisələr bir daha sübut edir. Ermənistan silahlı qüvvələri növbəti silahlı təxribata əl ataraq cəbhə xətti boyunca yerləşən yaşayış məntəqələrini güclü atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri dinc sakinlərin təhlükəsizliyini təmin etmək üçün cavab tədbirləri görməyə məcbur olub. Genişmiqyaslı hərbi əməliyyatlar çoxsaylı insan tələfatına və dağıntılara gətirib çıxarıb. Pozulmuş atəşkəs rejimi Rusiyanın vasitəçiliyi sayəsində bərpa edilib”.
Müşavirədə BMT-nin Baş katibi Pan Gi Munun və Rusiya Prezidenti Vladimir Putinin müraciətləri səsləndirilib.
Görüşün başlıca mövzusu XXI əsrdə Avrasiya regionu ölkələrinin birgə rifahı naminə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsidir. Bundan əlavə, tədbirdə iqtisadi, siyasi, humanitar, hüquqi sahələrdə əməkdaşlığı genişləndirmək məqsədilə parlamentlərarası dialoqun inkişaf etdirilməsi, regionda sülhün və sabitliyin möhkəmləndirilməsi, ekstremizmlə mübarizə, konfessiyalararası dialoqun gücləndirilməsi və digər məsələlər də müzakirə olunan mövzular sırasında olmuşdur.