2018-06-05

28 may 2018-ci il tarixində Səfirlik tərəfindən Respublika Günü münasibətilə rəsmi ziyafət təşkil edilmişdir

Tədbirdə Rusiya Federasiyasının Federal Məclisin Federasiya Şurasının, Dövlət Dumasının, Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının rəhbərliyini təmsil edən rəsmi şəxslər, Moskva şəhər Dumasından, tanınmış ictimai-siyasi, elm və incəsənət xadimləri, Heydər Əliyev Fondunun Rusiya təmsilçiliyinin rəhbərliyi, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin üzvləri, diasporumuzun tanınmış simaları, ziyalılar, Rusiya hərbi universitetlərində təhsil alan azərbaycanlı kursantlar, o cümlədən Rusiya Federasiyası Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri və Moskvada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak etmişdirlər.

Mərasim Azərbaycan və Rusiya dövlət himnlərinin səsləndirilməsi ilə başlamışdır.

Tədbir iştirakçılarını salamlayan Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu ilk öncə salonda yığışan soydaşlarımızı Respublika Günü münasibətilə Azərbaycan dilində ürəkdən təbrik etdi. O qeyd etdi ki, bu il xüsusi önəm daşıyır, çünki 2018-ci ilin may ayının 28-də müsəlman Şərqində ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi tamam olur. Azərbaycan xalqının əsrlər boyu öz müstəqilliyi uğrunda qətiyyətini nümayiş etdirdiyi və azadlıq arzusu ilə yaşadığını bildirdi. “Biz xoşbəxt insanlarıq ki, bu 100 illik yubiley bizim nəslin dövrünə təsadüf edib”- deyə Səfir çıxışını rus dilində davam etdirdi.

Polad Bülbüloğlu vurğuladı ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilmişdir. Səfir bu əlamətdar günü, milli şüurun inkişafı, müstəqillik yolunda mübarizə və Azərbaycan dövlətçiliyinin təməli kimi səciyyələndirdi. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən dövlətçilik quruluşu, qanunvericilikdə islahatlar, siyasi, mədəni, elmi, sosial, vətəndaş hüquqları və azadlıqlarının təminatı ilə bağlı aparılmış işlər barədə ətraflı danışdı. Azərbaycanın Səfiri məlumat verdi ki, AXC-nin beynəlxalq hüquq subyekti istiqamətində göstərdiyi fəaliyyət 1920-ci ildə onun Paris konfransı zamanı tanınmasına, bir sıra dövlətlərlə diplomatik münasibətlərinin qurulmasına və on altı diplomatik nümayəndəliyin ölkəmizdə fəaliyyətə başlamasına gətirib çıxarmışdır. AXC-nin süqutundan sonrakı Sovetlər dövrü ilə bağlı qısa danışaraq, 1969-cu ildən sonra məhz dahi siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi gündən Azərbaycanda bütün sahələrdə başlamış geniş islahatlar barədə tədbir iştirakçılarını məlumatlandırdı. Ölkədə ədəbiyyat, teatr, kino, musiqi və ümumilikdə mədəniyyətin inkişaf etdiyini, dahi Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov, Fikrət Əmirov və Qara Qarayevin əsərlərinin bütün dünya səhnələrində səsləndirildiyini qeyd etdi. Müstəqilliyin növbəti mərhələlərindən söz açan Polad Bülbüloğlu, “Qanlı Yanvar” hadisəsi, o zaman ölkədə baş verən ölkə daxili siyasi böhran və ərazilərimizin Ermənistan tərəfindən işğal olunması hallarını xüsusi vurğuladı. Səfir bildirdi ki, məhz Heydər Əliyevin 1993-cü ildə ölkəyə dönüşündən sonra müstəqillik və dövlətçilik tariximizdə yeni uğurlu səhifə açılmışdır. Bununla ölkədə geniş vüsət alan irimiqyaslı islahatlar və beynəlxalq arenada Azərbaycanın tanıdılması istiqamətində aparılmış işlər barədə məlumat verdi. Ümummilli liderin anadan olmasının 95 illiyi ilə bağlı Bakıda Heydər Əliyev Mərkəzində Rusiyanın təşəbbüsü ilə təşkil olunmuş sərgi barədə danışaraq, Polad Bülbüloğlu Heydər Əliyevin təkcə Sovetlər İttifaqı və Azərbaycanda deyil, bütün dünyada dahi şəxsiyyət kimi tanındığını xüsusi vurğuladı.

Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti bu gün ölkə başçısı İlham Əliyevin uğurla davam etdirdiyini bildirən Səfir, Azərbaycan Respublikasının dünyada demokratik, hüquqi, dünyəvi və tolerant ölkə kimi  tanındığını, ölkəmizin mədəniyyətlərarası dialoqun təşviqində aktiv rol oynadığını və bir sıra vacib beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini qeyd etdi.

Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən işlərin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini və ölkəmizin imicinə müsbət təsir göstərdiyini vurğuladı. Fond tərəfindən “Tolerantlıq ünvanı - Azərbaycan” layihəsi çərçivəsində onlarla məscid, kilsə, məbəd və tarixi abidələrin bərpa olunmasının bir nümunə olduğunu dedi.

Azərbaycanı Rusiya ilə dərin tarixi, mədəni və mənəvi köklərin birləşdirdiyini, ölkələrimiz arasındakı əlaqələrin strateji xarakter daşıdığını və iki ölkə liderlərinin təmaslarının Azərbaycan-Rusiya xalqlarının maraqlarına xidmət etdiyini bildirərək çıxışını sona çatdırdı.

Rusiya Federal Məclisin Federasiya Şurası Sədrinin müavini İlyas Umaxanov çıxışında Azərbaycan xalqını ürəkdən təbrik etdi, sülh və əmin-amanlıq arzuladı. Rusiyanı Azərbaycanla strateji münasibətlərin bağladığını və bu əlaqələrin əsaslarının mehriban qonşuluq və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə söykəndiyini bildirərək, əsrlər boyu mövcud olan tarixi və mədəni münasibətlərin hazırda da inkişaf etdiyini bildirdi. Bu əlaqələrin əyani təzahürünün Azərbaycan dövlətçiliyinin qurulmasında və Azərbaycan-Rusiya münasibətlərinin möhkəmləndirilməsində müstəsna rol oynayan Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin fəaliyyətində öz əksini tapdığını vurğuladı. 10 may 2018-ci il tarixində Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş tədbirin Bakıda Rusiya tərəfindən keçirildiyini və unikal tarixi fotosərginin təşkil olunduğunu qeyd etdi. Rusiya Federasiyası Prezidenti ilə qarşılıqlı etimada əsaslanan yaxın münasibətləri olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ikitərəfli münasibətlər uğurla davam etdirilir. O, iki ölkə arasında mövcud olan münasibətlərə, həmçinin parlamentlərarası əməkdaşlığın töhfə verdiyini və 17 federal subyektin Azərbaycanla iqtisadi, sosial, elmi-texniki və mədəniyyət sahələrində sazişlər imzaladığını vurğuladı. Rusiyanın 70-ə yaxın regionunu təmsil edən müəssisələrin Azərbaycanla əməkdaşlıq etdiyini və humanitar sahədə tərəfdaşlığın yüksək səviyyədə aparıldığını, Azərbaycandan olan on beş min tələbənin Rusiyada təhsil aldığını, iki ölkə prezidentlərinin təşəbbüsü ilə Bakı Beynəlxalq Humanitar Forumunun təşkil olunduğunu diqqətə çatdırdı. Azərbaycanda rus dilinə göstərilən qayğıdan bəhs edən İlyas Umaxanov, bu istiqamətdə ölkəmizdə görülən işlərdən danışdı. Çıxışının sonunda o, Azərbaycan dövlətinə və xalqına bir daha uğurlar dilədi və xoş arzularını ifadə etdi.

Dünya şöhrətli opera ifaçısı, Azərbaycan Respublikasının xalq artisti Dinara Əliyevanın ifasında Niyazinin “Arzu” romansı və italyan operasından əsər qonaqların gurultulu alqışlarına səbəb olmuşdur.

Tədbir milli ansamblın canlı ifasında səsləndirilən Azərbaycan musiqisinin müşayiəti ilə davam etmişdir.

Tədbir Azərbaycan və Rusiyanın tanınmış informasiya portalları tərəfindən geniş işıqlandırılmışdır.

Arxiv üzrə axtarış