2018-06-04

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illiyi ilə bağlı rəsmi mərasim

Hər il olduğu kimi, cari ildə də Səfirlik tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illiyi ilə bağlı rəsmi mərasim keçirilmişdir. Yubiley tədbiri zamanı Ulu öndərin həyat və fəaliyyətinə həsr edilmiş fotosərgi, kitabların nümayişi, onun sevdiyi musiqi əsərlərindən ibarət konsert təşkil edilmişdir.

Tədbirdə iştirak etmək üçün Səfirliyə Rusiya Prezident Administrasiyasının, Federasiya Şurasının, Dövlət Dumasının, Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının rəhbərliyini təmsil edən rəsmi şəxslər, MDB-nin İcraiyyə Komitəsindən, Moskva şəhər Dumasından, tanınmış ictimai-siyasi, elm və incəsənət xadimləri, Heydər Əliyevlə müxtəlif dövrlərdə çalışmış sabiq rəsmilər, Heydər Əliyev Fondunun Rusiya təmsilçiliyinin rəhbərliyi, Azərbaycan dövlət qurumları və şirkətlərinin Moskvadakı nümayəndələri, jurnalistlər, diasporumuzun tanınmış simaları, ziyalılar və Moskvada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri gəlmişdirlər.

Əvvəlcə bütün tədbir iştirakçıları Səfirliyin binasındakı Heydər Əliyevin xatirə barelyefi qarşısına gül-çiçəklər qoydular.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu qonaqları səmimi qəlbdən salamladı və azərbaycanlılar üçün 10 may tarixinin əziz və əlamətdar gün olduğunu vurğuladı. Səfir dahi liderin xatirəsinə həsr olunan tədbirlərə müxtəlif dövrlərdə Heydər Əliyev ilə birgə çalışmış və onunla şəxsən ünsiyyətdə olmuş şəxslərin qatıldığını qeyd edərək tədbir iştirakçılarına Səfirliyə gəldikləri üçün təşəkkürünü bildirdi.

Polad Bülbüloğlu qeyd etdi ki, tarixdə belə şəxsiyyətlər olur ki, onların həyatı və fəaliyyəti bir xalqın, dövlətin taleyini müəyyən edir. Heydər Əlirza oğlu Əliyevin həyatı da buna əyani sübutdur. Bundan əlavə, onun təhsil aldığı dövr, iş təcrübəsi, gördüyü işlər və Azərbaycan dövlətçiliyin möhkəmləndirilməsi, ölkəmizin inkişafı və xalqın rifahı uğrunda Sovet İttifaqı zamanı göstərdiyi fəaliyyət və Azərbaycan Respublikasının müstəqilliyinə verdiyi əvəzsiz töhfəsi barədə ətraflı məlumat verdi. O bildirdi ki, Heydər Əliyevin 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Birinci katibi vəzifəsinə seçildiyi gündən ölkəmiz üçün yeni bir dövr başlamış, öz həllini uzun müddət ərzində gözləyən məsələlər qısa zamanda çözülmüş, Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən tədbirlər həyata keçirilmiş, ölkədə yeni sənaye müəssisələri, universitetlər, muzeylər, teatrlar və kitabxanalar tikilmiş, neft-maşınqayırması və neft-emalı zavodları qurulmuş, Azərbaycana yeni texnologiyalar gətirilmişdir. Həmçinin Bakıda Naxçıvanski adına hərbi məktəb açılmışdır. Azərbaycanın Səfiri qeyd etdi ki, sənayenin inkişafına böyük əhəmiyyət verməsi ilə yanaşı Heydər Əliyev kənd təsərrüfatının dirçəlməsinə də diqqət yetirir, bu sahəni yüksək göstəricilərə çatdırır, məhsuldarlığın səviyyəsinin artımına nail olur. O dövrün ədəbiyyat, teatr, kino, musiqi və incəsənətin inkişafı ilə səciyyələndirildiyini söylədi.    

Heydər Əliyevin rəhbərliyi altında 70-80-ci illərin ölkəmizin tarixində çoxtərəfli və köklü yeniliklərin baş verməsi və dinamik inkişaf ilə xarakterizə olunduğunu vurğulayan Polad Bülbüloğlu, 1982-ci ilin dekabr ayından Heydər Əliyevin SSRİ-nin rəhbərlərindən biri olduğundan sonra, o 12 nazirliklərə nəzarət etməyə başlamış, səhiyyə, elm, maşınqayırma, yüngül sənaye, nəqliyyat, kommunikasiya, mədəniyyət və təhsil kimi vacib sahələri idarə etmişdir. SSRİ-nin orta və peşə təhsil sahəsində radikal islahatlar da Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğuladı. Səfir bildirdi ki, Heydər Əliyev ötən əsrin ən nəhəng layihələrindən olan Baykal-Amur magistralının tikintisi üzrə komissiyaya rəhbərlik edib. Onun prinsipial mövqeyi sayəsində Heydər Əliyev bütün istiqamətlərdə ona həvalə edilmiş məsuliyyətli işi layiqincə yerinə yetirmişdir, lakin ümummilli liderin unikal iş qabiliyyəti, peşəkarlığı və təşkilatı istedadı bəzilərin xoşuna gəlmirdi. O qeyd etdi ki, M.S.Qorbaçovun Heydər Əliyevə psixoloji təzyiqi açıq xarakter daşıyırdı və keçmiş baş katib öz məqsədlərinə nail olmaq üçün bu işə hətta həkimləri də cəlb etmişdir. Onlar Heydər Əliyevi inandırmağa çalışırdılar ki, guya o xəstədir, işləməməlidir və ömrünə az müddət qalıb. Bildirdi ki, məhz bu səbəbdən Heydər Əliyev 1987-ci ildə tutduğu vəzifələrdən istefa verməli oldu. Bundan sonra isə Heydər Əliyevin oğlu, Azərbaycanın gələcək prezidenti İlham Əliyev məzunu olduğu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun adi müəllimi vəzifəsindən kənarlaşdırıldı.

Heydər Əliyevin böyüklüyünün əsl göstəricisi məlum tarixi prosesləri duyub sovet sisteminin perspektivsizliyini öncədən görərək, vəzifədən istefaya çıxması və vətəninə qayıdıb özünü xalqa həsr etməsindən ibarət olmuşdur. 1990-ci ilin yanvar ayında sovet ordusunun Bakıda törətdiyi faciə ilə bağlı Heydər Əliyev bu gün Səfirliyin yerləşdiyi binaya gələrək siyasi bəyanatla çıxış etdi, baş vermiş hadisələrə siyasi qiymət verdi və Azərbaycan xalqına qarşı cinayəti təşkil edənlərin və onu bilavasitə törədənlərin məsuliyyətə cəlb edilməsini tələb etdi. Heydər Əliyev SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə qarşı çıxış edərək, Dağlıq Qarabağda yaranmış vəziyyətlə bağlı 1991-ci ilin iyul ayında Kommunist Partiyasının sıralarından çıxdı. 1993-cü ildə o, Azərbaycan xalqının tələbi ilə dövlət idarəçiliyinin sükanına qayıdaraq, ölkəmizi uçuruma düşmə təhlükəsindən qurtarıb yeni müstəqil Azərbaycan Respublikasını sabit və inkişaf edən dövlətə çevirdi, hüquqi dövlətin təməlini qoydu və sözün əsl mənasında müasir Azərbaycanın memarı oldu.

2003-cü ildə Heydər Əliyev dünyasını dəyişdi. Bunun Azərbaycan üçün ciddi sarsıntı olduğunu deyən Polad Bülbüloğlu, Rusiya Prezidenti Vladimir Putinin Heydər Əliyevlə vida mərasimində Ulu öndəri Rusiyanın böyük dostu və siyasi xadim kimi önəminin nəinki Azərbaycan üçün, eyni zamanda Rusiya üçün də önəmli olduğunu qeyd etməsini xatırlatdı. Səfir Heydər Əliyevin layiqli yetişdirməsi və davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ümummilli lider tərəfindən əsası qoyulmuş möhkəm zəmin üzərində qazandığı uğur və nailiyyətlərin hamıya məlum olduğunu vurğuladı.

Azərbaycanın Səfiri qeyd etdi ki, Heydər Əliyev şəxsən onun həyatında müstəsna rol oynamışdır. Çünki sovet dövründə incəsənət xadimi kimi formallaşmağının və fəaliyyətinin məhz onun respublikaya rəhbərlik etdiyi illərə təsadüf etmişdir. Müstəqillik dövründə isə ona 10 il ərzində onun Hökumətində Mədəniyyət naziri olmaq nəsib olduğunu deyən Polad Bülbüloğlu bildirdi ki, Heydər Əliyev mədəniyyətin müxtəlif sahələrini, o cümlədən musiqini, teatrı, təsviri incəsənəti gözəl bilirdi və müstəqilliyimizin ilk illərində olan çətin iqtisadi şəraitə baxmayaraq, həmişə bu sahəyə diqqət yetirib, onun inkişafı üçün əlindən gələni əsirgəmirdi. Səfir həmin illərin onun üçün böyük məktəb olduğunu söylədi.

Bundan sonra tədbir Səfirlik tərəfindən ümummilli lider, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin yubileyinə həsr edilmiş konsertlə davam etmişdir. Konsertdə Azərbaycanı yüksək səviyyədə təmsil edən yeni nəslin ifaçıları Azərbaycan Respublikasının əməkdar artisti, Rusiyanın Dövlət Akademik Böyük Teatrın solisti Elçin Əzizov, Azərbaycan Respublikasının əməkdar artisti Elnara Məmmədova, Aleksandr Qradskiy teatrının solisti, məşhur “Голос” televiziya layihəsinin finalçısı Emil Qədirov və pianoçular Vladimir Radionov, Riad Məmmədov və Nazxanım Dadaşova çıxış etdilər.  

Konsertdən sonra tədbirə buyuran qonaqlar öz ürək sözləri, fikir və xatirələri ilə bölüşdülər.

Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiyaya İnteqrasiya və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Leonid Kalaşnikov vurğuladı ki, Heydər Əliyev nümunəvi dövlət başçısı idi. Onun ölkə rəhbərliyə qayıtmasından sonra Azərbaycanda dövlət quruculuğu prosesinin başlandığını, dövlətimizin sabit və təhlükəsiz bir məkana çevirildiyini deyən Leonid Kalaşnikov vəzifəmizin bu böyük insan haqqında xatirələri gələcək nəsillərə çatdırmaq olduğunu qeyd etdi.

MDB İcraiyyə Komitəsinin sədri – İcraçı katibi Sergey Lebedev öz çıxışında qeyd etdi ki, Heydər Əliyevlə görüşmək imkanı ona nəsib olub və hər kəsin qəlbində onun barəsində silinməz xatirələr qalıb. O vurğuladı ki, ölkədə keçirilən genişmiqyaslı tədbirlər, insanların Azərbaycan xalqının ümummilli liderinə sevgisi onu deməyə əsas verir ki, bu böyük insanın xatirəsi daim yaşayacaqdır.

Rusiyanın xalq artisti, teleaparıcı Leonid Yakuboviç Heydər Əliyevin tamamilə fantastik şəxsiyyət olduğunu, onunla dəfələrlə görüşdüyünü və Heydər Əliyevin ona güclü təsir bağışladığını söylədi. 

Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutski Heydər Əliyevin öz xalqının xilaskarı kimi müstəsna rolundan bəhs etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ulu öndərimizin layiqli davamçısı olduğunu vurğulayaraq, Azərbaycanın uğurlarından danışdı.

Rusiya Neft-Qaz Sənayeçiləri İttifaqının prezidenti Gennadi Şmal çıxışında Heydər Əliyevin nəyinki Azərbaycanın həm də Sovet İttifaqının və Rusiya Federasiyasının qəhrəmanı olduğunu qeyd etdi. O bildirdi ki, hazırkı gənc nəsil öz rifahına görə kimə minnətdar olmasını bilməlidirlər. Bundan əlavə, Heydər Əliyevin Sovet İttifaqı zamanındakı fəaliyyəti barədə məlumat verdi və onun tərəfindən dövlətçiliyin əsası qoyulmuş müasir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu siyasəti uğurla davam etdiyini vurğuladı.

Rusiyanın əməkdar rəssamı Nikas Safronov Ulu öndəri şəxsən tanıdığını və onu özünə dost hesab etdiyini bildirdi. O, gözəl ölkə olan Azərbaycana həsr edilmiş 30-dan çox rəsmlərin müəllifi olduğunu və Heydər Əliyev onu həmişə azərbaycanlı kimi qəbul etdiyini bildirdi.  

Tədbir Azərbaycan televiziya kanalları, “AzərTAc”, Moskvada fəaliyyət göstərən “Vestnik Kavkaza” informasiya portalı və digər KİV orqanları tərəfindən geniş işıqlandırılmışdır.

Arxiv üzrə axtarış