XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlaması
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının Vl Qurultayında səsləndirdiyi fikirlərlə bağlı açıqlaması tərəfimizdən anlaşılmazlıqla qarşılandı.
Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərini və yüksək səviyyəli dialoqu nəzərə alaraq, dövlət başçısının fikirlərinə bu səpkidə münasibət bildirilməsini düzgün hesab etmirik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü siyasət regional sülh və təhlükəsizliyin təmin olunmasına, regional əməkdaşlığın güclənməsinə və potensial regional risklərin aradan qaldırılmasına xidmət edir.
Azərbaycan Prezidenti Yeni Azərbaycan Partiyasının Vl Qurultayında Azərbaycanın tarixi torpaqlarının qaytarılması deyil, azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması məsələsi barədə danışıb. Dövlət başçısının çıxışı müxtəlif dillərində, o cümlədən rus dilində tam tərcüməsi ilə kütləvi informasiya vasitələrində yayılıb.
Tarixin müxtəlif mərhələlərində, o cümlədən də keçən əsrin 80-ci illərinin sonlarında azərbaycanlıların kütləvi şəkildə Ermənistandan zorakılıqla qovulması, Ermənistan ərazisində köklü Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan və məhv edilməsi tarixi faktlardır və sənədlərlə təsbit olunub.
Ümumiyyətlə, Azərbaycan xalqının sülh şəraitində öz tarixi torpaqlarına qayıtması nəyə görə kimisə də narahat etməlidir? BMT başda olmaqla, müvafiq beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in müxtəlif münaqişələrin tənzimlənməsi ilə bağlı bütün sənədlərində insanların öz doğma torpaqlarına, daimi yaşadığı yerlərə qayıtmasının təmin olunması fundamental hüquqlardan biri kimi təsbit olunub. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin vacib tərkib elementlərdən biri də qanlı etnik təmizləməyə məruz qalmış bir milyondan artıq azərbaycanlının öz tarixi torpaqlarına qayıtmasının təmin olunmasıdır.
Ermənistanın hərbi güc tətbiq edərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonunun işğalını davam etdirməsi, Azərbaycana və digər qonşu dövlətlərə qarşı ərazi iddiaları regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir və vəziyyətin gərginləşməsinə xidmət edir. Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq qəsdən Suriyadan olan etnik erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirir. Ermənistanın siyasi rəhbərliyi ictimai çıxışlarında Naxçıvana və digər Azərbaycan ərazilərinə iddialar irəli sürür, erməni gəncləri qarşısında çıxış edərək “böyük Ermənistan” xülyası naminə onların yeni torpaqlar əldə etmək üçün gələcək müharibələrdə iştirak etməli olduğunu deyir. Ermənistanın konstitusiyasında digər qonşu dövlətə qarşı açıq ərazi iddiaları öz əksini tapıb. Bununla bərabər, ziddiyyətli “Armenian Highland” (Армя́нское наго́рье) mifik ideologiyası əsasında Ermənistanın bütün qonşularına qarşı ərazi iddiaları vardır.
Hesab edirik ki, məsələlərə münasibət bildirərkən onun mahiyyəti dəqiq bilinməli, konteksdən çıxarılmamalı və Ermənistan kütləvi informasiya vasitələri və siyasətçilərinin məqsədyönlü təhrifləri və dezinformasiyasına deyil, bilavasitə ilkin autentik mənbəyə istinad edilməlidir.