Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin bəyanatı
2017-ci ilin fevral ayında www.youtube.com internet portalında yerləşdirilmiş videoda Ulyanovskda yaşayan İradə Mustafayeva məlumat verir ki, 2011-ci ilin sonu - 2012-ci ilin əvvəlində adını açıqlamadığı və hazırda dünyasını dəyişmiş, vaxtı ilə ağır onkoloji xəstəlikdən əziyyət çəkən həyat yoldaşı, onun sözlərinə görə pasportunu itirdiyinə görə, vətənə qayıdış şəhadətnaməsi almaq məqsədilə guya öz qardaşını Moskvaya Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinə ərizə təqdim etmək üçün göndərmiş, lakin heç bir cavab almamışdır.
Səfirlik qeyd olunan dövr ərzində vətəndaşlardan daxil olmuş bütün müraciətləri yoxlamış, lakin İ. Mustafayeva və ya onun adından çıxış edən başqa bir şəxsin müraciəti haqda qeyd aşkar etməmişdir.
Bununla əlaqədar olaraq Səfirlik tərəfindən müəyyən edilmişdir ki, 1957-ci il təvəllüdlü İradə Şakir qızı Mustafayeva 2007-ci ildə Səfirliyin konsulluq şöbəsinə müraciət edərək “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş konsulluq rüsumunu ödəmiş, burada ona vətənə qayıdış üçün sənədlər təqdim edilmiş və 08.10.2007 tarixində o, Azərbaycanda ümumvətəndaş (xarici) pasportu almışdır.
Bundan əlavə, müəyyən edilmişdir ki, 2016-cı ildə İ. Mustafayeva qanunvericilikdə nəzərdə tutulmuş Azərbaycan vətəndaşlığından çıxma prosedurlarını yerinə yetirməyərək Rusiya Federasiyasının vətəndaşlığını almışdır. O, həmçinin Azərbaycanın səlahiyyətli dövlət orqanlarına digər ölkənin vətəndaşlığını əldə etməsi haqda xəbəri verməmiş və bununla da Azərbaycan qanunvericiliyinin mövcud tələblərini pozmuşdur.
Onun qızı, 1996-cı il təvəllüdlü Pərvin Mürşüd qızı Mustafayeva hal-hazırda Rusiya Federasiyasının vətəndaşıdır. Onun 09.03.2012 tarixində Azərbaycan Respublikasının ümumvətəndaş pasportu almasına baxmayaraq, Azərbaycanın səlahiyyətli orqanlarına xarici vətəndaşlıq alması faktı barədə məlumat verməmişdir.
İ. Mustafayeva öz müraciətində 2011-2012-ci illərdə sənədləşmə işləri üçün Ulyanovskda müəyyən şəxslərlə əlaqə saxladığını dəfələrlə qeyd edir. Səfirlik bəyan edir ki, bu vətəndaşların Azərbaycan Respublikasının diplomatik və konsulluq xidməti orqanları ilə heç bir əlaqəsi yoxdur.
Həyat yoldaşının adının gizlin saxlanılmasına hər hansı bir səbəbin olmamasına və İ. Mustafayevanın təsvir etdiyi vəziyyətdə həyat yoldaşının adının çəkilməsinin sadə məntiq normalarını tələb etməsinə baxmayaraq, nədənsə o, yalnız beş ildən sonra “birdən” Səfirliyin ünvanına ittihamlarla çıxış etmək qərarına gəldi. Bu isə böhtanın bütün əlamətlərini daşıyan bu hərəkətin qərəzli xarakter daşıdığını deməyə əsas verir. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanunvericiliyinə əməl etməyən İ. Mustafayevanın kameraya açıq şəkildə yalan deməyə vadar edən səbəbləri isə, bu vətəndaşın özündən soruşmaq lazımdır.
Səfirlik zəruri bilərək bir daha bəyan edir ki, Rusiyada Azərbaycan Respublikası adından hər-hansı rəsmi sənəd vətəndaşlara yalnız Moskvada yerləşən Səfirlik və Sankt-Peterburq və Yekaterinburq şəhərlərindəki Baş Konsulluqlarda verilir. Qeyd olunan rəsmi nümayəndəliklərə müraciət edənlər onlara verilən qəbz əsasında dövlət rüsumunu yalnız bank ödənişi yolu ilə yerinə yetirə bilərlər. Bütün konsulluq rüsumları hər ayın yekunlarına əsasən bank köçürülməsi yolu ilə xəzinəyə ödənilir və Azərbaycan dövlətinin mənfəətinə çevrilir.
Nağd ödəniş əsasında vətəndaşlara bu və ya digər sənədlərin hazırlanması üçün təklif edilən müxtəlif “vasitəçilərin” xidmətləri isə qanunsuzdur. Onlar tərəfindən vətəndaşlara verilən “arayışlar” saxtadır və onları əldə edən vətəndaşlar üçün ciddi problem yarada bilər.
Bununla əlaqədar Səfirlik bir daha Rusiya Federasiyasında müvəqqəti və daimi yaşayan Azərbaycan Respublikasının bütün vətəndaşlarını müəyyən edilmiş normalara zidd olmayan hərəkətlərə yol verməyərək, Azərbaycan və Rusiyanın qanunvericiliyinin tələblərinə hörmətlə yanaşmağa təkidlə çağırır.