18 oktyabr 2016-cı il tarixində təntənəli qəbulda Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu məruzə ilə çıxış etmişdir
18 oktyabr 2016-cı il tarixində Azərbaycanın Rusiyadakı Səfirliyində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu məruzə ilə çıxış etmişdir.
Çıxışı zamanı Azərbaycanın Səfiri demişdir:
«Əziz həmvətənlərim! Xanımlar və cənablar!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu günün bayram kimi qeyd edilməsi haqqında sərəncam imzalayıb və bu sərəncama əsasən, biz sizləri Səfirliyə dəvət etmişik. İlk əvvəl ümummilli liderimiz Heydər Əliyevin söylədiyinə istinadən, XX əsrdə xalqımızın ən dəyərli tarixi nailiyyəti olan Dövlət müstəqilliyimizin bərpa olunmasının iyirmi beşinci ildönümü münasibətilə hamınızı səmimi qəlbdən təbrik edirəm.
Hörmətli xanımlar və cənablar!
18 oktyabr 1991-ci il tarixində Azərbaycan parlamenti “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktını təsdiq etmişdir. Bu qərar əslində ölkədə vəziyyətə nəzarəti itirən SSRİ rəhbərliyinin hər hansı bir mühüm məsələni həll etmək iqtidarında olmadığı, hətta Ermənistan-Azərbaycan münaqişəsinin sürətlə kəskinləşməsinə səbəb olan erməni millətçilərinin ərazi iddialarının qarşısının alınmadığı mürəkkəb şəraitdə qəbul edilmişdir. Faktiki olaraq, Azərbaycan Sovet İttifaqının dağılmasına səbəb olan ağır sistem böhranıyla üz-üzə qalmışdı. Bu çətin vəziyyət Dağlıq Qarabağ və ətraf rayonların işğalı məqsədilə Ermənistan tərəfindən aparılan hərbi təcavüz nəticəsində daha da ağırlaşmışdır. Qısa müddət ərzində Azərbaycan son həddə çatdırılmışdır. Bu böhranlı zamanda demək olar ki, vətəndaş müharibəsi başladı.
1993-cü ilin iyun günlərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıdaraq Azərbaycanı parçalanmadan xilas etdi və qaçılmaz fəlakətin qarşısını aldı. Zəngin siyasi təcrübə, böyük nüfuz, möhkəm iradə və qətiyyət bizim müstəqil dövlətçiliyimizin məhvi təhlükəsinə səbəb ola biləcək problemləri qısa müddətdə həll etməyə ona imkan yaratdı.
Ermənistanın təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20% ərazisinin işğal olunduğu, 1 milyon azərbaycanlının öz doğma torpağında qaçqına çevrildiyi son dərəcə çətin şəraitdə Heydər Əliyev tərəfindən dövlət və hökumət böhranına son qoyulmuşdur. Azərbaycan beynəlxalq arenada layiqli yer tutdu və sabit inkişaf yoluna inamla çıxdı. Regionun konfiqurasiyasını dəyişən “Əsrin müqaviləsi” imzalandı.
İllər ərzində bizim ölkəmiz dünyada ÜDM-nin ən böyük illik artım tempini nümayiş etdirib. Lakin növbəti illərdə də, dünya iqtisadiyyatında böhranın olmasına baxmayaraq, biz milli iqtisadiyyatın davamlı inkişafını təmin edə bildik.
Prezident İlham Əliyevin rəhbərliyi altında bügünki Azərbaycan dünya və regional siyasətin getdikcə daha əhəmiyyətli amilinə çevrilir. Bunun isə, hər şeydən əvvəl, obyektiv səbəbləri vardır: daxili siyasi sabitlik, davamlı iqtisadi inkişaf, çoxşaxəli xarici siyasətin inkişafı.
Azərbaycan xarici ölkələrlə əməkdaşlıq qurarkən qonşularla həm ikitərəfli, həm də çoxtərəfli istiqamətdə qarşılıqlı əsasda faydalı münasibətlərin hərtəfərli inkişafına xüsusi diqqət ayırır. Coğrafi mövqe və iqtisadi potensialına görə bizim ölkəmiz Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində mühüm birləşdirici amil rolunu oynayır. Bu istiqamətdə Rusiya-Azərbaycan-Türkiyə və Rusiya-Azərbaycan-İran üçtərəfli əməkdaşlıq formatının perspektivləri fəal inkişaf edir.
Mehriban qonşuluq və əməkdaşlıq ənənəsinə sadiq olan Azərbaycan Qafqaz və Xəzər regionunun gələcək inkişafına öz əhəmiyyətli töhfəsini vermək, sülh və stabilliyi təmin etmək, gələcək tərəqqi üçün əlverişli şərait yaratmaq hədəfini seçmişdir.
Burada xüsusi olaraq bizim xarici siyasətimizin Rusiya vektorununun əhəmiyyətini qeyd etmək istərdim. Azərbaycan və Rusiya inkişafı yalnız iki ölkənin qarşılıqlı faydası üçün deyil, eyni zamanda bütün regiona sabitləşdirici təsir göstərən strateji tərəfdaşlıq münasibətləri ilə bağlıdırlar.
Lakin regionda əməkdaşlığın potensialının tam açılması üçün ona maneə olan amilləri aradan qaldırmaq lazımdır. Ölkəmizin ərazilərinin işğal edilməsi, Azərbaycanın zəbt olunmuş rayonlarından erməni silahlı qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılması haqqında BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinin həyata keçirilməməsi regionda və ümumiyyətlə ATƏT məkanında sabitliyi pozan və sülhə təhlükə yaradan əsas amildir.
Bizim ölkəmiz münaqişənin beynəlxalq hüquq çərçivəsində danışıqlar və sülh yolu ilə həllinin tərəfdarıdır. Bu səbəbdən də biz, dünya birliyinin məsul üzvləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə bağlı prinsipial mövqe nümayiş etdirilməsinə ümid edirik. Burada xüsusi rol, sözsüz ki, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədri və Cənubi Qafqazla həm coğrafi, həm də tarixi sıx bağlı olan Rusiya Federasiyasına məxsusdur.
Bununla yanaşı, biz xarici təcavüzdən özünümüdafiə və qorunma kimi hüququmuzu reallaşdırmaq üçün lazımi istənilən tədbirləri həyata keçirməyə hazır olmalıyıq. Bu ədalətli mübarizədə dövlət, cəmiyyət və hər bir şəxs həmrəy olmalıdır. Bizim diaspora nümayəndələri də öz nüfuz və imkanlarından istifadə edərək Azərbaycan həqiqətlərinin və işğal olunmuş torpaqların tezliklə azad edilməsi prosesinin başlamasının zəruriliyi haqqında ictimaiyyəti məlumatlandırmaq üçün yorulmadan, daha fəal iş aparmalıdırlar.
Bu ilin aprel ayında öz cəzasızlığına əmin olan düşmən təmas xətti boyunca dinc kəndləri kütləvi artilleriya atəşinə tutaraq növbəti genişmiqyaslı təxribat həyata keçirməyə cəhd etdi. Lakin bizim Silahlı Qüvvələrimiz dörd gün ərzində işğalçılara elə zərbə endirdilər ki, onlar bu günə qədər özlərinə gələ bilmirlər. Azərbaycan ordusu sübut etdi ki, dövlətin əlində əsas vasitələrdən biri olmaqla yanaşı, eyni zamanda öz inkişafında böyül yol keçmişdir və bu gün Ali Baş Komandanın hər bir tapşırığını hər bir əmrini yerinə yetirməyə qadirdir. Bütün azərbaycan xalqı Azərbaycanın dövlət bayrağının Şuşada dalğalancağı günü gözləyir!
Əslində, bu gün məhz Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmamış qalması bizim ölkəmizin qarşısında duran əsas çağırış olaraq qalmaqda davam edir. Lakin buna baxmayaraq bizim ölkəmiz əmin addımlarla inkişaf etməkdə davam edir, Azərbaycanda müasir dünyanın siyasi və iqtisadi reallıqlarına uyğunlaşmaq üçün böyük dəyişikliklər həyata keçirilir. Azərbaycan xalqı dəyişməz olaraq Prezident İlham Əliyevin siyasətinə etimad göstərir. Bunun son əyani sübutu kimi cari ilin 26 sentyabr tarixində Azərbaycan Respublikasının Konstitusiyasına dəyişiklikllər və əlavələrin edilməsi məqsədilə keçirilmiş referendumda vətəndaşlar ölkə Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüsləri qətiyyətlə dəstəklədilər.
Son 25 ilə nəzər saldıqda, əyani olaraq əmin oluruq ki, müstəqilliyinin hər yeni ildönümünə Azərbaycan daha güclü və möhkəmlənmiş olaraq çatır, onun regionda və dünyada olan nüfuzu isə durmadan artır. Belə ki, müstəqilliyin iyirminci ildönümündən sonrakı beş il ərzində ölkəmiz 2012-2013-cü illərdə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmuşdur. Həm də nəzərə almaq lazımdır ki, dünyanın taleyini müəyyən edən bu əsas orqana bizim seçilməmiz 155 ölkə tərəfindən dəstəklənmişdir.
Hər il ölkəmizdə çoxlu sayda siyasi, iqtisadi, humanitar və idman sahələrini əhatə edən beynəlxalq sammitlər və forumlar keçirilir. 2012-ci ildə Bakıda təşkil olunan “Avroviziya” müsabiqəsi dünya arenasında Azərbaycanı və onun mədəniyyəti genişmiqyasda təqdim etməyə imkan yaradan bayram oldu. 2015-ci ildə isə ilk dəfə olaraq Birinci Avropa oyunlarının Bakıda yüksək səviyyədə keçirilməsi ilə yadda qaldı. Bu ilin aprel ayında Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu qəbul, iyunda isə tanınmış və çox məşhur avtomobil yarışı olan “Formula-1” təşkil etmişdir.
Xüsusi olaraq Azərbaycan və Rusiya Prezidentlərinin himayəsi altında təşkil olunan və artıq ənənəvi hal almış Bakı Beynəlxalq Humanitar Forumunu qeyd etmək istərdim. Hər dəfə müxtəlif sahələr üzrə Nobel mükafatı laureatlarının, siyasi xadimlərin və görkəmli alimlərin iştirak etdiyi dünya miqyaslı bu əlamətdar tədbirdə Rusiyadan olan nümayəndə heyəti çoxluq təşkil edir. Bir qayda olaraq, Rusiya nümayəndə heyəti yüksək səviyyədə təmsil olunur. Belə ki, keçən Forumda Federasiya Şurasının spikeri Valentina İvanovna Matviyenko, bu il isə hökumət sədrinin müavini Olqa Yurevna Qolodeç iştirak etmişdirlər. Bu heç də təsadüfi deyil. Azərbaycan və Rusiya yalnız coğrafi qonşuluqla deyil, həmçinin ortaq tarixi keçmişlə, insani bağlarla, bizim ümumi məkanda sülh və sabitliyin qorunub saxlanılması maraqları ilə də bağlıdırlar. Bütün bunlar bizim xalqların dostluğuna xidmət edən mehriban qonşuluq əlaqələrinin obyektiv əsasını təşkil edir.
Müstəqil inkişafının 25 ili ərzində Azərbaycan bir dövlət kimi öz varlığını sübut edə bildi və ümumi rifaha nail olmaq naminə beynəlxalq həmrəyliyin ali prinsiplərinə sadiqliyini nümayiş etdirdi. Bu səbəbdən də qeyd etmək istərdim ki, Azərbaycanın uğurları bütün xoşməramlı insanların sülh və ədalətli dünya nizamı uğrunda mübarizəsinə töhfədir. Əminəm ki, qarşıdan bizi yeni şanlı nəaliyyətlər və yüksək müvəffəqiyyətlər gözləyir.
Sözümü Ulu öndərimiz Heydər Əliyevin digər bir məşhur kəlməsi ilə tamamlamaq istərdim: “Müstəqilliyimiz əbədidir, sarsılmazdır və dönməzdir”.
Dövlət müstəqilliyi Günümüz mübarək!