Səfirliyin dəstəyi ilə yefreytor Mirzəyev İbiş Rza oğlunun ailə üzvləri 101-ci atıcı briqadanın döyüşçülərinin anma mərasimində iştirak etmişdirlər
Smolensk vilayətində fəaliyyət göstərən “Dolq” axtarış birliyi” ictimai təşkilatı tərəfindən hər il regionda Böyük Vətən müharibəsi zamanı həlak olmuş insanların cəsədlərinin axtarılıb tapılması və onların dəfn edilməsi məqsədi ilə ekspedisiyalar təşkil edilir.
Keçən il müharibə zamanı yox olmuş kəndin yerində 1943-cü ilə aid məzarlıq aşkar edilmiş və oradan 26 döyüşçünün meyitləri eksqumasiya edilmişdir. Bundan əlavə, müvafiq araşdırma aparılmış və məlum olmuşdur ki, tapılan cəsədlər 1943-cü ildə Smolensk vilayətinin Demidov rayonunun azad edilməsində iştirak etmiş 101-ci atıcı briqadanın döyüşçülərinə məxsusdur. Onların hamısının adları müəyyən edilmişdir.
21 sentyabr 2017-ci il tarixində qeyd olunan əsgərlərin cəsədləri Demidov rayonunun Lobanovo kəndinin “Xatirə meydanı” memorialında bütün hərbi və dini ayinlərə riayət olunmaqla təntənəli surətdə dəfn edilmişdir.
Həlak olanlar sırasında Rusiyanın Tula, Saratov, Perm, Voronej şəhərlərindən, həmçinin Gürcüstan, Özbəkistan, Ukrayna, Qazaxıstan və Azərbaycandan (1 nəfər) olmuş hərbçilər vardır. Soydaşımız Laçın rayonundan olan 1907-ci il təvəllüdlü yefreytor Mirzəyev İbiş Rza oğludur. Onun məzarının tapılması haqda xəbər “Dolq” tərəfindən yaxın ailə üzvlərinə çatdırılmışdır.
Cari ilin 17-18 fevral tarixlərində təşkilat bütün həlak olmuş hərbçilərin yaxınlarını bir araya yığaraq 101-ci atıcı briqadasının döyüşçülərinin xatirəsini anmaq məqsədi ilə təntənəli matəm tədbirləri keçirmişdir.
Səfir Polad Bülbüloğlunun göstərişinə əsasən, Səfirlik tərəfindən yefreytor Mirzəyev İbiş Rza oğlunun ailə üzvlərinin sözügedən tədbirdə iştirak etməsi üçün bütün lazımi köməklik və dəstək göstərilərək, onların Smolenskə səfəri təşkil olunmuşdur. Beləliklə, Böyük Vətən müharibəsində həyatını itirmiş soydaşımızın ailə üzvləri 75 ildən sonra öz doğmalarının məzarı, dəfn olunduğu yeri əldə etmiş oldular.