Səfir Polad Bülbüloğlu Rusiyanın Millətlərlə İş üzrə Dövlət Agentliyinin rəhbəri İqor Barinov ilə görüşmüşdür
30 may 2019-cu il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu Rusiya Federasiyasının Millətlərlə İş üzrə Dövlət Agentliyinin rəhbəri İqor Barinov ilə rəsmi görüş keçirmişdir.
Görüşdə Rusiya Federasiyasının Dağıstan Respublikasında azərbaycanlıların kompakt yaşadığı rayonlarda fəaliyyət göstərən orta məktəblərdə Azərbaycan dilinin tədrisi və Federal Dövlət Təhsil Standartlarına uyğun olaraq Azərbaycan dili fənni üzrə yeni dərs vəsaitlərinin hazırlanması ilə bağlı ortaya çıxan məsələlər və onların həlli yolları ətraflı müzakirə olunmuşdur.
Səfir müvafiq dərsliklərin məzmununu Rusiya tərəfi ilə razılaşdırmaqla onların Azərbaycanda çap edilməsi və Dağıstana göndərilməsini təklif etmişdir. İqor Barinov, öz növbəsində, Rusiyada orta məktəblər üçün kitabların hazırlanması və çapına cavabdeh olan Maarif Nazirliyi ilə müvafiq məsləhətləşmələr apardıqdan sonra, atıla biləcək birgə mümkün addımlara dair Səfirliyi məlumatlandıracağını bildirmişdir.
Görüş zamanı, həmçinin federal səviyyədə milli diaspor təşkilatları ilə işə cavabdeh olan qurumun rəhbəri kimi İqor Barinovla Azərbaycan diasporunun Rusiyada fəaliyyəti ilə bağlı ümumi fikir mübadiləsi aparılmış, Azərbaycan icması daxilində yaranmış arzuolunmaz vəziyyətlə əlaqədar narahatçılığımız qonağın diqqətinə çatdırılmışdır. Bundan əlavə, Səfir Polad Bülbüloğlu K.Kərimov adına Moskva şəhəri 1583 nömrəli orta məktəbdə Azərbaycan milli-mədəni komponentinin tədrisinin gücləndirilməsinin zəruriliyini və Rusiyanın müvafiq qurumları tərəfindən bu məsələyə diqqətin artırılmasının vacibliyini vurğulamışdır.