“Yeddi gözəl” sərgisinin açılış mərasiminə dair
20 noyabr 2018-ci il tarixində Moskva şəhərində Ümumrusiya Xalq və Dekorativ-Tətbiqi Sənəti Muzeyində Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin dəstəyi ilə “Yeddi gözəl” sərgisinin açılış mərasimi keçirilmişdir.
Muzeyin direktoru Yelena Titova mərasimi giriş sözü ilə açaraq qeyd etdi ki, bu gün Azərbaycan Xalça Muzeyindən olan həmkarları tərəfindən ərsəyə gətirilən layihənin açılışı keçirilir və sərginin məhz onun rəhbərlik etdiyi muzeydə keçirilməsindən olduqca məmnundur. O diqqətə çatdırdı ki, iki muzey arasında çox yaxşı əlaqələr mövcuddur və bir neçə il öncə onlar arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Yelena Titova vurğuladı ki, məhz ölkəmizin Xalça Muzeyinin sayəsində Heydər Əliyev Fondu ilə də gözəl münasibətlər qurublar. O, daha sonra sərgi haqqında məlumat verərək bildirdi ki, şərqsayağı zərif və dərin fəlsəfi mənaya, valehedici dizayna malik “Yeddi gözəl” sərgisində müasir texnologiyalar, zəngin tarix, rəssamların ustalığı öz əksini tapıb. Sərgi salonlarının əksəriyyətində tanınmış bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baleti ilə bağlı əsərlər nümayiş etdirilir. Lakin, sərginin konsepsiyası daha genişdir. Belə ki, ekspozisiya XII əsr dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin romantika, gözəllik və qadına münasibətdən bəhs edən “Yeddi gözəl” poemasına əsaslanır. Sərginin ilk dəfə Ümumrusiya Xalq və Dekorativ-Tətbiqi Sənəti Muzeyində nümayiş etdirildiyini diqqətə çatdıran Yelena Titova layihənin gələcəyinin də uğurlu olacağına, digər ölkələrin muzeylərində də müvəffəqiyyətlə sərgilənəcəyinə əmin olduğunu bildirdi. O, sərginin təşkilinə görə Heydər Əliyev Fonduna, Azərbaycan Xalça Muzeyinin əməkdaşlarına və bu işdə əməyi olan hər kəsə təşəkkür etdi.
Daha sonra çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qeyd etdi ki, sərginin konsepsiyası XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəvinin poeması və dünya şöhrətli bəstəkar Qara Qarayevin baleti əsasında qurulub. Ekspozisiya miniatür əsərlər, xalçalar, zinət əşyaları, həmçinin Azərbaycan klassik musiqisi, klassik rəqslər və müasir incəsənət elementləri ilə zənginləşdirilib. “Yeddi gözəl” poemasının dərinliyi və fəlsəfi aləmi xalçalar, kitab miniatürləri proyeksiyaları, dekorativ tətbiqi sənət nümunələri və instalyasiyalar vasitəsilə təqdim olunur. Həmçinin qonaqlar “Yeddi gözəl” baletinə həsr olunmuş arxiv materialları, afişalar, baletin proqramları və fotoşəkillərlə tanış ola biləcəklər. Leyla Əliyeva sərginin Ümumrusiya Xalq və Dekorativ-Tətbiqi Sənəti Muzeyində keçirilməsinə imkan yaratdığına görə Yelena Titovaya, həmçinin layihədə əməyi olan hər bir kəsə təşəkkürünü bildirdi.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu son aylar ərzində Moskvada Azərbaycana həsr olunmuş bir neçə əhəmiyyətli tədbirin təşkil edildiyini xatırladaraq diqqətə çatdırmışdır ki, oktyabr ayının ortalarında Moskva meriyası ilə üzbəüz yerləşən mərkəzi meydanda “Azərbaycanın payız sovqatları” adlı sərgi keçirilmişdir. Bundan əlavə, 19 noyabr tarixində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) böyük Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin büstünün açılışının, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Azərbaycan şairi - mütəfəkkirinin mənəvi irsi” başlıqlı festivalın açılış mərasiminin baş tutduğunu, bir gün sonra isə özü özlüyündə muzey olan bu nadir binada “Yeddi gözəl” sərgisinin açılış mərasiminə yığışdığımızı qeyd etmişdir. Bütün sadalanan tədbirlərin təşkilinə görə Heydər Əliyev Fonduna və xüsusilə Leyla Əliyevaya təşəkkürünü ifadə edən Səfir, məhz Fondun dəstəyi sayəsində həmin tədbirlərin ərsəyə gəldiyini vurğulamışdır. MDBMİ-də Nəsiminin büstünün qoyulmasına görə Leyla Əliyevaya ayrıca minnətdarlığını bildirən Polad Bülbüloğlu, bu abidənin universitetdə Nəsimi yaradıcılığının təbliğinə xidmət edəcəyini qeyd etmişdir. Həmçinin Səfir bugünkü tədbirin iki xalqın və ölkənin həyatında əlamətdar mədəni hadisə olduğunu bildirmişdir.
Mərasimdə Rusiyanın tanınmış mədəni-ictimai xadimləri, Moskvadakı diplomatik korpusun nümayəndələri, Səfirliyin və Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin əməkdaşları iştirak etmişdirlər.