2018-11-27

Səfir Polad Bülbüloğlu Braziliyanın Rusiyaya yeni təyin olunmuş Səfiri Tovar Da Silva Nunesi qəbul etmişdir

Cari ilin 27 noyabr tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri, Rusiyada akkreditə olunmuş diplomatik korpusun duayeni Polad Bülbüloğlu Braziliya Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri Tovar Da Silva Nunesi qəbul etmişdir.

Qəbula görə təşəkkürünü bildirən Braziliya Səfiri Azərbaycan Respublikası ilə  münasibətləri yüksək qiymətləndirmişdir. Moskvada akkreditə olunan diplomatik korpusun duayeni səlahiyyətlərinin Səfir Polad Bülbüloğluna keçməsi ilə əlaqədar təbrikini çatdırmış və bu məsuliyyətli işdə müvəffəqiyyətlər arzulamışdır.

Azərbaycanın Səfiri braziliyalı həmkarına təşəkkürünü bildirmiş və duayen qismində həyata keçirəcəyi təkliflərini həmsöhbətinin diqqətinə çatdırmışdır.

Səfir Nunes tərəfimizdən atılan addımları yüksək qiymətləndirmişdir.

Həmçinin görüş zamanı Azərbaycan-Braziliya arasındakı münasibətlərin durumu barədə fikir mübadiləsi aparılmışdır. Braziliya Milli Konqresinin Deputatlar Palatasında Azərbaycanla dostluq qrupunun müvəffəqiyyətli fəaliyyətini, eləcə də Braziliyanın “Embraer” şirkətindən təyyarələrin alınmasının iqtisadi əlaqələrinin inkişafında böyük rol oynadığı qeyd olunmuşdur. 

Braziliyalı diplomat ikitərəfli münasibətlərin inkişafı üçün tək iqtisadi yox, eləcə də mədəniyyət və humanitar əlaqələrin genişləndirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır.   

Daha sonra ölkəmizin üzləşdiyi ən böyük problemi olan Ermənistan-Azərbaycan münaqişəsi barədə ətraflı məlumatı həmsöhbətinin diqqətinə 

çatdıran Polad Bülbüloğlu vurğuladı ki, Azərbaycanın torpaqlarının 20 faizi bu günə kimi Ermənistanın işğalı altında qalmaqdadır. O bildirdi ki, separatçılığı ilə səciyyələnən münaqişələrin dünyanın digər bölgələrində də baş verdiyini nəzərə alaraq, dünya ictimaiyyətinin bu kimi problemlərin diqqət mərkəzində saxlamasının, Dağlıq Qarabağ münaqişəsinə dair BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsinin, həmçinin digər beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilən sənədlərin icrasının təmin edilməsi vacibdir. Azərbaycanın hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsindən 5 dəfə çox olduğunu diqqətə çatdırılmışdır. Beynəlxalq birlik tərəfindən işğalçı dövlətə təzyiqin göstərilmədiyi və Ermənistana qarşı sanksiyaların tətbiq edilmədiyi təəssüflə qeyd olunmuşdur.

Polad Bülbüloğlu Braziliyanın həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli əsasda münaqişə ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinin vacibliyi bildirdi. Bununla əlaqədar həmsöhbətdən münaqişə ilə bağlı müvafiq məlumatın öz Mərkəzinə göndərilməsini xahiş etdim və dövlətlərlə ikitərəfli münasibətlərimizdə həmin ölkələrin Azərbaycan Respublikasının münaqişə ilə bağlı ədalətli mövqeyinə göstərdiyi dəstəklərinin əsas amillərdən birinin olduğunun əhəmiyyətini vurğuladım.

Braziliyanın səfiri münaqişə ilə bağlı verilmiş ətraflı məlumata görə minnətdarlığını ifadə edərək, Azərbaycanın münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu təqdirəlayiq qiymətləndirmişdir.

Səfir Polad Bülbüloğlu bildirmişdir ki, münaqişənin həlli yolları müzakirə edilərkən dünyanın heç bir dövlətinin öz torpaqlarını başqasına verməsi ilə razılaşmayacağı nəzərə alınmalıdır. Ölkəmiz ərazilərimizin işğalı faktoru ilə heç vaxt barışmayacaqdır. Eyni zamanda, dünya praktikasını nəzərə alaraq, erməni icmasının Azərbaycanın tərkibində dinc yaşaması üçün onun təhlükəsizliyinin tam şəkildə təmin olunacağına dair ölkəmiz tərəfindən daim zəmanət verildiyi qeyd olunmuşdur.

Görüş əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. 

Arxiv üzrə axtarış