2018-06-26

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi tərəfindən diplomatik ziyafət təşkil edilmişdir

26 iyun 2018-ci il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi tərəfindən diplomatik ziyafət təşkil edilmişdir.

Tədbirdə Moskvada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin üzvləri, diaspor nümayəndələri, o cümlədən Rusiya hərbi universitetlərində təhsil alan azərbaycanlı kursantlar iştirak etmişlər.

Tədbir iştirakçılarını salamlayan Səfir Polad Bülbüloğlu ordunun 100 illik yubileyinin hər bir dövlətin və xalqın həyatında xüsusi yer tutduğunu bildirdi. O qeyd etdi ki, Silahlı Qüvvələrin yaradılmasının 100 illiyi münasibətilə ölkəmizdə keçirilən möhtəşəm hərbi parada həsr olunan tədbirdə iştirak etmiş və bir vətəndaş kimi qürur hissi keçirmişdir. Polad Bülbüloğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin paraddakı çıxışı və nümayiş olunan müasir hərbi texnika barədə ətraflı danışaraq vurğuladı ki, 100 illik tarixə malik ordumuz istənilən hücumu dəf etməyə və Ali Baş Komandan tərəfindən qarşısına qoyulan tapşırıqları layiqincə yerinə yetirməyə qadirdir. Azərbaycanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemini sülh və danışıqlar yolu ilə həll etmək üçün çalışdığını, amma xalqın səbrinin də sonsuz olmadığını diqqətə çatdıran Səfir, ATƏT-in Minsk Qrupuna böyük ümid bəsləndiyini və problemin sülh yolu ilə həllinə hələ də inandığımızı ifadə etdi. “Bu gün paradı canlı izləyən şəxs kimi deyə bilərəm ki, işğal altındakı torpaqlarımızı azad etmək üçün Azərbaycan ordusunun hər bir imkanı vardır” – deyən Polad Bülbüloğlu çıxışını davam etdi. Həmçinin o, Hərbi Hava Qüvvələrinin paraddakı möhtəşəm çıxışını minlərlə vətəndaşın canlı olaraq Bakı küçələrindən böyük qürur və sevinc hissi ilə izlədiyini bildirdi. 100 il bundan öncə Azərbaycan Xalq Cümhuriyyəti qurucularının ilk işinin məhz ordu quruculuğu olduğunu xüsusi qeyd etdi. O vaxt anlayırdılar ki, ordusuz ölkənin suverenliyini qorumaq mümkün deyil. Böyük Vətən Müharibəsində iştirak etmiş çoxlu sayda azərbaycanlının Sovet İttifaqı qəhrəmanı adına layiq görüldüyünü və onlar arasında iki dəfə Sovet İttifaqı qəhrəmanı mükafatı ilə təltif olunan şəxsin də olduğunu vurğuladı. Polad Bülbüloğlu Azərbaycan ordusunun güc və qüdrətini dünyaya nümayiş etdirdiyinə görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımı bildirdi.

Sonra çıxış edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Rusiya Federasiyasındakı Hərbi attaşesi polkovnik Nadir Şahbazov Azərbaycan ordusunun təşəkkülü mərhələləri və AXC dövründə bu istiqamətdə görülən işlər barədə ətraflı danışdı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında intensiv ordu quruculuğuna başlandığını və məhz onun 1998-ci ildə imzaladığı Fərmanla 26 iyun tarixinin Dövlət bayramı qismində Azərbaycan Respublikası Silahlı Qüvvələr günü kimi qeyd olunduğunu xüsusi vurğuladı. Azərbaycanda fəaliyyət göstərən hərbi məktəblər barədə ətraflı məlumat verən hərbi attaşe, 1994-cü ildə atəşkəslə bağlı razılığın əldə olunması ilə ölkəmizdə ordu quruculuğunda bütün istiqamətlərdə, xüsusilə Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə sahəsində geniş islahatlara başlandığını və bu islahatların Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini qonaqların diqqətinə çatdırdı. Azərbaycanda istehsal olunan hərbi təyinatlı məhsullar barədə danışan Nadir Şahbazov, Azərbaycan zabitlərinin iştirak etdiyi sülhməramlı missiyalar barədə məlumat verdi. “Düşmənin önündə qarşısına qoyulmuş istənilən tapşırığı yerinə yetirə biləcək güclü Azərbaycan ordusu var və status-kvonu hər an dəyişmək qüvvəsindəyik”- deyərək çıxışını yekunlaşdırdı.

Tədbir Azərbaycan Silahlı Qüvvələrinə həsr olunmuş videoçarxın nümayişi ilə davam etmişdir.

Arxiv üzrə axtarış