2016-12-14

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfat olmasının ildönümünə həsr olunmuş mərasim təşkil edilmişdir

Hər il olduğu kimi, cari ildə də Səfirlik tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfat olmasının ildönümünə həsr olunmuş mərasim təşkil edilmişdir.

12 dekabr tarixində bu ənənəvi tədbirdə iştirak etmək üçün Səfirliyə gələnlərin sırasında Rusiya Prezidentinin Administrasiyası, Dövlət Duması, Xarici İşlər Nazirliyi, Moskva şəhərinin Duması, digər dövlət qurumlarının rəhbərliyini təmsil edən rəsmi şəxslər, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin və Rusiyanın Azərbaycan Gəncləri Birliyinin məsul əməkdaşları, görkəmli ictimai-siyasi və incəsənət xadimləri, o cümlədən Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Gennadi Zyuqanov, Rusiya Rəssamlıq Akademiyasının prezidenti, dünya şöhrətli heykəltəraş Zurab Tsereteli, SSRİ-i xalq artisti İosif Kobzon, habelə Heydər Əliyevlə müxtəlif dövrlərdə çalışmış sabiq rəsmilər, jurnalistlər, diasporumuzun tanınmış simaları, ziyalılar, Rusiyada akkreditə olunan diplomatik korpusun nümayəndələri və digər qurumların təmsilçiləri olmuşdurlar.

Əvvəlcə tədbir iştirakçıları Səfirliyin binasındakı Heydər Əliyevin xatirə barelyefi qarşısında əklil və gül-çiçəklər qoymuşdurlar.

Mərasimi açan Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu qonaqları səmimi qəlbdən salamlamış və Səfirlikdə ildə iki dəfə – Azərbaycan xalqının ümummilli liderinin ad günü və vəfat olması günü – onun əziz xatirəsinə həsr olunmuş tədbirlərin keçirilməsinin mənəvi borcumuz olduğunu bildirdi. Səfir böyük Qafqaz şairi Rəsul Həmzətovun misrasına istinadən söylədi ki, bizim üçün Heydər Əliyevi yada salmağa ehtiyac yoxdur, çünki biz onu heç vaxt unutmuruq. Əslində Ulu öndərimiz cismən bu dünyanı tərk etsə də, ruhən həmişə bizim qəlblərimizdə qalır.

Polad Bülbüloğlu Heydər Əliyevin onun həyatında müstəsna rol oynadığını qeyd edərək, musiqiçi, incəsənət xadimi kimi formalaşmağının ümummilli liderin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrə təsadüf etdiyini söylədi. Sonralar da Mədəniyyət naziri qismində on il Heydər Əliyevin Hökumətində çalışması böyük məktəb olduğunu vurğuladı. 1993-cü ildən sonra məhz Ulu öndərimizin məharətli rəhbərliyi, müdrikliyi və dühası sayəsində Azərbaycanın necə böyük təhlükələrdən qurtardığının, müasir inkişaf edən ölkəyə çevrildiyinin birbaşa şahidi olduğunu dedi. 

Çıxışının sonunda Azərbaycanın Səfiri bir daha vurğuladı ki, Heydər Əliyevin şəxsiyyəti əbədidir və o, dünyada Azərbaycan və azərbaycanlılar mövcud olduqca həmişə yaşayacaqdır.

Şimali Osetiya – Alaniya Respublikasının sabiq prezidenti, hal-hazırda Rusiya Federasiyasının UNESCO məsələləri üzrə Komissiyasının sədr müavini Aleksandr Dzasoxov Heydər Əliyevin dünya tarixindəki nadir liderlərdən olduğunu, öz xalqına sevgisi, misilsiz siyasi iradə və strateji baxış qabiliyyəti ilə seçildiyini qeyd etmişdir. Heydər Əliyevlə vidalaşmasının ağır anlarını yada salaraq, o, bugünkü Azərbaycanda onun ruhunun yaşadığını söyləmişdir.

Hələ 1970-ci illərdə Bakının “Sovet Şərqinin paytaxtı”na çevrildiyini, bir çox xarici ölkələrin nümayəndələri tərəfindən Azərbaycanın təcrübəsinə maraq göstərildiyini, müxtəlif yüksək səviyyəli beynəlxalq forumların təşkil edildiyini yada salan Aleksandr Dzasoxov bugünkü müstəqil Azərbaycanın da bu ənənəyə sadiq qaldığını demişdir. Heydər Əliyevin əsasını qoyduğu möhkəm təməl üzərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin öz ölkəsinin mahir rəhbərinə çevrildiyini, strateji inkişafı təmin etdiyini və müasir dövrün layiqli dövlət lideri kimi nüfuz qazandığını söyləyərək, komissiya sədrinin müavini mürəkkəb geosiyasi vəziyyətdə yerləşən Azərbaycanın sabit tərəqqisinə sevindiyini və bunun Heydər Əliyev missiyasının davamçısı olan Prezident İlham Əliyevin əməyinin nəticəsi olduğunu bəyan etmişdir.

Rusiya Federasiyasının Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Gennadi Zyuqanov öz təəssüratları ilə bölüşərək, Heydər Əliyevin Moskvada SovİKP-də çalışdığı dövrdə onun yüksək natiqlik qabiliyyəti və işə yüksək peşəkarlıqla yanaşmasının şahidi olduğunu qeyd etmişdir. SSRİ-nin süqutundan sonra Azərbaycan xalqının məhz Heydər Əliyevə müraciət edərək onun ölkə rəhbərliyinə yenidən dəvət edilməsinin nə qədər düzgün addım olduğu barədə danışarkən, Gennadi Zyuqanov 1990-cı illərin əvvəlində daxili silahlı münaqişə və çaxnaşma vəziyyətinə düşmüş Azərbaycanda məhz Heydər Əliyevin səyləri sayəsində sabitliyin bərpa olunduğunu vurğulamışdır. O, Ulu öndərimizin Azərbaycan rus icmasının təhlükəsizliyinin zamini olaraq şəxsən çıxış etdiyini də məmnuniyyətlə yada salmışdır.

Bugünkü Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən olan onun paytaxtı Bakının heyranedici inkişafının şahidi olan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri ölkəmizin Rusiya ilə sıx əməkdaşlıq etdiyini, tarixi ənənələrə sadiq qaldığını yüksək qiymətləndirərək, Prezident İlham Əliyevin rəhbərliyi altında iki ölkə arasında dostluğun davam olunacağına dair əminlik ifadə etmişdir.

Rusiya Federasiyası Prezidentinin Mərkəzi federal dairədə səlahiyyətli nümayəndəsi Aleksandr Beqlov ölkəmizin hər zaman beynəlmiləl ab-havası ilə seçildiyini, hələ XX əsrin əvvəllərindən etibarən şəhərimizə rus ədəbiyyatı və incəsənəti korifeylərinin gəldiyini yada salaraq, Heydər Əliyevin Azərbaycanın bu xüsusiyyətinə yüksək qiymət verdiyini və beynəlmiləlçiliyi qoruduğunu qeyd etmişdir.

Ulu öndərimizin onunla ünsiyyətdə olanlara böyük örnək olduğu, cəmi bir neçə sözlə müdrik nəsihət verərək, qarşıdakıları müsbətə doğru dəyişmək qabiliyyətini xüsusilə qeyd etmişdir. Rusiya Prezidentinin nümayəndəsi Heydər Əliyevin şəxsən onun üçün müəllim olduğunu və Ulu öndərimizin əziz xatirəsinin həmişə qəlbində daşıdığını söyləmişdir.

Dövlət Dumasının Beynəlxalq məsələlər üzrə Komitəsinin sədri Leonid Slutski müasir Azərbaycan dövlətinin banisi olan Heydər Əliyev adının Azərbaycan adı ilə ayrılmaz olduğunu vurğulamışdır. O, bu gün Rusiyada qüdrətli tərəfdaşa çevrilmiş Azərbaycanın, şəxsən Prezident İlham Əliyevin uğurlarına sevindiklərini, iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiq qaldıqlarını və bu istiqamətdə səylər göstərəcəklərini bildirmişdir.

Tədbirin bütün iştirakçıları Ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərini yada salaraq, onun əməyinin məhsulu olan müasir Azərbaycan Respublikasına yeni-yeni nailiyyətlər diləmişdirlər.

Böyük uğurla keçən tədbir Azərbaycan televiziya kanalları, “AzərTAc”, Moskvada fəaliyyət göstərən “Vestnik Kavkaza” informasiya portalı və digər KİV orqanları tərəfindən geniş işıqlandırılmışdır.

 

1 1 1

1 1 1

1 1 1

1 1 1

1 1

Arxiv üzrə axtarış