2017-09-12

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin açıqlaması

Dünən bəzi Azərbaycan KİV-ləri düzgün olmayan qərəzli məlumat yaymışdırlar. Guya Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu Səfirlik əməkdaşlarının Müslüm Maqomayevlə bağlı keçirilən tədbirlərdə iştirakına qadağa qoymuşdur.  Rəsmi olaraq bildiririk ki, bu tam yalan və böhtandır.

Son dərəcə təəcüblüdür ki, bu kimi əsassız xəbərlər Azərbaycan Respublikasının YUNESKO-nun Baş direktoru vəzifəsinə irəli sürdüyü namizədinə qarşı Qərb mediasında ölkəmizə qarşı edilən hücumlarla eyni zamanda yayılır. Bu, onu deməyə əsas verir ki, burada ölkəmizə qarşı xarici qüvvələrlə yanaşı, bəzi daxili qüvvələr də hücum etməkdədirlər. 

Bundan əlavə vurğulayırıq ki, bir aydan artıq müddətdir ki, Moskvada olmayan Polad Bülbüloğlu namizədliyi ilə əlaqədar mütəmadi olaraq xarici ölkələrdə olur, müvafiq görüşlər keçirir.

Məqalədə qeyd olunan ifadə ölkəmizin mədəniyyətində və ictimai həyatında dərin iz buraxmış Polad Bülbüloğlunun danışıq tərzinə tam yaddır. Əməkdaşların Səfirliyə təyinatı və geri çağırılması birbaşa Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin səlahiyyətindədir.

Polad Bülbüloğlunun Müslüm Maqomayevlə olan münasibətləri isə şəxsi xarakter daşıdığından bu məsələnin KİV-də işıqlandırılması ən azından qeyri etikdir.  

Ümumiyyətlə, belə əsassız xəbərlərin yayılması, gündəmə gətirilməsi və jurnalist adına iddia edən şəxslər tərəfindən heç bir araşdırma və dəqiqləşdirmə aparılmadan digər saytlarda yerləşdirilməsi məsələnin süni şəkildə qabardıldığı və müəmmalı məqsədlərə xidmət etdiyini ortaya qoyur. 

Arxiv üzrə axtarış