2017-03-02

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlunun “Exo Moskvı” radiostansiyasının “48 minut” (“48 dəqiqə”) proqramınıda çıxışı

1 mart 2017-ci il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu “Exo Moskvı” radiostansiyasının “48 minut” (“48 dəqiqə”) proqramının canlı efirində çıxış etmişdir. Həmçinin TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman da verilişin qonağı olmuşdur. 

“48 minut” verilişinin növbəti buraxılışının mövzusu bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi olmuşdur.

Polad Bülbüloğlu dinləyicilərə keçən ilin sentyabrında Azərbaycan Konstitusiyasına düzəliş və dəyişikliklərin edilməsi haqqında ümummilli referendumun keçirilməsini xatırladaraq qeyd edib ki, onun keçirilməsi olduqca vacib olmuşdur.

O, həmçinin vurğulamışdır ki, hər yeni zaman öz şərtlərini diktə edir. Yeni vəzifə təsisatlarının, o cümlədən vitse-prezidentlik təsisatının tətbiqinə zərurət yaranıb.

Polad Bülbüloğlu bildirmişdir ki, bu təyinatla de-fakto olan de-yure rəsmiləşdirilmişdir. Mehriban xanım Əliyeva yalnız prezidentin həyat yoldaşı deyil, həmçinin Prezident İlham Əliyevin yaxın silahdaşıdır.

Səfir Mehriban Əliyevanın təşkilatçılıq, idarəçilik və digər istedadlarından, onun irimiqyaslı tədbirlər keçirmək, milli mədəniyyətin və tarixin təbliği istiqamətində ardıcıl iş aparmaq bacarığından danışaraq vurğulamışdır ki, Azərbaycanın birinci xanımının məsuliyyətini öz üzərinə götürdüyü bütün işlər labüd şəkildə müvəffəqiyyət qazanır. 9 ay ərzində „Avroviziya” müsabiqəsi üçün 25 minlik zal tikilmişdir. Sıfırdan başlayaraq təhvil edilənədək. Həmçinin o, uşaq evlərinə, valideyinsiz uşaqlara, talassemiya ilə mübarizə və bir çox başqa proqramlara qəyyumluq edir. Bakıda İ.M. Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin filialı açılmışdır.  Bu Mehriban xanımın xidmətidir. Bununla bərabər cənab Prezident bizim öz tibb institutumuzun olduğunu və öz funksiyalarını yerinə yetirdiyini bildirmişdir. Bu filial isə alternativ tibbi təhsildir. Çünki xalqın sağlığı, insanların sağlığı çox mühümdür. Demək olar ki, bütün respublika üzrə diaqnostik mərkəzlər açılmışdır.

Polad Bülbüloğlu xatırlatmışdır ki, ötən əsrin 20-ci illərində bütün Yaxın Şərqdə ilk dəfə, Avropa ölkələrinin çoxundan da əvvəl Azərbaycan qadınlarına səsvermə hüququ verilmişdir.

Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın keçdiyi yoldan danışan Səfir vurğulamışdır ki, ölkəmiz öz müstəqilliyini böyük qurbanlar bahasına əldə etmişdir. O, 20 yanvar qanlı hadisələrini, Ermənistan-Azərbaycan müharibəsini, Xocalı faciəsini qeyd etmişdir. Həmçinin Səfir münaqişənin hələ də bitmədiyini və bu günə qədər davam etdiyini, qan töküldüyünü və təmas xətti boyunca döyüşlərin getdiyini, ölən və yaralıların olduğunu bildirmişdir. Dövlət sisteminin qurulması çox mürəkkəb və uzun prosesdir. Bir çox şey Sovet İttifaqından miras qalıb. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışına qədər 90-cı illərdə Azərbaycanın çox ağır dövrü olub və ölkədə vəziyyət yalnız onun Azərbaycana qayıdışından sonra sabitləşib. Səfir deyib: “Gözümüz qarşısında dağıdıcı hadisələr baş verib, onların yaddaşımızda buraxdığı izlər hələ də təzədir və bu hadisələrin təkrar olunmasını heç kəs istəmir. Biz xaos, dağıntı dövrü yaşamışıq, insanlar küçəyə çıxmağa qorxurdular, hər gün ölkədə, eləcə də cəbhədə hər hansı gözlənilməz hadisə baş verə bilərdi. Buna görə də insanlar bu gün Azərbaycanda mövcud olan sabitliyi yüksək qiymətləndirirlər. Mənim üçün bu sabitliyin böyük dəyəri var. Bu gün biz hamımız çox inkişaf etmiş demokratik ölkələrdə baş verələri görürük. Yaxın Şərqdə nələr baş verir, qaçqınlar Avropaya necə təsir edir. Ən inkişaf etmiş ölkələrdə siyasi sahədə hansı proseslərin yaşandığını şahidiyik. Bu fonda kiçik bir ölkədə iqtisadi inkişaf var, sabitlik isə dövlət və siyasi sistemin inkişafına imkan yaradır”.

Çıxışının davamında Polad Bülbüloğlu geniş ünsiyyət çevrəsinə malik bir insan kimi qeyd etmişdir ki, bu gün istər dövlət məmurları, istərsə də sadə insanlar arasında, ola bilsin, barışmaz müxalifət istisna olmaqla, əhali arasında Mehriban xanımın bu yüksək vəzifəyə təyin edilməsi ilə bağlı nadir yekdillik müşahidə olunur, bəziləri bunu razılıq və ümidlə, bəziləri isə fərəhlə qəbul edirlər.

Həmçinin o demişdir: “Bizim hörmətli Prezident İlham Əliyev çox cəsarətli insandır. O, müdrik və təcrübəlidir. O, bu təyinatın, məsələn, elə internetin özündə və ya hər hansı dövlətdə, yaxud Avropada doğuracağı reaksiyanı qabaqcadan görməyə bilməzdi. Lakin o, bilərək buna getmişdir. Bunun bir hərtərəfli düşünülmüş addım olduğu zənnindəyəm. Çünki bu gün dövlət üçün lazımlı və daha yaxşısı budur. İlham Əliyev müstəqil insandır və onun fikrinə təsir etmək olduqca çətindir. O, təbiətcə çox yaxşı təhsilli, bir neçə dil bilən və baş verən hər bir şey haqqında çox yaxşı məlumatlı olan analitikdir. Əgər o, hər hansı bir nəticəyə gəlirsə, o zaman ardıcıl surətdə lazım bildiyini həyata keçirir”.

Arxiv üzrə axtarış