Rusiyadan Azərbaycana yeni metro vaqonlarının ilk partiyası yola salınmışdır
Cari ilin 4 iyun tarixində Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinə daxil olan “Metrovaqonmaş” Səhmdar Cəmiyyətinin ərazisində Azərbaycana yeni metro vaqonlarının ilk partiyasının təntənəli yola salınma mərasimi keçirilmişdir.
Qeyd olunan vaqonların Azərbaycan tərəfinə təqdim edilməsi bu ilin əvvəlində “Metrovaqonmaş” SC ilə “Bakı Metropoliteni” QSC arasında imzalanmış müqaviləyə əsasən həyata keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov, “Transmaşholdinq” SC-nin baş direktoru Kirill Lipa, “Metrovaqonmaş” SC-nin baş direktoru Boris Boqatıryov və müəssisənin çox saylı kollektivi iştirak etmişdirlər.
Səfir Polad Bülbüloğlu çıxışında sözügedən vaqonların hazırlanmasında əməyi olan hər bir kəsə dərin təşəkkürünü bildirmişdir. O, istehsal olunan məhsula bütün dünyada, o cümlədən Azərbaycanda da böyük tələbatın olduğunu söyləmişdir. Səfir vurğulamışdır ki, “Metrovaqonmaş” ilə “Bakı Metropoliteni” arasında mövcud olan əlaqələrin dərin tarixə malikdir. 1967-ci ildə istifadəyə verilən Bakı metrosunun tarixi haqqında tədbir iştirakçılarına hərtərəfli məlumat verən Azərbaycanın Rusiyadakı Səfiri sözügedən əməkdaşlığın bu gün də davam olunması istehsal olunan vaqonların yüksək keyfiyyətindən xəbər verdiyini diqqətə çatdırmışdır. Bakı metrosunda həmin vaqonların istifadəsi hər gün altı yüz min sərnişinin daşınmasına imkan yaradır.
Polad Bülbüloğlu Azərbaycanda Rusiya ilə münasibətlərə, istər siyasi, istər humanitar və ya insanların bəhrələndiyi, onlara fayda verən digər sahələrdəki əlaqələrə böyük dəyər verildiyini söyləmişdir.
Həmçinin tədbirdə Zaur Hüseynov, Kirill Lipa və Boris Boqatıryov da çıxış etmişdirlər.
Mərasim Azərbaycan və yerli KİV nümayəndələri tərəfindən geniş işıqlandırılmışdır.