2018-05-02

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin məlumatı

“Rusiya Qadınlar İttifaqı” ictimai təşkilatının Pskov regional bölməsi İkinci dünya müharibəsi zamanı həlak olmuş və Pskov vilayətinin Porxov şəhəri ətrafında hərbi əsirlərin saxlanıldığı “Dulaq-100” adlı keçmiş düşərgənin yerində dəfn edilmiş əsgərlərin qohumlarının axtarışı ilə məşqul olur.

Həmçinin 2016-cı ildə burada həlak olanların xatirəsinə «Непокорённые» adlı abidə ucaldılmış və memorial kompleksi bərpa edilmişdir.

Həmin düşərgədə təxminən 85 000 əsirin dəfn olunduğu güman edilir. Hazırda cəmi 1000 nəfərin adları müəyyən edilmişdir ki, təşkilat tərəfindən Səfirliyə göndərilən məktuba (əlavə olunur) əsasən, onların arasında soydaşlarımız da vardır.

Qeyd olunan siyahı həlak olmuş soydaşlarımızın yaxınlarının tapılması məqsədi ilə Səfirlik tərəfindən ictimaiyyətə təqdim olunur. Bundan əlavə, sözügedən məlumat Azərbaycan Respublikasının aidiyyətı qurumlarına da göndərilmişdir.

Onu da bildiririk ki, təşkilatın məktubunda əks olunmuş adların bəzilərinin yazılışında qeyri-dəqiqliyə yol verildiyi ehtimal olunur. Bununla bağlı hər-hansı yeni məlumat əldə edəcəyimiz təqdirdə Səfirlik tərəfindən ictimaiyyətə məlumat veriləcəkdir.

 

 

Arxiv üzrə axtarış