2018-10-29

Səfir Polad Bülbüloğlu Estoniyanın Rusiyaya yeni təyin olunmuş Səfiri Marqus Laydreni qəbul etmişdir

Cari ilin 29 oktyabr tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri, Rusiyada akkreditə olunmuş diplomatik korpusun duayeni Polad Bülbüloğlu Estoniya Respublikasının bu ölkəyə yeni təyin olunmuş Səfiri Marqus Laydreni qəbul etmişdir.

Qonağı salamlayan Səfir Polad Bülbüloğlu Azərbaycan-Estoniya əlaqələri barədə söhbət açmış və ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır. Həmçinin Azərbaycanın Səfiri cari ilin oktyabr ayının 11-də Tallin şəhərində Azərbaycan və Estoniya respublikalarının 100 illiyi münasibəti ilə iki xalq arasında dostluq əlaqələrinin rəmzi olaraq salınmış park haqqında məlumat vermişdir.

Qarşı tərəfin xahişi ilə Azərbaycan-Rusiya münasibətləri haqqında məlumat verən Polad Bülbüloğlu ölkəmizin Rusiya ilə əlaqələrinin dərin köklərə malik olduğunu diqqətə çatdıraraq, münasibətlərin hazırda yüksələn xətlə inkişaf etdiyini qeyd etmişdir. Səfir bildirmişdir ki, Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlığa söykənir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi, hazırkı durumu barədə ətraflı məlumat verən Polad Bülbüloğlu, işğal faktının hələ də davam etdiyini, bir milyondan artıq həmvətənimizin doğma yurd-yuvalarından məcburi köçkün və qaçqın düşdüyünü, status-kvonun davam etməsinin yolverilməz olduğunu diqqətə çatdırmışdır. Azərbaycanın Səfiri BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin hələ də icra olunmadığını vurğulayaraq, ölkəmizin işğal faktı ilə heç zaman barışmayacağını, yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın yenidən doğma torpaqlarına geri dönəcəyinə əminliyini ifadə etmişdir.

Azərbaycan Ordusunun müasir silahlar və ən son texnologiyalarla təchiz edildiyini qeyd edərək, ordumuzun regionun ən güclü ordusu olduğunu diqqətə çatdıran Polad Bülbüloğlu ölkəmizin müdafiə sənayesinin inkişaf etdiyini söyləmiş və istehsal olunan yerli hərbi təyinatlı döyüş avadanlıqlar haqqında qonağı məlumatlandırmışdır.

Daha sonra Azərbaycanın Səfiri Azərbaycan Respublikasının turizm potensialı, yay-qış kurortları barədə ətraflı danışaraq, turizmin inkişafına göstərilən diqqət və bu sahəyə olan maraqdan söhbət açmışdır.

Polad Bülbüloğlu Azərbaycanın hər hansı köməyə ehtiyac duymadığını və tam müstəqil siyasət apardığını, Şərq Tərəfdaşlığı üzrə danışıqlarda ölkəmizin bərabər hüquqlu tərəfdaşlığa hazır olduğunu vurğulamışdır.

Marqus Laydre səmimi qəbula görə minnətdarlığını ifadə edərək, Estoniya vətəndaşlarının Azərbaycanın turizm potensialı barədə məlumatlandırılmasının vacibliyini diqqətə çatdırmış və bundan sonra eston turistlərin Azərbaycana daha çox səfər edəcəyinə inandığını qeyd etmişdir.

Görüş əsnasında qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Arxiv üzrə axtarış