Səfir Polad Bülbüloğlu Danimarka Krallığının Rusiyaya təyin olunmuş Səfiri Karsten Senderqordu qəbul etmişdir
Cari ilin 2 noyabr tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri, Rusiyada akkreditə olunmuş diplomatik korpusun duayeni Polad Bülbüloğlu Danimarka Krallığının bu ölkəyə yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli Səfiri Karsten Senderqordu qəbul etmişdir.
Qəbula görə təşəkkürünü bildirən Karsten Senderqord Bakıya üç dəfə səfər etdiyini bildirərək paytaxtımızın və ümumilikdə ölkəmizin son zamanlar çox dəyişdiyini bildirmişdir.
Qonağı salamlayan Səfir Polad Bülbüloğlu qarşı tərəfin xahişi ilə regionda son vaxtlar baş verən proseslər haqqında ümumi məlumat vermişdir.
Səfir Karsten Senderqord bu yaxınlarda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasının vacibliyini qeyd etmiş və Ermənistan-Azərbaycan münaqişəsinin bu günə kimi həll olunmadığını təəssüflə vurğulamışdır.
Polad Bülbüloğlu ümummilli lider Heydər Əliyevin neft strategiyasının sayəsində gerçəkləşən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Azərbaycan neftinin digər nəql marşrutları, eləcə də “Cənubi Qaz Dəhlizi”, Trans-Anadolu “TANAP” və Trans-Adriatik “TAP” qaz boru kəmərləri barədə məlumat vermişdir.
Ölkəmizin üzləşdiyi ən böyük problemi olan Ermənistan-Azərbaycan münaqişəsi barədə ətraflı məlumatı həmsöhbətinin diqqətinə çatdıran Azərbaycan diplomatı qeyd etmişdir ki, ölkəmizin torpaqlarının 20 faizi bu günə kimi Ermənistanın işğalı altında qalmaqdadır. Münaqişənin regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olduğunu xüsusilə vurğulamışdır. Dağlıq Qarabağ münaqişəsinə dair BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsinin, həmçinin digər beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilən sənədlərin icrasının təmin edilməsinin vacibliyini qeyd etmişdir. Azərbaycanın geniş maddi resurslara, eləcə də güclü və müasir silahla təchiz olunmuş orduya malik olduğunu qarşı tərəfin diqqətinə çatdırmışdır.
Həmçinin görüşdə qəbul olunmuş beynəlxalq sənədlərdə Ermənistanın işğalçı dövlət olmasının öz əksini tapdığı və işğal olunmuş ərazilərimizdə separatçı rejimin yaradıldığı bildirilmişdir, Ermənistanın siyasətinin azərbaycanlı əhalinin etnik təmizləməyə və nəticədə 1 milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə gətirib çıxartdığı ifadə olunmuşdur. Polad Bülbüloğlu münaqişəyədək Dağlıq Qarabağ əhalisinin ermənilər və azərbaycanlılar arasında nisbətinin 70 – 30 faiz olaraq təşkil etdiyini qeyd edərək, münaqişənin mərhələli həllinin Dağlıq Qarabağda yaşamış azərbaycanlı əhalinin öz doğma yerlərinə qayıtması və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi ilə bağlı dünya ictimaiyyətinin qətiyyətli və birmənalı mövqeyinin bildirilməsinin zəruri etdiyini vurğulamışdır. Beynəlxalq birlik tərəfindən işğalçı dövlətə təzyiqin göstərilmədiyini və Ermənistana qarşı sanksiyaların tətbiq edilmədiyini təəssüflə qeyd etmişdir.
Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın Baş naziri arasında Düşənbədə baş tutan qısa müddətli ayaq üstü görüşdən sonra təmas xəttində nisbi sakitlik müşahidə olunduğuna baxmayaraq, Ermənistanın silahlı qüvvələri tərəfindən mütəmadi olaraq atəşkəsin pozulması halları qeydə alınır. Ermənistan Baş nazirinin qondarma rejimi müstəqil tərəf kimi danışıqlar prosesinə qatmaq iddiasının reallaşmasının mümkünsüzlüyünü, sülh danışıqlarının yalnız Azərbaycanla Ermənistan arasında aparılmasının yeganə format olduğunu xüsusilə vurğulamışdır.
Polad Bülbüloğlu ATƏT-in Minsk Qrupunun həmsədri qismində çıxış edən və bütövlükdə regionda nüfuzunu nəzərə alaraq, Rusiyanın Ermənistan-Azərbaycan münaqişənin nizamlama prosesindəki vacib rolundan danışmışdır. Rusiya Federasiyasının Prezidenti, Xarici işlər naziri və digər rəsmi şəxslərin Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və qondarma rejimin tanınmaması ilə bağlı rəsmi mövqedən çıxış etdiklərini bildirmişdir.
Görüş əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.