YUNESKO-nun Baş direktoru postuna namizəd Polad Bülbüloğlunun mətbuata bəyanatı
Mən ölkəmiz tərəfindən YUNESKO-nun Baş direktoru postuna namizəd kimi irəli sürülməyimdən qürur duyuram, hökumətə və şəxsən Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə mənə göstərilən yüksək etimada və dəstəyə görə minnətdaram.
Biz, seçkilərə qədər olan olduqca qısa müddət ərzində misilsiz intensiv seçkiqabağı kampaniya həyata keçirdik. Bu çətin işdə mənə göstərilən dəstəyə görə hər kəsə təşəkkür edirəm.
YUNESKO-nun İcraiyyə Komitəsinin üzv ölkələrinə Azərbaycan Respublikasının namizədinin YUNESKO-nun gündəliyi və təşkilatın gələcək fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyan, böyük diqqət və dəstəklə qarşılanan məsələlər üzrə mövqeyinin işıqlandırıldığı çoxsaylı səfərlər təşkil edildi, onlarca görüşlər, çıxışlar və təqdimatlar keçirildi, beynəlxalq nəşrlərdə məqalələr dərc olundu.
Seçkiqabağı kampaniya zamanı YUNESKO-nun İcraiyyə Komitəsinin bir çox üzvləri tərəfindən ifadə edilən dəstək bizim uğur qazanmağa ümid bağlamağımıza əsas verdi.
Lakin, qələbə üçün lazım olan 30 səs uğrunda, Azərbaycanla yanaşı, Çin, Fransa, Misir kimi böyük dövlətlərin, ümumilikdə 8 dövlət, o cümlədən BMT Təhlükəsizlik Şurasının 2 daimi üzvünün iştirak etdiyi yüksəkrəqabətli mübarizədə çox təəssüflər olsun ki, biz, seçkiqabağı kampaniyanın uğurunu inkişaf etdirə və lazımi miqdarda səs toplamağa nail ola bilmədik.
Ona görə də mən, seçki yürüşündən çıxmağı təəssüflə qərara aldım, lakin bunu borcumu yerinə yetirmək hissi ilə edirəm, çünki məndən asılı olan bütün mümkün və zəruri olan hər şeyi etmişəm.
YUNESKO dünyanın əsas humanitar təşkilatı olaraq, bütün qitələrdə yerləşən ölkələrdə təhsilin, elmin, mədəniyyətin və kommunikasiyaların inkişafında böyük rol oynayır.
Bu nüfuzlu beynəlxalq təşkilatın rəhbəri vəzifəsinə irəli sürülmək faktı özü istənilən insanın həyatında böyük nailiyyətdir. Onunla qürur duymaq olar ki, postsovet tarixində mən, bu yüksək vəzifəyə irəli sürülən və seçimdən keçən ilk yaradıcı insanam.
Düşünürəm ki, bu hadisə gənc Azərbaycan diplomatiyası üçün böyük məktəbdir.
Bu çətin yolda məni dəstəkləyən hər kəsə səmimi qəlbdən bir daha minnətdarlığımı bildirmək istəyirəm.