Səfirlik tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş rəsmi mərasim təşkil edilmişdir
Hər il olduğu kimi, cari ildə də Səfirlik tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş rəsmi mərasim təşkil edilmişdir.
Tədbirdə iştirak etmək üçün Səfirliyə Rusiya Federasiyasının hakimiyyət dairələrini, ictimaiyyətini və diplomatik korpusu, eləcə də diasporumuzun fəallarını təmsil edən qonaqlar gəlmişdir. Həmçinin Səfirliyə gələnlərin sırasında Rusiya Prezidenti Administrasiyasının məsul əməkdaşları, o cümlədən Rusiya Prezidentinin Rusiya Federasiyasının Mərkəzi federal dairədə səlahiyyətli nümayəndəsi Aleksandr Beqlov, Federasiya Şurası və Dövlət Dumasının rəhbərliyini təmsil edən rəsmilər, Federasiya Şurasının sədr müavini İlyas Umaxanov və Dövlət Dumasının Mədəniyyət üzrə Komitə sədrinin birinci müavini, SSRİ-nin xalq artisti İosif Kobzon, Xarici İşlər Nazirliyinin, digər dövlət qurumlarının rəhbərliyini təmsil edən rəsmi şəxslər, MDB-nin İcraiyyə Komitəsinin sədri – İcraçı katibi Sergey Lebedev, tanınmış ictimai-siyasi, elm və incəsənət xadimləri, o cümlədən Azərbaycanın və SSRİ-nin xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov, Rusiya Konstitusiya Məhkəməsinin sabiq sədri Marat Baqlay, generallar, Heydər Əliyevlə müxtəlif dövrlərdə çalışmış sabiq rəsmilər, jurnalistlər, Heydər Əliyev Fondunun Rusiya təmsilçiliyinin, Rusiya Azərbaycan Gəncləri Birliyinin rəhbərliyi, habelə sabiq Baş nazirin müavini, hazırda isə Nikolay Baybakov Fondunun prezidenti Valeri Serov, Azərbaycan Respublikasının dövlət qurumları və şirkətlərinin Moskvadakı nümayəndələri, diasporumuzun tanınmış simaları, ziyalılar, Rusiya Dövlət Humanitar Universitetinin rektoru Yefim Pivovar başda olmaqla “Rusiya-Azərbaycan” Dostluq cəmiyyətinin üzvləri, Rusiyada akkreditə olunan MDB ölkələrinin diplomatik missiyalarının başçıları və Türkiyənin səfiri, habelə digər qurumların nümayəndələri olmuşdurlar.
Əvvəlcə tədbir iştirakçıları Səfirliyin binasındakı Heydər Əliyevin xatirə barelyefi qarşısında gül-çiçəklər qoymuşdurlar.
Mərasimi açan Səfir Polad Bülbüloğlu qonaqları səmimi qəlbdən salamlamış və Azərbaycan xalqı üçün 10 may tarixinin əziz və əlamətdar gün olduğunu vurğulamışdır. O, qeyd etmişdir ki, dahi liderin xatirəsinə həsr olunan tədbirlərin keçirildiyi yerlər arasında Moskva xüsusən seçilir, çünki burada müxtəlif dövrlərdə Heydər Əliyev ilə birgə çalışmış və onunla şəxsən ünsiyyətdə olmuş şəxslər var və onlar ənənəvi olaraq Səfirliyin təşkil etdiyi tədbirlərə qatılırlar.
Polad Bülbüloğlu bildirmişdir ki, dahi rəhbər Heydər Əliyev nəinki Azərbaycan, keçmiş SSRİ miqyasında böyük işlər görmüş və insanların yaddaşında qalmışdır. Lakin onun dahiliyinin əsl göstəricisi məlum tarixi prosesləri duyub sovet sisteminin perspektivsizliyini öncədən görərək, SovİKP-dən çıxması və Vətəninə qayıdıb özünü xalqa həsr etməsindən ibarət olmuşdur. O, millətin tələbi ilə dövlət idarəçiliyinin sükanına qayıdaraq, ölkəmizi uçuruma düşmə təhlükəsindən qurtarıb yeni müstəqil Azərbaycan Respublikasında sabitliyin və inkişafın təminatçısına çevrilmiş, sözün əsl mənasında müasir Azərbaycanın memarı olmuşdur. Əsası onun tərəfindən qoyulmuş möhkəm zəmin üzərində Heydər Əliyevin layiqli yetişdirməsi və davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı uğur və nailiyyətlərin hamıya məlum olduğunu və əlavə şərhə ehtiyac duymadığını vurğulamışdır.
Səfir qeyd etmişdir ki, Heydər Əliyev şəxsən onun həyatında müstəsna rol oynamışdır. Çünki sovet dövründə incəsənət xadimi kimi formallaşmağının və fəaliyyətinin məhz onun respublikaya rəhbərlik etdiyi illərə təsadüf etmişdir. Müstəqillik dövründə isə, Polad Bülbüloğluna 10 il ərzində onun Hökumətində Mədəniyyət naziri olmaq nəsib olmuşdur. Həmçinin Səfir vurğulamışdır ki, Heydər Əliyev mədəniyyətin müxtəlif sahələri – musiqini, teatrı, təsviri incəsənəti gözəl bilirdi və müstəqilliyimizin ilk illərində olan çətin iqtisadi şəraitə baxmayaraq, həmişə bu sahəyə diqqət yetirib onun inkişafı üçün əlindən gələni əsirgəmirdi. Polad Bülbüloğlu həmin illərin onun üçün böyük məktəb olduğunu söyləmiş, Heydər Əliyev haqqında xatirələrini saatlarla paylaşsa da, tükənməyəcəyini qeyd etmişdir.
Nitqinin sonunda Səfir bəyan etmişdir ki, həyatını Heydər Əliyev duyğusu ilə yaşayan hər bir kəs özünü xoşbəxt hesab edə bilər və bu dahi şəxsiyyətə həmişə minnətdar olacaqdır.
Mərasim zamanı Səfirliyə buyuran qonaqlar öz ürək sözləri, fikir və xatirələri ilə bölüşmüşdürlər.
Federasiya Şurasının sədr müavini İlyas Umaxanov Heydər Əliyevi bütün Qafqazın əfsanəsi adlandıraraq, onun öz xalqının xilaskarı kimi müstəsna rolundan bəhs etmişdir. Dağıstanın nümayəndəsi kimi, sovet dövründə bu muxtar respublikaya rəhbərlik edən şəxsin oğlu kimi, o Heydər Əliyevin ailəsi ilə tanış olduğunu qeyd etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu öndərimizin layiqli davamçısı olduğunu söyləyən İlyas Umaxanov, bu gün Azərbaycanın uğurlarına heyran olduğunu və sevindiyini bildirmişdir. Bir dağıstanlı kimi, o, Əziz Əliyevin Dağıstana rəhbərlik etdiyini yada salaraq, bu amilin Heydər Əliyev və onun ailəsinə olan səmimi münasibət və hədsiz ehtiramın daha da gücləndirdiyini demişdir. Sözünə yekun vuraraq İlyas Umaxanov Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycana yeni-yeni nailiyyətlər arzu etmişdir.
MDB-nin İcraiyyə Komitəsinin sədri – İcraçı katibi Sergey Lebedev isə öz çıxışında söyləmişdir ki, vaxtilə xüsusi xidmət orqanlarında çalışan və Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri olan insan kimi, o, Heydər Əliyevlə dəfələrlə həm Bakıda, həm də Moskvada görüşmüşdür. O, aparılmış söhbətləri indiyədək xatırladığını və Heydər Əliyevin nə qədər müdrik, strateji baxışa malik insan olduğunu dərk etdiyini bildirmişdir. Sergey Lebedev Heydər Əliyevin sovet dövründə də çalışdığı sahədə böyük uğurlar qazandığını və bir sıra Orta Şərq dövlətlərində məhsuldar işlədiyini yada salmışdır. Müstəqillik dövründə isə Heydər Əliyevin Azərbaycanın inkişafını təmin etməklə yanaşı, MDB məkanının təhlükəsizliyinin təmin edilməsinə böyük diqqət yetirdiyini bildirmişdir. Heydər Əliyevin ad gününün Qələbə günü ilə bir ərəfəyə təsadüf etməsinin də rəmzi xarakter daşıdığını deyən MDB-nin İcraçı katibi, ölkəmizdə Böyük Vətən müharibəsi haqqında xatirənin əziz saxlanılması, veteranlara dövlət qayğısının göstərilməsini məmnuniyyətlə qeyd etmişdir. O, Azərbaycan rəhbərliyinin MDB məkanında gedən inteqrasiya proseslərinə diqqətlə yanaşmasını Heydər Əliyev siyasi kursunun davamı kimi qiymətləndirmiş, dahi rəhbər haqqında xatirəsinin daima uca tutacağını söyləmişdir.
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Rusiya Mədəniyyət naziri olduğu dövrdə Heydər Əliyev ilə baş tutmuş görüşləri ömrünün parlaq məqamları kimi xatırladığını qeyd etmişdir. O, Ulu öndərin mədəniyyəti dərindən bildiyinə və onun cəmiyyətdə oynadığı vacib rolu dərk etdiyinə şahid olduğunu bildirmişdir. Heydər Əliyevin mədəniyyət xadimlərinə göstərdiyi diqqətin, onun mədəniyyətin himayədarı olduğunu deyən Mixail Şvıdkoy Heydər Əliyevi nadir dövlət xadimi və böyük siyasi lider kimi həmişə xatırlayacağını demişdir.
Dövlət Dumasının Mədəniyyət üzrə Komitə sədrinin birinci müavini, SSRİ-nin xalq artisti İosif Kobzon Səfirlikdə dahi Heydər Əliyevin ad gününə həsr olunmuş tədbirdə iştirak etməyindən məmnun olduğunu söyləmişdir. O, Heydər Əliyevi mədəniyyətə diqqət yetirən sözün əsl mənasında beynəlmiləlçi, bütün xalqlara və mədəniyyətlərə dəyər verən şəxsiyyət kimi xatırladığını demişdir. Sözünə yekun vuran İosif Kobzon həmin dəyərləri qoruyub saxlayan Azərbaycan Respublikasına uğurlar diləmişdir.
Rusiyanın sabiq Baş nazirinin müavini, hazırda isə Nikolay Baybakov Fondunun prezidenti Valeri Serov həm SSRİ, həm də Rusiya Hökumətində işlədiyi müddət zamanı Heydər Əliyev ilə ünsiyyətdə olduğunu və Ulu öndəri özünün müəllimi hesab etdiyini bildirmişdir. O, Heydər Əliyevin səyləri sayəsində sovet dövründə Baykal-Amur magistralının tikilməsi, Azərbaycanda və digər yerlərdə quruculuq işlərinin aparılmasını yada salmışdır. Heydər Əliyevin işə son dərəcə məsuliyyətli yanaşdığını, hər məruzəyə ciddi hazırlaşdığını, məsləhətçilərin cəlb etdiyini və eyni zamanda insanlara hörmətlə yanaşdığını söyləmişdir. O, dahi müasirimiz olan Heydər Əliyev ilə tanış olduğundan xoşbəxt olduğunu söyləyərək, hamını ondan nümunə götürməyə çağırmışdır.
Heydər Əliyevin SSRİ Nazirlər Şurasında işlədiyi dövr ərzində köməkçisi olmuş Vladimir Uxov öz xatirələri ilə bölüşərək, qətiyyət və məsuliyyətin örnəyi olan Heydər Əliyevin öz işçilərinə tələbkarlıqla yanaşı, səmimi insani münasibət göstərdiyini yada salmış, 5 il ərzində Heydər Əliyev ilə çalışdığı müddəti ən əlamətdar dövr kimi səciyyələndirmişdir.
Şimali Osetiya-Alaniya Respublikasının sabiq prezidenti, hal-hazırda isə Rusiyanın YUNESKO məsələləri üzrə Komissiyasının sədr müavini Aleksandr Dzasoxov demişdir ki, Heydər Əliyevə həsr olunmuş nə qədər tədbir keçirilsə də, hər dəfə yeni məqamlar üzə çıxır. Bu, Heydər Əliyev şəxsiyyətinin dahiliyinin əyani göstəricisidir. O, hər il Heydər Əliyevin ad və vəfat etməsi günləri ilə yanaşı, ilboyu onun xatırlanmasına və Ulu öndərin həyat yolundan bizim üçün ibrət dərsi və nümunə götürməsinə çağırmışdır.
Tədbirin bütün iştirakçıları Ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərini yada salaraq, onun əməyinin məhsulu olan müasir Azərbaycan Respublikasına yeni-yeni nailiyyətlər diləmişdirlər.
Böyük uğurla keçən tədbir Azərbaycan televiziya kanalları, “AzərTAc”, Moskvada fəaliyyət göstərən “Vestnik Kavkaza” informasiya portalı və digər KİV orqanları tərəfindxən geniş işıqlandırılmışdır.