20 Yanvar faciəsinin 28 illiyinə həsr olunmuş tədbir
Cari ilin 19 yanvar tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində 20 Yanvar faciəsinin 28 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Rusiya ictimaiyyətinin nümayəndələri, Moskvadakı diplomatik korpusun təmsilçiləri, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin və diaspor təşkilatlarının üzvləri, Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Ümumqoşun Akademiyasının azərbaycanlı dinləyiciləri və Rusiya Müdafiə Nazirliyinin Hərbi Universitetində təhsil alan azərbaycanlı tələbələr iştirak etmişdirlər.
Öncə tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Səfirliyin binasındakı barelyefi önünə, sonra isə Qanlı Yanvar şəhidlərinin adları yazılmış lövhənin qarşısına tər çiçəklər düzmüşlər. Foyedə 20 Yanvar faciəsini əks etdirən foto sərgi tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur. İştirakçılar qarşısında Səfirliyin hazırladığı press-reliz rus və ingilis dillərində səsləndirilmişdir. Sonra mərasim iştirakçıları şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər.
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu çıxış edərək faciə haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir. Həmçinin xalqın tarixində faciələrin olduğunu və onları unutmağın mümkün olmadığını, Bakıda 20 Yanvar faciəsi zamanı həlak olanlar arasında ayrı-ayrı millətlərin nümayəndələrinin olmasını xüsusi qeyd edərək, 20 Yanvar hadisələrinin Azərbaycan xalqının yaddaşına böyük acı ilə həkk olunduğunu bildirmişdir. “Azərbaycan xalqı sovet hökumətinin onların üzərinə tank, ağır texnika yürütdüyünü gördükdə anladı ki, bu dövlətin tərkibində artıq yaşamaq olmaz və minlərlə insan Kommunist partiyasının biletlərini yandırmağa başladı” – deyə çıxışına davam edən Səfir, 28 ildən sonra faciə haqqında danışmağın hələ də çətin olduğunu qeyd edərək, o dövrün siyasətçilərindən heç kimin Qanlı Yanvar faciəsi haqqında çıxış etmədiyini, münasibət bildirmədiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Polad Bülbüloğlu qeyd etdi ki, yalnız Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi, böyük siyasətçi, Ulu öndər Heydər Əliyev oğlu ilə birlikdə Səfirliyin hazırkı binasına gələrək çəkinmədən faciəyə siyasi qiymət vermişdir. Dövrün çətinliklərini, maneələrini yaxşı anlayan Heydər Əliyev, totalitar rejimə qarşı çıxaraq faciənin törədilməsini cinayət, faciəni törədənləri isə cinayətkar adlandırmışdır. Bu, o zaman hadisəyə verilmiş ilk siyasi qiymət idi və faciəyə hüquqi qiymət də məhz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra verilmişdir. Onun tərəfindən faciənin ətraflı araşdırılması məqsədilə Komissiya yaradılmışdır.
Azərbaycanın Səfiri indiki Azərbaycan Respublikasının suverenliyi, həqiqi müstəqilliyi və sürətli inkişafı həmin hadisələri törədənlərə layiqli cavab olduğunu vurğulamışdır. Çıxışının sonunda o, bütün şəhidlərimizə, o cümlədən Qarabağ uğrunda canlarından keçən insanlara Allahdan rəhmət dilədi, Azərbaycan xalqının onları heç zaman unutmayacağını bildirərək, Səfirliyə gələn qonaqlara xalqımızın kədərinə şərik olduqları və faciəyə öz münasibətlərini bildirdikləri üçün dərin minnətdarlığını ifadə etdi.
Sonda şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə gələn qonaqlar üçün ehsan süfrəsi təşkil olunmuşdur.