Bəzi Azərbaycan KİV-də yayılmış məlumata əsasən, güya Dağıstan Respublikasının Federal Miqrasiya xidməti idarəsi tərəfindən 300-dən artıq azərbaycanlı saxlanılmışdır
Bəzi Azərbaycan KİV-də yayılmış məlumata əsasən, güya Dağıstan Respublikasının Federal Miqrasiya xidməti idarəsi tərəfindən 300-dən artıq azərbaycanlı saxlanılmışdır. Məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi Rusiya Federasiyasının aidiyyatı qurumlarına müraciət etmişdir.
Dağıstan Respublikasının Daxili İşlər Nazirliyinin məlumatına görə, həqiqətən də cari ilin 9 fevral tarixində Dağıstan Respublikasının Federal Miqrasiya Xidməti Dərbənd şəhərindəki tikinti obyektlərində həyata keçirdiyi reydlər nəticəsində Rusiya ərazisində yaşamaq və əmək fəaliyyəti ilə məşqul olmaq üçün müvafiq icazələri olmayan 185 nəfər saxlanılmışdır.
Həqiqətən də, saxlanılan şəxslərin sayı çox olduğundan, onlar lazımi yoxlama müddətinə idman zalında yerləşdirilmişdirlər. 10 fevral 2017-ci il tarixində zəruri rəsmiyyət və müvafiq prosedurlar aparıldıqdan sonra bütün saxlanılanlar sərbəst buraxılmışdırlar.
Bu gün, 13 fevral Moskva vaxtı ilə saat 16:00-da “Dərbənd şəhəri” şəhər dairəsinin başçısı Maliq Baqliyev Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu ilə telefon danışığı zamanı yuxarıda qeyd olunan məlumatı şəxsən təsdiq etmişdir. Həmçinin, o vurğulamışdır ki, hal-hazırda Dərbənddə saxlanılmış bir Azərbaycan Respublikasının vətəndaşı belə yoxdur.