Moskva şəhərinin “Tsaritsıno” muzey-qoruq kompleksində Azərbaycana həsr olunmuş “İncəsənətdən diplomatiyaya” başlığı altında tədbir keçirilmişdir
21 oktyabr 2018-ci il tarixində Moskva şəhərində “Tsaritsıno” muzey-qoruq kompleksinin Böyük Sarayının Yekaterina zalında “Tsaritsınoda Səfirlik axşamları” adlı layihə çərçivəsində Səfirliyin, sözügedən muzeyin və Rusiyada fəaliyyət göstərən Hüquq sahiblərinə Dəstək Milli Fondunun birgə təşkilatçılığı ilə Azərbaycana həsr olunmuş “İncəsənətdən diplomatiyaya” başlığı altında tədbir keçirilmişdir.
Tədbir həmçinin Rusiya Federasiyasındakı diplomatik korpusun duayeni funksiyalarının Fövqəladə və Səlahiyyətli Səfir Polad Bülbüloğluna keçməsi münasibətilə təşkil edilmişdir.
Mərasimdə Rusiya Federasiyasındakı diplomatik korpusun, Rusiyanın Federasiya Şurasının sədrinin müavini İlyas Umaxanov, Moskvada səfərdə olan Azərbaycan Respublikasının Vergilər Naziri Mikayıl Cabbarov, Rusiya Xarici İşlər Nazirliyinin, Rusiya ictimaiyyətinin və Azərbaycan diasporunun tanınmış nümayəndələri iştirak etmişlər.
Tədbirdə ilk öncə muzeydə saxlanılan və ölkəmizə aid olan dekorativ-tətbiqi incəsənət nümunələri, xalçaçılıq və əl sənəti işləri barədə qısa informativ video-çarx nümayiş etdirildi.
Daha sonra “Tsaritsıno” muzeyinin baş direktoru Yelizaveta Fokina mərasimi açaraq qonaqları salamladı və bildirdi ki, “Tsaritsınoda Səfirlik axşamları” adlı layihə MDB və Baltikyanı ölkələrin muzeydə saxlanılan unikal dekorativ-tətbiqi incəsənət nümunələri kolleksiyasının tanıdılması və nümayiş etdirilməsi məqsədilə həyata keçirilir. Baş direktor imperator Yekaterinanın məhz bu zalda kiçik qəbullar təşkil etdiyini, ailə üzvləri üçün tamaşalar nümayiş etdirildiyini, onun dekorativ-tətbiqi incəsənət nümunələri kolleksiyası topladığını diqqətə çatdıraraq, bu mənada layihə çərçivəsində tədbirlərin muzeyin Yekaterina zalında keçirilməsinin təsadüfi olmadığını qeyd etdi. Xanım Fokina onun çıxışından öncə ölkəmizə həsr olunan bugünkü axşamda Azərbaycanla bağlı kolleksiyadan bəhs edən video çarxın nümayiş etdirildiyini xatırladaraq, eyni zamanda mərasimin daha bir xüsusi səbəbinin olduğunu, Rusiyada akkreditə olunmuş diplomatik korpusun duayeni funksiyasının Səfir Polad Bülbüloğluna keçməsini qeyd etmək məqsədilə təşkil edildiyini bildirdi. Bu münasibətlə çoxsaylı ölkələrin diplomatlarının tədbirə qatıldığını qeyd edən xanım Fokina bütün qonaqları salamladı və cənab Səfiri ürəkdən təbrik etdi. O, Polad Bülbüloğlunun təkcə Azərbaycanda deyil, Rusiyada da hər bir ailədə sevildiyini, onun musiqisinin hər bir evdə dinlənildiyini, Polad Bülbüloğlu kimi istedadlı, təcrübəli və müdrik şəxsin diplomatik korpusa rəhbərlik etməsindən olduqca məmnun olduqlarını vurğuladı.
İlyas Umaxanov çıxışında fövqəladə və səlahiyyətli səfir, Federasiya Şurasının sədri Valentina Matviyenkonun salamlarını və təbriklərini bütün iştirakçılara çatdırdı. O, Y.Fokinanın səsləndirdiyi fikirlərə qoşularaq, nəinki Rusiyada, həm də bütün keçmiş Sovet məkanında Polad Bülbüloğlunun doğma musiqiçi kimi qəbul olunduğunu, sevildiyini, onun 2006-cı ildə rəsmi olaraq Azərbaycanın Səfiri təyin olunduğunu, lakin çoxdan Azərbaycan mədəniyyətinin səfiri olduğunu vurğuladı. O, qeyd etdi ki, təmsil etdiyi Dağıstan Respublikasında da ən çox sevilən müğənnilərdən, bəstəkarlardan biri olan Polad Bülbüloğlu Dağıstanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. İ.Umaxanov çıxışının sonunda Azərbaycan Respublikası Prezidentinə təşəkkürünü bildirdi, ulu öndərin xatirəsinə ehtiramını ifadə etdi və Səfir Polad Bülbüloğluna uğurlar arzuladı.
Tədbirin davamında Polad Bülbüloğlunun Rusiya Federasiyasında Səfir işlədiyi ötən müddət ərzində Rusiya Prezidenti Vladimir Putin, yüksək vəzifəli dövlət rəsmiləri, Rusiya ictimaiyyətinin tanınmış nümayəndələri ilə çəkilmiş şəkillərindən ibarət slayd-şou nümayiş etdirildi.
Daha sonra çıxış edən Səfir Polad Bülbüloğlu bütün həmkarlarına onun dəvətini qəbul edərək tədbirə gəldiklərinə görə təşəkkür etdi. Muzeyin rəhbərliyinə xüsusi minnətdarlığını bildirən Səfir, Rusiya dövlətinin görkəmli rəhbərlərindən biri olan Yekaterinanın adını daşıyan füsunkar zalda Səfirlik axşamlarının keçirilməsinin çox uğurlu ideya olduğunu, zalın xoş aurasının maraqlı ünsiyyət üçün gözəl ab-hava yaratdığını qeyd etdi. Muzeyin Səfirliklə birlikdə mərasimə uzun müddət ciddi hazırlaşdığını deyən Səfir sentyabr ayında Rusiyadakı diplomatik korpusun duayeni olduğunu nəzərə alaraq, bütün diplomatik korpusu bu tədbirə dəvət etməyi qərara aldıqlarını diqqətə çatdırdı və Rusiya Xarici İşlər Nazirliyinin köməyi ilə bu axşamdan diplomatların daha sıx və tez-tez ünsiyyətdə olması üçün istifadə edəcəklərinə ümid etdiyini bildirdi. Polad Bülbüloğlu çıxışının davamında dedi - “Moskvada çox böyük diplomatik korpus, 150-dən çox səfirlik, müxtəlif beynəlxalq təşkilatların nümayəndəlikləri mövcuddur. Əlbəttə ki, Moskva kimi böyük meqapolisdə ünsiyyət üçün vaxt tapmaq asan deyil. Düşünürəm ki, duayen kimi vəzifəm məhz diplomatların daha sıx ünsiyyətdə olması üçün şərait yaratmaqdır”. Bu gün Moskvanın mərkəzində yerləşən Tverskaya meydanında “Azərbaycanın payız sovqatları” adlı festivalın bağlanış mərasiminin olduğunu diqqətə çatdıran Səfir, ilk dəfə baş tutan və çox uğurla keçən bu festivalda moskvalılara səxavətli Azərbaycan torpağının yetişdirdiyi ən dadlı nemətlərin təqdim olunduğunu, həmçinin Azərbaycan mədəniyyəti, əl işlər sənəti nümunələrinin nümayiş etdirildiyini, müxtəlif master klassların keçirildiyini, festivalın Moskva sakinləri tərəfindən böyük maraq və diqqətlə qarşılandığını, onun hər il təşkilinə ümid etdiyini dedi. O, konsert proqramından sonra veriləcək ziyafətdə qonaqların festivalda nümayiş etdirilən bütün nemətləri əyani dada biləcəklərini söylədi. Səfirin çıxışının sonunda Y.Fokina muzeyin hədiyyəsini Polad Bülbüloğluna təqdim etdi.
Hüquq sahiblərinə Dəstək Milli Fondunun baş direktorunun müavini Vadim Breyev çıxışında ilk öncə Polad Bülbüloğlunu duayen olması münasibətilə təbrik etdi. Artıq muzeydə yeddinci Səfirlik axşamının keçirildiyini və bundan olduqca şad olduqlarını bildirən natiq, bu gün hər kəsin Azərbaycan mədəniyyətindən həzz alacağını dedi. O, tədbirdə iştirak edən bütün diplomatik korpusa minnətdarlığını ifadə etdi, layihəni dəstəklədiklərinə görə muzeyin əməkdaşlarına və rəhbərliyinə dərin təşəkkürünü bildirdi. “Kultura” televiziya kanalı xətti ilə 1 milyon 200 min insanın layihə çərçivəsində keçirilən tədbirləri canlı izlədiyini və bu rəqəmin artdığını diqqətə çatdırdı, görülən işlərin Rusiya sakinlərini digər ölkələrin mədəniyyəti ilə yaxından tanış etmək üçün nə qədər faydalı olduğunu vurğuladı. V.Breyev sonda Polad Bülbüloğluna Fondun hədiyyəsini təqdim etdi.
Muzeyin əməkdaşı, layihənin müəllifi və kuratoru Anna Genina Səfiri təbrik edərək layihə haqqında qısa məlumat verdi, Bakıya səfərləri və ölkəmiz, Azərbaycan xalqı barədə xoş təəssüratlarını və fikirlərini qonaqlarla bölüşdü. Səfirliyə tədbirin təşkilində yaxından köməklik göstərdiyinə görə minnətdarlığını bildirdi və tədbirin mədəni hissəsi barədə qonaqları məlumatlandırdı.
Çıxışlar başa çatdıqdan sonra mədəni hissəyə start verildi. İlk öncə gənc aktyorlar Rəmail Bayramlı və Maksim Linnikovun ifasında Azərbaycan və rus dillərində Səməd Vurğunun “Azərbaycan” şerindən hissələr səsləndirildi. Daha sonra gənc skripka ifaçıları, beynəlxalq müsabiqələrin qalibləri Anar Seyidov və Ceyla Seyidova Azərbaycanın əməkdar artisti, professor Samirə Aşumovanın fortepianoda müşayiəti ilə Asəf Zeynallının “Muğam stilində fantaziyalar”, Fikrət Əmirovun “Sevgi rəqsi” əsərlərini, Jorj Bizenin “Karmen” operasından variasiyanı, tarzən Şəhriyar İmanovun rəhbərlik etdiyi ansambl (tar, nağara - Şükür Əliyev, balaban - Ələfsər Rəhimov, fortepiano - Bəbir Bəbirov) Cahangir Cahangirovun “Ay qız” mahnısını və “Nəbz” kompozisiyasını, Azərbaycanın əməkdar artisti, Mariinski teatrı nəzdində Beynəlxalq Musiqi Akademiyasının solisti Elnarə Məmmədova P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının tələbəsi, beynəlxalq müsabiqələrin laureatı Nazxanım Dadaşovanın fortepianoda müşayiəti ilə Sergey Raxmaninovun “Yanımda oxuma gözəl” romansını, Tofiq Quliyevin “Əziz surət” mahnısını, Cakomo Puççininin “Canni Skikki” operasından Laurettanın ariyasını ifa etmişlər. Həmçinin, Azərbaycanın xalq artistləri Nəzakət Teymurova və Mənsum İbrahimov muğam triosunun müşayiəti ilə (tar - əməkdar artist Elçin Həşimov, kamança - əməkdar artist Elnur Əhmədov, nağara - əməkdar artist Kamran Kərimov) ayrı-ayrılıqda xalq mahnılarımızı, muğam parçalarını və bir yerdə “Qarabağ şikəstəsi”ni oxudular. Mədəni proqrama SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, tanınmış pianoçu, bəstəkar, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli yekun vurmuşdur. O, 40 il öncə Polad Bülbüloğlu ilə birlikdə qastrol səfərində olarkən gəmidə bəstələdiyi “Dəniz” kompozisiyasını və Tofiq Quliyevin “Qaytağı” əsərini ifa etmişdir. Səfir Polad Bülbüloğlu Fərhad Bədəlbəylinin çıxışından öncə söz alaraq tanınmış musiqiçini qonaqlara təqdim etmişdir.
Tədbir www.culture.ru mədəniyyət portalında və muzeyin rəsmi internet səhifəsində (www.tsaritsyno-museum.ru) canlı olaraq yayımlanmışdır.
Mədəni hissə başa çatdıqdan sonra qonaqlar üçün Azərbaycan mətbəxinin ləziz təamlarından ibarət ziyafət verilmişdir. Ziyafət zamanı həmçinin Azərbaycan şərablarının dequstasiyası keçirilmişdir.