26 may 2017-ci il tarixində Səfirlik tərəfindən 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilmişdir
Mərasim Azərbaycan və Rusiya dövlət himnlərinin ifası ilə açılmışdır.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu tədbir iştirakçılarını salamlayaraq, ilk öncə Azərbaycan dilində salonda yığışan soydaşlarımızı Respublika Günü münasibətilə ürəkdən təbrik etdi. Səfir qeyd etdi ki, doxsan doqquz il əvvəl yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şanlı səhifəsi olmuş, iyirminci əsrdə müasir dövlətçiliyimizin əsasını qoymuşdur. O andan ötən dövr ərzində Azərbaycanın müxtəlif sınaqlardan keçdiyinə, öz dövlətçiliyinin qorunması və inkişafında əzm və qətiyyət nümayiş etdirdiyinə nəzər salaraq, bu gün bizim üçrəngli bayrağımızla məsud yaşamaqdan tam əsasla qürur duyduğumuzu bəyan etmişdir.
Sonra nitqini rus dilində davam edən Polad Bülbüloğlu 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını çoxəsrlik dövlətçilik ənənələrimizin bərpa olunması kimi səciyyələndirmişdir. Gələn il bütün Müsəlman Şərqinin siyasi tarixində yeni dövr açmış bu əlamətdar hadisənin yüzilliyini qeyd etməyə hazırlaşdığımızı bildirmişdir. Həmçinin Səfir Azərbaycan Xalq Cümhuriyyətində Avropa demokratik dəyərləri, Şərq mədəniyyətinin xüsusiyyətləri və Azərbaycan milli-mənəvi dəyərlərinin harmonik şəkildə birləşməsindən bəhs edərək, bunun dövlət bayrağımızda da əks olunduğu barədə məlumat vermişdir.
1918-1920-ci illərdəki 23 ayın milli şüurumuzda əbədi həkk olunduğunu söyləyən Polad Bülbüloğlu, XX əsrin əvvəlində əsası qoyulmuş Cümhuriyyətdə gerçəkləşməyə başlanan ideyaların müasir Azərbaycan Respublikasında uğurla yerinə yetirildiyini söyləmişdir. Hazırkı dövlətçiliyimizin olduqca çətin şəraitdə qorunması və sabit zəmində inkişaf etdirilməsinin Ümummilli liderimiz, müasir Azərbaycan Respublikasının memarı Heydər Əliyevin dühası ilə bağlı olduğunu vurğulamışdır.
Heydər Əliyevin yaratdığı möhkəm əsaslar üzərində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın surətlə inkişaf etdiyini, davamlı tərəqqi yolu ilə getdiyini və dünya siyasətinin getdikcə daha əhəmiyyətli amilinə çevrildiyini bildirmişdir. Bugünkü inkişafımızın daxili sabitlik, düşünülmüş iqtisadi strategiya və tarazlaşdırılmış çoxvektorlu xarici siyasətin üzərində qurulduğunu qeyd etmişdir.
Səfir vurğulamışdır ki, müstəqil çoxşaxəli xarici siyasət aparan Azərbaycan qonşu ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığı xüsusi prioritet kimi nəzərdən keçirir. Öz coğrafi mövqeyinə görə Şərq – Qərb və Şimal – Cənub dəhlizlərində vacib birləşdirici qovşaq rolunu oynayan Azərbaycan tərəfindən Rusiyanın da iştirakı ilə olan müxtəlif üçtərəfli formatların fəal inkişafına əhəmiyyətli töhfənin verildiyini qeyd etmişdir. Eyni zamanda mehriban qonşuluq və əməkdaşlıq ənənələrinə sadiq qalan Azərbaycanın Qafqaz-Xəzər bölgəsinin inkişafı, burada sülh və sabitliyin təmin olunmasına mühüm töhfə vermək niyyətində olduğunu demişdir.
Lakin həmin zəngin əməkdaşlıq potensialının tam şəkildə üzə çıxarılması üçün buna əngəllər törədən amillərin aradan qaldırılmasının vacibliyini vurğulamışdır. İlk növbədə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və erməni işğalçı qüvvələrinin Azərbaycanın ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin yerinə yetirilməsinin vacibliyini önə çəkən Səfir, təmas xətti boyunca daima müşahidə olunan atəşkəsin pozulması hallarına istinad edərək, hazırkı vəziyyətin daha da uzadılmasının qəbulolunmazlığı və sülhə təhdid yaratdığını xüsusi qeyd etmişdir. Polad Bülbüloğlu bu yaxınlarda qeyd etdiyimiz faşizm üzərində Qələbənin 72-ci ildönümünü misal gətirərək sülhə nail olmaq üçün müharibəyə nədən olmuş səbəblərin aradan qaldırılmasının önəmini vurğulamışdır.
Problemin istənilən yolla həll olunmasına dair hüququ özündə saxlayaraq, Azərbaycanın mövcud münaqişənin dinc yolla aradan qaldırılmasının tərəfdarı olduğunu və bu baxımdan bütün dünya ictimaiyyətinə və xüsusilə BMT Təhlükəsizlik Şurasının daimi üzvü, ATƏT-in Minsk Qrupunun həmsədri, coğrafi və tarixi cəhətdən Cənubi Qafqazla sıx əlaqədar olan Rusiyaya da ümidlərin bəsləndiyini bildirmişdir.
Azərbaycan xalqının həmişə öz tarixinə diqqətlə yanaşdığını qeyd edən Səfir, ölkəmiz üçün Rusiya ilə əlaqələrin belə tarixi xüsusiyyətlərdən olduğunu söyləmişdir. Müxtəlif dövrlərdə yüz minlərlə azərbaycanlıların Rusiyada məskunlaşdığını, Azərbaycanda isə Cənubi Qafqazda ən iri rus icmasının təşəkkül tapdığını yada salaraq, diqqəti xalqlarımızı birləşdirən bu insani körpülərin əhəmiyyətinə cəlb etmişdir. Bu səbəbdən də hər bir diaspor təşkilatının fəaliyyət göstərdiyi dövlətin qanunlarına uyğun hərəkət etməsinin vacibliyini etiraf edərək, eyni zamanda bu sahədə cərəyan edən proseslərə olduqca həssas yanaşdığımızı söyləmişdir. Bu sahədə əmələ gələn problemlərin ikitərəfli münasibətlərin inkişafına mənfi fon yaratdığını qeyd edən Səfir Rusiya ilə Azərbaycan arasındakı əməkdaşlığı zəiflətməyə cəhd göstərən üçüncü qüvvələrin mövcud olduğunu vurğulamışdır.
Lakin ölkələrimiz və xalqlarımızın maraqları, bölgədə inkişaf və sabitliyin qorunması baxımından bizdən əməkdaşlıq kursunun davam etdirilməsi tələb olunur. Azərbaycanın tarixən – həm Xalq Cümhuriyyəti dövründə, həm bu gün – azadlıq, sülh, düzümlülük və quruculuq ideallarına sadiq olduğunu bildirmişdir.
Bu baxımdan Polad Bülbüloğlu Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Respublika Günü ilə əlaqədar göndərdiyi təbrik məktubunu Rusiya tərəfinin də eyni məntiqdən çıxış etdiyinin bariz nümunəsi kimi səciyyələndirmişdir. Məktubda Rusiya lideri tərəfindən Azərbaycanla birgə səylər sayəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da artacağına dair əminliyin ifadə olunması, bunun hər iki xalqın əzəli maraqlarına cavab verməsi və regional sabitliyi və təhlükəsizliyin möhkəmlənəcəyinə xidmət etməsi barədə ifadələrin əks olunmasının vacibliyini vurğulamışdır.
Azərbaycanın da öz tərəfindən qonşularla qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsinə sadiq qaldığını bir daha bildirən Səfir, illər boyu qeyd olunacaq Respublika Gününün ölkəmizin zəngin potensialının getdikcə daha da üzə çıxarılması, regional və qlobal səviyyədə sülh və tərəqqinin təmin olunmasına xidmət edən əlaqələrimizin inkişaf olunması ilə müşayiət ediləcəyinə dair əminliyini ifadə etmişdir.
Sonra ziyafətdə əsas rəsmi qonaq qismində iştirak etmiş Rusiya Xarici İşlər Nazirliyinin stats-katibi – Xarici işlər nazirinin müavini Qriqori Karasin öz çıxışını Azərbaycan xalqına Respublika Günü münasibətilə təbriklərin ifadə etməsi ilə başlamışdır. O, bu il diplomatik münasibətlərimizin 25 illiyinin qeyd edildiyini məmnuniyyətlə yada salaraq, Rusiya-Azərbaycan əlaqələrinin böyük inkişaf yolu keçdiyini və bugünkü səviyyəyə gəlib çıxdığını söyləmişdir.
Hal-hazırda ikitərəfli münasibətlərin müxtəlif sahələri əhatə etdiyini qeyd edən Nazir müavini son illər ərzində ikitərəfli mal dövriyyəsinin maliyyə dəyərində müəyyən azalma meylinin bitmək üzrə olduğunu söyləyərək, gələcəkdə bu istiqamətdə yenidən artımın müşahidə olunacağına dair ümid ifadə etmişdir. Qriqori Karasin bildirmişdir ki, əmtəə şəklində qarşılıqlı ticarətin azalmaması bu ümidi daha da gücləndirir. Bu prosesdə işgüzar dairələr arasında və regionlararası əməkdaşlığın, o cümlədən özəl-dövlət tərəfdaşlığının potensialından mümkün dərəcədə səmərəli istifadə olunacağının vacibliyinə toxunan Nazir müavini Rusiyanın 17 subyektinin Azərbaycanla əməkdaşlıq sazişlərinə malik olduğunu, ümumiyyətlə isə 70 subyektin ölkəmizlə ticari-iqtisadi əlaqələr qurduğu barədə məlumat vermişdir. O, İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 16-cı iclasının nəticələrini yüksək qiymətləndirərək, növbəti iclasın da məhsuldar olacağına ümid ifadə etmişdir.
Humanitar sahədə əlaqələrin ən təqdirəlayiq səviyyədə olduğunu söyləyən Nazir müavini bu istiqamətdə yerinə yetirilən əməkdaşlığı yüksək qiymətləndirmiş, bizi birləşdirən təhsil və mədəni məkanın möhkəmlənməsinin vacibliyini önə çəkmiş və hər iki ölkə Prezidentinin himayəsi altında keçirilən Bakı Beynəlxalq Humanitar Forumunu geniş beynəlxalq əks-səda doğuran vacib hadisə kimi xarakterizə etmişdir.
O, Rusiyada 15 min Azərbaycan tələbələrinin təhsil aldığını bildirmişdir. Digər tərəfdən, Azərbaycanda rus dilinə bəslənilən hörmət, 300-ə yaxın orta məktəblərdə rus dilində təhsilin aparılmasını, Bakıda Moskva Dövlət Universiteti və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filiallarının fəaliyyət göstərməsini əlamətdar məqam kimi səciyyələndirən Qriqori Karasin, bunun heç də ikitərəfli münasibətlərin gündəliyində duran məsələ deyil, Azərbaycanın könüllü seçimi olduğunu vurğulamışdır. O, belə yanaşmanı əsası Heydər Əliyev tərəfindən qoyulmuş kursun davamı kimi gördüyünü və ölkəmizdə Puşkin dilinin həmişə yaşayacağına dair əminliyini ifadə etmişdir.
Hər iki ölkənin Prezidentləri, eləcə də Xarici işlər nazirləri arasında bərqərar olunmuş qarşılıqlı etimada əsaslanan səmimi münasibətlərin ümdə əhəmiyyətini qeyd edən Qriqori Karasin iki dövlət başçısının ötən ildə iki dəfə görüşdüyünü ayrıca qeyd etmişdir. Cari ilin beş ayı ərzində isə XİN başçıları səviyyəsində artıq üç görüşün baş tutduğunu, o cümlədən Azərbaycan Respublikasının Xarici işlər naziri cənab Elmar Məmmədyarovun Rusiyaya rəsmi səfərlə gəldiyini söyləyən Rusiya Xarici İşlər Nazirliyinin stats-katibi bütün bunları ikitərəfli münasibətlərin təzahürü kimi səciyyələndirmişdir. O, Rusiya ilə Azərbaycan arasında müxtəlif çoxtərəfli formatlarda, o cümlədən MDB, Şanxay Əməkdaşlıq Təşkilatı, ATƏT, BMT və digər çərçivələrdə məhsuldar dialoqun aparıldığını söyləmişdir.
Sonra Qriqori Karasin YUNESKO-nun Baş direktoru vəzifəsinə Polad Bülbüloğlunun namizədliyinin irəli sürülməsinə toxunaraq, Rusiya tərəfindən bu məsələdə Azərbaycana dostluq dəstəyinin göstəriləcəyini məmnuniyyətlə qeyd etmişdir.
Onun təbirincə, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız və yalnız siyasi-diplomatik vasitələrlə mümkündür. Rusiya tərəfi, ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birgə bunun üçün çalışır.
Çıxışının sonunda Qriqori Karasin Azərbaycan dövlətinə və xalqına bir daha uğurlar diləmiş və xoş arzularını yetirmişdir.
Sonra söz alan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Sürəddin Hümbətov Rusiyada yaşayan diaspor fəallarımızın dövlət mükafatları ilə təltif olunması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamını oxumuş və həmin mükafatlar Səfir Polad Bülbüloğlu tərəfindən aşağıda sadalanan şəxslərə təntənəli şəkildə təqdim edilmişdir:
Əlizaman Rəhimova – “Şöhrət” ordeni;
İsmayıl Ağakişiyevə – “Tərəqqi” medalı;
Afil Hüseynova – “Tərəqqi” medalı;
Çingiz İsayevə – “Tərəqqi” medalı;
Qasım Kərimova – “Tərəqqi” medalı;
Rəfail Quliyevə – “Tərəqqi” medalı;
Elxan Qurbanova – “Tərəqqi” medalı.
Tədbirdə Rusiya Prezident Administrasiyasının Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr İdarəsinin rəisi Vladimir Çernov və həmin idarənin şöbə müdiri Sergey Çebotaryov, Federasiya Şurasının sədr müavini, Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisinin İkitərəfli parlamentlərarası komissiyasının Rusiya tərəfindən həmsədri İlyas Umaxanov, Dövlət Dumasının Beynəlxalq məsələlər üzrə Komitəsinin sədri Leonid Slutski, XİN-in Mətbuat və informasiya departamentinin direktoru, Nazirliyin rəsmi sözçüsü Mariya Zaxarova, direktor Aleksey Pavlovski basda olmaqla IV MDB ölkələri departamentinin rəhbərliyi və məsul əməkdaşları, senatorlar, Dövlət Dumasının deputatları, İnsan hüquqları üzrə müvəkkil Tatyana Moskalkova, hökumət orqanlarının nümayəndələri, nazir müavinləri və digər təmsilçiləri, rektorlar, tanınmış mədəniyyət, elm xadimləri, işgüzar dairələrin nüfuzlu nümayəndələri, siyasi ekspertlər və jurnalistlər iştirak etmişdirlər. Tədbirdə həmçinin Azərbaycan diasporunun fəalları və Moskvada akkreditə olunan diplomatik korpus geniş təmsil olunmuşdur.
Qonaqlara Avropa mətbəxi ilə yanaşı, Azərbaycan milli mətbəxinin ləziz nümunələri təqdim olunmuş, bütün axşam dəvət olunmuş milli ansamblının canlı ifasında səsləndirilən Azərbaycan musiqisinin müşayiəti ilə keçmişdir.