Səfir Polad Bülbüloğlu Yəmənin Rusiyaya yeni təyin olunmuş Səfiri Əhməd Salem Əl-Vaxeyşini qəbul etmişdir
Cari ilin 29 noyabr tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri, Rusiyada akkreditə olunmuş diplomatik korpusun duayeni Polad Bülbüloğlu Yəmənin bu ölkəyə yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli Səfiri Əhməd Salem Əl-Vaxeyşini qəbul etmişdir.
Qəbula görə təşəkkürünü bildirən Səfir, 2 dəfə Bakıda olduğunu və səfər zamanı ümummilli lider Heydər Əliyevlə görüşdüyünü vurğulamışdır. Daha sonra o, Moskvada akkreditə olunan diplomatik korpusun duayeni səlahiyyətlərinin Səfir Polad Bülbüloğluna keçməsi münasibətilə təbrikini çatdırmış və Rusiyada diplomatik həyatın incəlikləri ilə yaxından tanış olmaq məqsədilə onun təcrübəsindən faydalanmaq niyyətində olduğunu bildirmişdir.
Yəmənli diplomat Azərbaycan-Rusiya arasında mədəniyyət sahəsində əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini, hazırda Moskvada Ümumrusiya Xalq və Dekorativ-Tətbiqi Sənət Muzeyində təşkil olunan “Yeddi Gözəl” sərgisi ilə yaxından tanış olduğunu qeyd etmişdir.
Azərbaycanın Səfiri həmkarına xoş sözlərə görə təşəkkürünü bildirmiş və həmin sərginin dahi Azərbaycan şairi Nizami Gəncəvinin poeması əsasında qurulduğunu, bundan öncə XIV-XV əsrlərin böyük şairi və mütəfəkkiri İmadəddin Nəsimiyə həsr edilmiş “Nəsimi – poeziya, incəsənət və mənəviyyat festivalı”nın Moskvada keçirildiyini diqqətə çatdırmışdır.
Sonra Polad Bülbüloğlu duayen qismində səfirlər üçün təşkil olunan tədbirlərdən söz açmışdır.
Səfir Əl-Vaxeyşi tərəfimizdən atılan addımları yüksək qiymətləndirmişdir.
İkitərəfli münasibətlərə gəlincə Polad Bülbüloğlu Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinin Yəmən tərəfindən bütün beynəlxalq səviyyələrdə daim dəstəkləndiyini, 2012-2013-cü illər üzrə BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünə keçirilmiş seçkilərdə Azərbaycanın lehinə səs verdiyinə görə təşəkkürünü bildirmişdir.
Yəmənli diplomat ölkəsində baş verən hadisələrlə bağlı ətraflı söz açmışdır.
Daha sonra Azərbaycanın Səfiri Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycanın torpaqlarının 20 faizinin bu günə kimi Ermənistanın işğalı altında qaldığı və münaqişəyə dair BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilmədiyi barədə məlumat vermişdir.
Azərbaycanın hərbi büdcəsinin Ermənistanın ümumi dövlət büdcəsini ciddi şəkildə üstələdiyini və güclü ordumuzun müasir silahla təchiz edildiyini bildirmişdir. 2016-ci ilin aprel ayında baş verən döyüşlər nəticəsində Azərbaycanın Silahlı Qüvvələri tərəfindən 800 hektar ərazinin işğaldan azad olunduğu qarşı tərəfin diqqətinə çatdırılmışdır.
Polad Bülbüloğlu Dağlıq Qarabağda yaşamış azərbaycanlı əhalinin öz doğma yerlərinə qayıtması və münaqişənin beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi ilə bağlı dünya ictimaiyyətinin qətiyyətli və birmənalı mövqe bildirməsinin zəruriliyini vurğulamışdır.
Azərbaycan diplomatı bildirmişdir ki, münaqişənin həlli yolları müzakirə edilərkən nəzərə alınmalıdır ki, dünyanın heç bir dövləti öz torpaqlarının başqasına verilməsi ilə razılaşmayacaq. Həmçinin, dünya praktikasını nəzərə alaraq erməni icmasının Azərbaycanın tərkibində dinc yaşaması üçün onun təhlükəsizliyinin tam şəkildə təmin olunacağına dair ölkəmiz tərəfindən daim zəmanət verildiyi qeyd olunmuşdur.
Səfir Əl-Vaxeyşi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı gələcəkdə də ölkəmizə hər cür dəstəyin veriləcəyinə əminlik ifadə etmiş və məsələnin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsinə ümidvar olduğunu vurğulamışdır.
Bununla əlaqədar Səfir Polad Bülbüloğlu Yəmənin beynəlxalq təşkilatlar çərçivəsində münaqişə ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsinin və Moskvada iki Səfirlik arasında əlaqələndirmənin gücləndirilməsinin vacibliyini önə çəkmişdir.
Görüş əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.