Səfir Polad Bülbüloğlu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzaini qəbul etmişdir
Cari ilin 4 iyun tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzaini Moskvaya səfəri çərçivəsində onun xahişi ilə Səfirlikdə qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə BMT və onun ixtisaslaşmış qurumları arasında mövcud olan əməkdaşlıq, ölkəmizin beynəlxalq müstəvidə gündən günə artan nüfuzu və rolu, beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfə ətrafında geniş fikir mübadiləsi aparılmış, ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunmuşdur.
BMT-nin rəsmisi Azərbaycanın müstəqilliyinin bərpa olunmasından sonra qısa müddət ərzində əldə etdiyi nailiyyətlər haqqında danışarkən, Azərbaycanın yardım alan ölkədən tərəfdaş dövlətə çevrildiyini və dayanaqlı inkişafa nail olduğunu vurğulamışdır.
Polad Bülbüloğlu bu müstəqilliyin və inkişafın asan əldə olunmadığını diqqətə çatdıraraq vurğuladı ki, məhz 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra Azərbaycan dövləti iflasa uğramaqdan qurtarılmış, dövlətçiliyin möhkəmləndirilməsi, sosial və iqtisadi inkişafın təmin edilməsinə nail olunmuşdur. Səfir ölkəmizin ən böyük problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, onun səbəbləri və nəticələri haqqında həmsöhbətinə ətraflı məlumat vermişdir. O, Ermənistanın özündən qovulan və Azərbaycan ərazilərinin işğalı nəticəsində doğma yurdundan didərgin düşən 1 milyon soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini xüsusi vurğulamışdır. Münaqişə ilə bağlı BMT çərçivəsində qəbul olunan və işğala son qoyulmasını tələb edən bir sıra qətnamələrə baxmayaraq, münaqişənin bu günə kimi həll olunmamasını təəssüflə qeyd edən Səfir, dünya birliyini beynəlxalq müstəvidə qanunun aliliyinin və ədalətin bərpa olunmasının təmin edilməsində səylərinin birləşdirilməsinin vacibliyini önə çəkmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.