2019-01-20

20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri

20 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbirdə Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev, Azərbaycan Respublikasının dövlət qurumlarının Rusiya Federasiyasındakı təmsilçiləri, Rusiya ictimaiyyətinin nümayəndələri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin və diaspor təşkilatlarının üzvləri iştirak etmişlər.

İştirakçılar Səfirlikdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin barelyefi önünə və Qanlı Yanvar şəhidlərinin adları yazılmış lövhənin qarşısına tər çiçəklər düzmüş, şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər. Daha sonra Səfirliyin rus dillində hazırladığı press-reliz səsləndirilmişdir.

Tədbirdə çıxış edən Səfir Polad Bülbüloğlu faciə haqqında geniş məlumat verdi. Vurğuladı ki, bəzi insanların məsələni başqa istiqamətə yönəltmək istəklərinə baxmayaraq nə Azərbaycan xalqı, nə də Hökuməti və ya Prezidenti heç vaxt totalitar Sovet İttifaqı rejimi dövründə baş verən hadisələri bugünkü demokratik Rusiya ilə əlaqələndirmir. Qeyd etdi ki, Azərbaycan xalqının ümummilli lideri və görkəmli dövlət xadimi Heydər Əliyev ailəsi ilə birlikdə 21 yanvar tarixində Səfirliyin binasına gələrək çəkinmədən baş verən hadisələrə öz qəti etirazını bildirmiş və faciəyə siyasi qiymət vermişdir. Dövrün çətinliklərini, maneələrini yaxşı anlayan Heydər Əliyev totalitar rejimə qarşı çıxaraq faciənin törədilməsini cinayət, faciəni törədənləri isə cinayətkar adlandırmışdır. Heydər Əliyevin Səfirlikdə qoyulan barelyefinin Ümummilli liderimizin həmin cəsarətli addımını xatırlatdığını qeyd etdi. Polad Bülbüloğlu bütün şəhidlərə, o cümlədən Qarabağ uğrunda canlarından keçən insanlara Allahdan rəhmət diləmiş, Səfirliyə gələn qonaqlara xalqımızın kədərinə şərik olduqları üçün dərin minnətdarlığını ifadə etmişdir. 

RF Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev şəxsən öz adından və dostluq qrupunun adından Azərbaycan xalqına başsağlığını çatdırmışdır. O, insanların həmin dövrdə küçələrə çıxaraq haqsızlığa və ədalətsizliyə qarşı mübarizə apardıqlarını, lakin 100-dən çox insanın ölümünə səbəb olan dəhşətli faciəyə, o vaxtki SSRİ rəhbəri Mixail Qorbaçovun əməllərinə hələ də dünya dövlətləri və beynəlxalq ictimaiyyət tərəfindən lazımi hüquqi qiymət verilmədiyini təəsüflə vurğulamışdır.

Rusiyalı politoloq Qriqori Trofimçuk "Qara Yanvar"ın Azərbaycan tarixində taleyüklü hadisə olduğunu, 20 yanvar faciəsinin xronoloji baxımından Tbilisidə və Vilnüsdə baş verən hadisələrin arasında baş verdiyini xüsusilə qeyd etmişdir. Rusiyalı politoloq, ilk növbədə baş verənlərə görə məsuliyyət daşıyanların müəyyən edilməsinin, o vaxtkı Sovet İttifaqının rəhbərliyinin cinayətkar hərəkətlərinə düzgün hüquqi  qiymətin verilməsinin vacibliyini vurğulamışdır.

Tədbirin sonunda iştirakçılar üçün ehsan süfrəsi təşkil olunmuşdur.

Arxiv üzrə axtarış