2019-02-25

Moskvada “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində anım tədbiri keçirilmişdir

25 fevral 2019-cu il tarixində “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Moskvada yerləşən Yəhudi muzeyi və Tolerantlıq Mərkəzində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.

Muzeyin foyesində Xocalı soyqırımından bəhs edən ədəbiyyat və bukletlər tədbir iştirakçılarına təqdim edilmişdir.

Mərasimin əvvəlində rejissor Vaqif Mustafayevin “Dərdimi çəkirəm” sənədli filmi nümayiş olunmuşdur. Xocalı faciəsini lentə alan ilk şəxslərdən biri olan hərbi operator Seyidağa Mövsumovun çəkdiyi qandonduran kadrlar əsasında hazırlanmış filmdə erməni silahlı birləşmələri tərəfindən Xocalıda dinc əhaliyə qarşı törədilmiş dəhşətli qətliamın ağır nəticələri bütün təfərrüatı ilə izləyicilərin diqqətinə təqdim olunur.   

Tədbiri giriş sözü ilə açan Səfir Polad Bülbüloğlu erməni silahlı bölmələrinin 366-cı moto-atıcı alayının köməkliyi ilə Xocalı şəhərinə hücumundan 27 il ötdüyünü, əvvəlcədən hazırlanmış və mülki əhalini hədəf alan bu dəhşətli hərbi əməliyyatın nəticəsində 613 şəxsin qətlə yetirildiyini, aralarında yaşlı, qadın və uşaqların olduğu 1275 dinc sakinin əsir götürüldüyünü, 487 nəfərin əlil qaldığını və 150 şəxsin itkin düşdüyünü iştirakçıların diqqətinə çatdırdı. Səfir hazırda dünyanın 16 ölkəsi və Amerika Birləşmiş Ştatlarının 22 Ştatının Xocalıda baş verənləri soyqırım aktı kimi qəbul etdiyini, faciənin bütün dünyada soyqırım kimi tanınması məqsədilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası təşəbbüsünü irəli sürən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən böyük işlərin görüldüyünü vurğuladı. O, bugünkü tədbirin təşkilində göstərdiyi dəstəyə görə Leyla xanım Əliyevaya və Fondun Rusiyadakı nümayəndəliyinin əməkdaşlarına xüsusi minnətdarlığını bildirdi. Səfir, həmçinin bu ağır gündə tədbirdə iştirak edərək Azərbaycan xalqının kədərini bölüşən Rusiya ictimaiyyətinin nümayəndələrinə, həmkarlarına, diplomatik korpusun nümayəndələrinə təşəkkürünü ifadə etdi. Yəhudi muzeyi və Tolerantlıq Mərkəzinin rəhbərliyinə xüsusi minnətdarlıqla müraciət edən Polad Bülbüloğlu  soyqırım yaşamış xalq kimi yəhudilərin Azərbaycan xalqına qarşı edilmiş zülmü hər kəsdən daha yaxşı anladığını dedi. O, 27 il ərzində öz doğma yurdlarından uzaqda gənc xocalıların doğulub böyüdüyünü, lakin onların da öz ata və babaları kimi doğma evlərinə qayıtmaq arzusunda olduqlarını qeyd etdi və “Mən inanıram ki, biz oraya mütləq qayıdacağıq və quracağımız yeni Xocalıda tezliklə Azərbaycan Respublikasının üçrəngli bayrağı dalğalanacaqdır" sözləri ilə öz çıxışını bitirdi.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov çıxışında bildirdi ki, Xocalı qətliamını törədən şəxslər döyüşlərin getdiyi bölgələrdə yaşayan azərbaycanlı dinc sakinlər arasında dəhşətli qorxu yaratmaqla erməni döyüşçülərinin növbəti hücumları zamanı və hərbi əməliyyatlar dalğası davam edərkən mülki əhalinin dərhal öz evlərini tərk etməsinə nail olmaq məqsədi güdürdülər. R.Musabəyov həmin qanlı aksiyanı təşkil edən Robert Koçaryan və Serj Sarkisyanın daha sonra Ermənistanın prezidentləri seçildiklərini, Xocalıya hücumda iştirak etmiş 366-cı alayın batalyon komandiri Seyran Ohanyanın isə Ermənistanın müdafiə naziri vəzifəsinə təyin olduğunu təəssüflə qeyd etdi. O, Azərbaycan qisas gözləmədiyini, yalnız ədalətin bərpasını tələb etdiyini vurğuladı.

Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Rusiya Dövlət Humanitar Universitetinin rektoru Yefim Pivovar heç bir səbəb olmadan, sadəcə Xocalıda yaşadığı üçün qətlə yetirilən uşaqların, yaşlıların, qızların, gənclərin, qadınların xatirəsi önündə baş əydiyini bildirdi. Nümayiş olunan sənədli filmin tribunal üçün mütləq sübut olduğunu vurğulayan Y.Pivovar, Xocalıda baş verən hadisənin təfərrüatlarının indiki gənc nəsillərə, azərbaycanlı, erməni, rus və digər ölkələrin gənclərinin diqqətinə çatdırılmasının, bu cinayətin yaddaşlardan silinməməsi və cinayətkarların cəzalandırılması üçün bütün lazımi addımların atılmasının zərurliliyini vurğuladı.

Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov çıxışında qeyd etdi ki, 27 il bundan əvvəl Xocalı şəhərində hərbi əməliyyatlarda iştirak etməyən mülki şəxslər - yaşlılar, qadınlar və uşaqlar yalnız azərbaycanlı olduqları üçün sistematik şəkildə məhv edilmişlər. N.Səfərov Yuqoslaviya, Ruanda, Sierra-Leone və Livanda baş verən hadisələrlə bağlı tribunalların təsis edildiyini söyləyərək, Xocalı soyqırımını törədənlərə qarşı heç bir cəza tədbirinin görülmədiyini təəssüflə bildirdi. Bunun üçün Dağlıq Qarabağ üzrə azərbaycanlı və beynəlxalq hakimlərdən ibarət xüsusi tribunalın və ya beynəlxalq yurisdiksiyaya malik xüsusi palatanın yaradılmasının vacibliyini iştirakçıların diqqətinə çatdırdı. Beynəlxalq hüquqda bir çox hüquqi alətlərin mövcud olduğunu bildirən Milli Məclisin rəsmisi, cinayət törədən şəxslərin müttəhimlər kürsüsündə oturacaqlarını, tez və ya gec öz layiqli cəzalarını alacaqlarını əminliklə ifadə etdi.          

“Vestnik Kavkaza” informasiya agentliyinin baş direktorunun müavini Andrey Petrov “Justice for Khojali” çağırışında “justice” sözünün ingilis dilində təkcə ədalət yox, həm də ədalət mühakiməsi mənasını daşıdığını bildirdi və bunun Azərbaycanın nail olmaq istədiyi əsas məqsəd olduğunu vurğuladı. Artıq baş verən faciənin aradan qaldırılmasının mümkün olmadığını, lakin birgə səylərlə gələcəkdə bu cür cinayətlərin təkrarlanmasının qarşısının alına biləcəyini qeyd etdi. Bunun üçün mümkün qədər çox insan Xocalı faciəsinin təfərrüatları barədə məlumatlandırılmalı, həqiqəti təhrif etmək cəhdlərinin qarşısının alınmalı və dinc əhalinin öldürülməsinə görə qatillərin mühakimə olunması uğrunda mübarizə aparılmalıdır.

Sonda çıxış edən Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəalı Orxan Kərimov gənclər adından beynəlxalq ictimaiyyəti Xocalıya ədalətə çağırdı, ədalətin zəfər çalacağına və həmvətənlərimizin öz doğma yurdlarına qayıdacaqlarına əminliyini ifadə etdi.

Tədbirdən sonra ehsan süfrəsi açılmışdır.

Arxiv üzrə axtarış