2018-11-02

Səfir Polad Bülbüloğlu Özbəkistanın Rusiyaya yeni təyin olunmuş Səfiri Botirjon Əsədovu qəbul etmişdir

Cari ilin 2 noyabr tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri, Rusiyada akkreditə olunmuş diplomatik korpusun duayeni Polad Bülbüloğlu Özbəkistan Respublikasının bu ölkəyə yeni təyin olunmuş Səfiri Botirjon Əsədovu qəbul etmişdir.

Görüş əsnasında Səfir Polad Bülbüloğlu qonağı salamlayaraq, Azərbaycan-Özbəkistan əlaqələri haqqında söhbət açmış və ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən Polad Bülbüloğlu işğal faktının hələ də davam etdiyini, bir milyondan artıq həmvətənimizin doğma yurd-yuvalarından məcburi köçkün və qaçqın düşdüyünü, status-kvonun davam etməsinin qəbul edilməz olduğunu söyləmişdir. BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin icra olunmadığını vurğulayan Azərbaycan Səfiri, ölkəmizin işğal faktı ilə heç zaman barışmayacağını, yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın yenidən doğma torpaqlarına geri dönəcəyini vurğuladı. Həmçinin Səfir Özbəkistan Respublikasının ölkəmizin ərazi bütövlüyünü daima dəstəklədiyi və bundan sonrada dəstəkləyəcəyinə əminliyini bildirmişdir. Dünya dövlətlərinin Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinin ölkəmiz tərəfindən diqqət mərkəzində saxlanıldığını qeyd etmişdir.

Daha sonra Azərbaycan ordusunun qüdrəti haqqında danışan Polad Bülbüloğlu, onun regionun ən güclü ordusu olduğunu diqqətə çatdırmışdır.

Bundan əlavə Azərbaycanın Rusiyadakı Səfiri ölkəmizin turizm potensialı, yay-qış kurortları barədə ətraflı məlumat verərək, turizmin inkişafına göstərilən diqqət və bu sahəyə olan maraqdan söhbət açmışdır.

Polad Bülbüloğlu humanitar sahədə əməkdaşlığın vacibliyini vurğulayaraq, Özbəkistanın TÜRKSOY və MDB iştirakçı-dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu çərçivəsində keçirilən tədbirlərdə aktiv iştirak etməyə dəvət etmişdir.

Səfir Botirjon Əsədov səmimi qəbula görə minnətdarlığını bildirərək, Azərbaycanla Özbəkistan arasında əlaqələrin dostluq prinsipinə söykəndiyini xüsusi vurğulamışdır. Ölkəsində görülən işlər, son zamanlar müşahidə olunan müsbət dəyişikliklərdən söz açmışdır. Prezident Şavkat Mirziyoyev tərəfindən MDB-nin strukturlarında Özbəkistanın iştirakının daha da gücləndirilməsi barədə göstəriş verildiyini diqqətə çatdırmışdır. 

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Arxiv üzrə axtarış