2019-02-19

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin mətbuat xidmətinin məlumatı

19 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlunun Çeçenistan Respublikasının səlahiyyətli nümayəndələri ilə görüşü keçirilmişdir.

Rusiya Federasiyasının Federal Məclisinin Dövlət Dumasının Çeçenistan Respublikasından olan deputatı Adam Delimxanov Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında dostluq əlaqələrinin olduğunu qeyd edərək, onların baş vermiş insidentə dərhal münasibət bildirdiklərini və yaranmış vəziyyətin nizamlanması üçün göstəriş verdiklərini qeyd etmişdir.

Öz növbəsində, Səfir Polad Bülbüloğlu Azərbaycan Respublikasının Prezidenti və Çeçenistan Respublikasının Başçısının tapşırığı ilə keçirilən görüşə və çətin günlərdə Çeçen xalqına dəstək olmuş Azərbaycan dövlətinin və xalqının ünvanına səslənən xoş ifadələrə görə minnətdarlığını bildirmişdir. Hər iki tərəfdən gənclərin  qanunazidd əməllərini pisləyən Səfir, birmənalı şəkildə təxribatlara yol verilməməsinin və vəziyyətin gərginləşdirilməməsinin vacibliyini vurğulamışdır.

Görüşdə çıxış edən ictimai və din xadimi, Çeçnistan Respublikasının Daimi nümayəndəsi yanında İctimai Şuranın üzvü Şahid-Hacı Qazabayev və Moskva Dövlət Humanitar-İqtisad Universitetinin rektoru, professor Vaqif Bayramov Azərbaycan və Çeçenistan rəhbərliklərinin atdığı addımları dəstəklədiklərini və hər iki xalqın nümayəndələrini gələcəkdə bu kimi hallara yol verməməyə çağırmışlar.

Görüşdə Çeçenistan Respublikasının Rusiya Federasiyası Prezidenti yanında Səlahiyyətli nümayəndəsi Bekxan Taysmaxanov, Rusiya Federasiyasının Federal Məclisinin Dövlət Dumasının deputatı Maqomed Səlimxanov, Rusiya Federasiyasının Federal Məclisinin üzvü Suliman Geremeyev və hər iki tərəfin digər nümayəndələri iştirak etmişlər.

Moskva hökumətini görüşdə Regional təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə Departamentinin rəhbəri Vladimir Reqnatski, Milli siyasət və regionlararası əlaqələr Departamentinin rəhbəri vəzifəsini icra edən İvan Petrov və Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Cinayət axtarış idarəsinin rəisi general-mayor Sergey Kuzmin təmsil etmişlər.

Arxiv üzrə axtarış