Rusiyanın İnsan hüquqları üzrə Müvəkkili Tatyana Moskalkovanın Səfir Polad Bülbüloğluna müraciətinə dair
Rusiya Federasiyasının İnsan hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova Səfir Polad Bülbüloğluna müraciət edərək bildirmişdir ki, Ulyanovsk vilayətində yaşayan Azərbaycan Respublikasının vətəndaşı və ikinci qrup əlil olan Raisa Qalkinanın ümumvətəndaş pasportunun müddəti bitmişdir.
Həmçinin xanım Moskalkova Raisa Qalkinanın səhhəti ilə bağlı uzun məsafə qət etməkdə çətinlik çəkdiyini vurğulamış və bu səbəbdən də ona pasportunun yenisi ilə əvəzlənərək yaşayış yeri üzrə verilməsində lazımi köməklik göstərilməsini xahiş etmişdir.
Polad Bülbüloğlunun göstərişinə əsasən, Səfirliyin konsulluq şöbəsi tərəfindən Azərbaycan Respublikasının Qanunvericiliyə uyğun olaraq Raisa Qalkinanın biometrik məlumatları götürülmüş və aidiyyətı üzrə göndərilmişdir.
Azərbaycanın müfaviq qurumları pasportun qısa müddət ərzində dəyişdirilərək Səfirliyə təqdim olunmasını təmin etmişdirlər.
Cari ilin 12 sentyabr tarixində Səfirliyin konsulluq şöbəsinin əməkdaşı Müsənnif Dadaşov Ulyanovsk vilayətinə ezam olunaraq sözügedən pasportu Raisa Qalkinaya təqdim etmişdir.
Tədbirdə Ulyanovsk vilayətinin İnsan hüquqları üzrə Müvəkkili Lyudmila Krutilina, Rusiya Federasiyasının İnsan hüquqları üzrə Ombudsman aparatının Sosial hüquqların müdafiəsi idarəsinin rəisi Sergey Andrianov və Kütləvi informasiya vasitələri ilə əməkdaşlıq üzrə şöbəsinin rəis müavini Aleksandr Pelipçuk iştirak etmişdirlər.
Lyudmila Krutilina çıxış edərək Azərbaycan vətəndaşının müraciətinin operativ şəkildə həll olunmasını iki ölkə arasında mövcud olan əlaqələrin yüksək səviyyəsindən xəbər verdiyini diqqətə çatdırmışdır.
Ulyanovsk vilayətinin İnsan hüquqları üzrə Müvəkkili və Raisa Qalkina pasportun dəyişdirilməsində göstərilmiş dəstək və köməkliyə görə Səfir Polad Bülbüloğluna dərin təşəkkürlərini bildirmişdirlər.