2016-06-24

Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində rəsmi ziyafət təşkil edilmişdir

24 iyun 2016-cı il tarixində Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində rəsmi ziyafət təşkil edilmişdir.

Mərasim Səfirliyin foyesində quraşdırılmış xalqımızın ümummilli lideri Heydər Əliyevin barelyefi önünə tər-çiçəklərin qoyulması və Azərbaycan və Rusiyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlamışdır.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu qonaqları salamlayaraq, ölkəmiz üçün Silahlı Qüvvələr Gününün ümdə əhəmiyyət daşıdığını vurğuladı. Səfir qeyd etdi ki, SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa etmiş dövlətimizin o dövrdə nizami orduya malik olmaması səbəbindən Azərbaycana qarşı edilmiş hərbi təcavüz nəticəsində torpaqlarımız işğal olundu. Məhz bu baxımdan ölkəmizin həyatında güclü ordunun müstəsna yer tutduğunu deyərək, Silahlı Qüvvələrin formalaşdırılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əvəzsiz rol oynadığını qeyd etdi.

Bu gün də Prezident İlham Əliyevin ali rəhbərliyi altında Silahlı Qüvvələrimizin xeyli inkişaf yolu keçdiyini, Cənubi Qafqaz bölgəsində aparıcı hərbi qüvvəyə çevrildiyini bildirən Polad Bülbüloğlu, hal-hazırda Azərbaycan Ordusu qarşısında qoyula biləcək vəzifələrin öhdəsindən gəlməyə qadir olduğunu söylədi. Burada cari ilin aprel ayının əvvəlində erməni işğalçıları tərəfindən təmas xətti boyunca Azərbaycanın mülki əhali və obyektlərinə qarşı açılmış artilleriya atəşini, o cümlədən beynəlxalq konvensiyaların qadağan etdiyi ağ fosfor mərmilərindən istifadəni, eləcə də onların etdiyi hücum cəhdlərinin Silahlı Qüvvələrimiz tərəfindən qarşısının alınması və cəmi dörd gün ərzində susdurulmasını, düşmənə dağıdıcı zərbə endirərək əks-hücuma keçməsi nəticəsində müəyyən strateji yüksəkliklərin azad olunmasını misal gətirdi.

Azərbaycan dövlətinin Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla, diplomatik vasitələr sayəsində nizama salınmasına ümidvar olduğunu bildirərək, ölkəmizin Səfiri iyunun 20-də Rusiya Prezidentinin təşəbbüsü ilə Sankt-Peterburqda keçirilmiş üçtərəfli danışıqlarının müəyyən nikbinlik üçün zəmin yaratdığını dedi və bu prosesdə Rusiyanın xüsusi rolunu önə çəkdi.

Səfir Polad Bülbüloğlu hərbi potensialımızın daha da inkişaf etdirilməsi naminə Azərbaycanın müxtəlif ölkələrlə, o cümlədən Rusiya Federasiyası ilə iri həcmli hərbi-texniki əməkdaşlıq etdiyini qeyd etdi. Nəticədə Azərbaycanın bütün lazımi vasitələrdən istifadə edərək ona qarşı edilmiş təcavüzə son qoya biləcəyinə və işğal olunmuş torpaqlarımızın azad olunacağına dair əminliyini ifadə etdi.

Sonra Səfirliyin hərbi attaşesi polkovnik Rac Babayev Azərbaycan Silahlı Qüvvələrinin tarixi ənənələrə arxalandığını qeyd etdi. O, bugünkü Azərbaycan Ordusunun məhz döyüş ordusu olması ilə fəxr etdiyini və Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə müasirləşən və güclənən Silahlı Qüvvələrimizin Ali Baş Komandan tərəfindən veriləcək bütün əmrlərin yerinə yetirməsinə tam hazır olduğunu vurğuladı.

Rac Babayev aprel döyüşləri zamanı ölkəmizin Silahlı Qüvvələrinin yalnız məhdud sayda olan heyətindən istifadə olunmaqla işğalçıların təmas xəttində 20 il ərzində yaratdığı möhkəmləndirilmiş səddin yarılması və taktiki dərinlikdə öz qabiliyyətinin məharətlə nümayiş etdirilməsini qeyd etdi. Bunun isə müasir Azərbaycan Ordusunun geniş əməliyyat məkanına çıxacağı təqdirdə nəyə qadir olacağına işarə olduğunu deyən hərbi attaşe, Silahlı Qüvvələrimizin bayramının yüksək hazırlıq səviyyəsində qeyd olunmasından fəxr duyduğunu söyləmişdir.

Tədbirdə Rusiya Müdafiə Nazirliyi və Silahlı Qüvvələrinin, Azərbaycanla hərbi-texniki əməkdaşlığa məsul olan qurumlarının yüksək rütbəli nümayəndələri, generallar, bu ölkənin Xarici İşlər Nazirliyinin məsul əməkdaşları iştirak etmişdirlər. Tədbirdə həmçinin Moskvada akkreditə olunan diplomatik və hərbi attaşelər korpusu geniş təmsil olunmuşdur.  

Arxiv üzrə axtarış