2019-05-28

Respublika Günü və Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Səfirlik tərəfindən diplomatik ziyafət təşkil edilmişdir

28 may 2019-cu il tarixində Respublika Günü və Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi tərəfindən diplomatik ziyafət təşkil edilmişdir.

Tədbirdə Rusiya Federasiyasının yüksək vəzifəli dövlət və hökumət nümayəndələri, deputatlar, Moskvada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, elm və mədəniyyət xadimləri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGT) üzvləri, Azərbaycan icmasının üzvləri, tanınmış iş adamları, Rusiya hərbi universitetlərdə təhsil alan azərbaycanlı kursantlar, o cümlədən Rusiya Federasiyasının Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri iştirak etmişlər.

Rusiya Federasiyasını təmsil etmiş rəsmi şəxslər arasında Xarici İşlər nazirinin müavini – stats-katibi Qriqori Karasin, Federal Məclisin Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Tatyana Moskalkova, Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov, Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski, Dövlət Dumasının deputatları Dmitri Savelyev və Oleq Smolin, XİN-in MDB ölkələri üzrə 4-cü Departamentinin rəisi Denis Qonçar, həmin Departamentinin rəis müavini Nikolay İvanov, Rusiyanın Azərbaycandakı keçmiş səfirləri Vladimir Doroxin və Vasili İstratov olmuşlar. Eyni zamanda, Rusiyanın tanınmış simaları, ictimai siyasi, elm və incəsənət xadimləri, Azərbaycanın Xalq artisti, Rusiyanın Əməkdar incəsənət xadimi Yuli Qusman, məşhur rəssamlar Nikas Safronov, Aleksey Qlandin, Rusiyanın xalq artistləri Emmanuil Vitorqan, Zaur Tutov, əməkdar artist Bari Alibasov, Özbəkistanın xalq artisti Natalya Nurmuxamedova və digərləri tədbir iştirakçıları arasında olmuşlar.

Mərasim Azərbaycan və Rusiya dövlət himnlərinin səsləndirilməsi ilə başlamışdır.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu çıxışında Respublika Gününün növbəti il dönümünün, eyni zamanda Azərbaycan diplomatik xidmət orqanının yaradılmasının 100 illiyinə təsadüf etdiyini və bunun ölkəmizin diplomatiya institutunun formalaşması baxımından böyük tarixi hadisə olduğunu qonaqların diqqətinə çatdırdı. Yüz il əvvəl, 9 iyul 1919-cu il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin Katibliyinə dair təlimatın qəbul edildiyini deyən Səfir, bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə hər il iyulun 9-nun diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı kimi qeyd edildiyini bildirdi.

Həmçinin Polad Bülbüloğlu dövlətçilik tarixinin suverenliyin, ərazi bütövlüyünün və siyasi müstəqilliyin təmin edilməsində, dövlətin beynəlxalq əlaqələr sistemində yerinin formalaşmasında mühüm rol oynayan diplomatiya tarixi ilə sıx bağlı olduğunu, bu baxımdan da milli diplomatiyanın ilk demokratik respublikanın yaradılmasında əvəzsiz rol oynadığını qeyd etdi. Bundan əlavə, AXC-nin müsəlman Şərqində demokratik prinsipləri və dəyərləri, habelə azadlıq və demokratiya ideallarını təcəssüm etdirən ilk parlament respublikası olduğunu vurğuladı. Polad Bülbüloğlu xatırlatdı ki, gənc respublika olduqca qısa bir dövr ərzində bütün vətəndaşlar üçün qanunun aliliyini, bərabər vətəndaş və siyasi hüquqları təmin etmək üçün ciddi tədbirlər görmüş, bir çox Avropa ölkələrindən əvvəl seçki sahəsində gender bərabərliyini təmin etmişdir. AXC tərəfindən aparılan sülhsevər siyasət, beynəlxalq hüququn bərabərhüquqlu subyekti və Millətlər Liqasına üzv olmaq cəhdi Azərbaycanın paytaxtı Bakıda 16 xarici nümayəndəliyin açılmasına, 1920-ci ilin yanvar ayında Paris Sülh Konfransında müttəfiq dövlətlər tərəfindən müstəqilliyin de-fakto tanınmasına və bir sıra dövlətlərlə diplomatik əlaqələr qurmağa imkan vermişdir.

Azərbaycanın Səfiri bildirdi ki, müasir Azərbaycan diplomatiyası ümummilli lider, Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin bilavasitə rəhbərliyi altında təşəkkül tapmış, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə isə Azərbaycan Xarici işlər nazirliyi dövlət başçısının xarici siyasət kursunu həyata keçirən sabit struktura çevrilmişdir.

Səfir Polad Bülbüloğlu qeyd etdi ki, artıq 30 ildir ki hərbi təcavüz siyasəti aparan Ermənistan istisna olmaqla, Azərbaycan dünya ictimaiyyətinin bütün dövlətləri ilə dostluq və qarşılıqlı faydalı münasibətləri qorumağa davam edir. BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların çoxsaylı qərarlarına və qətnamələrinə, Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərinin bəyanatlarına baxmayaraq, Ermənistanın işğal olunmuş ərazilərdə status-kvonun qorunması üçün davamlı cəhdlər etdiyini xüsusi vurğulayan Səfir, “Ermənistanda başa düşməlidirlər ki, dünya birliyi hərbi təcavüzün nəticələrini heç vaxt legitim hesab etməyəcək” söylədi.

O bildirdi ki, silahlı münaqişələrin dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında tezliklə nizamlanması bugünkü narahat dünyamızda ümumi etimad mühitinin yaradılması üçün əsas şərtdir. Prezident İlham Əliyevin öz fikrini “Biz proses xətrinə danışıqları imitasiya etməyə yox, bu məsələni ölü nöqtədən tərpədə biləcək real danışıqlar aparmağa hazırıq” sözləri ilə ifadə etdiyini, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqi həllinin tapılması məsələsində ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə Rusiyanın mühüm rol oynaya biləcəyini vurğuladı.

Həmçinin Polad Bülbüloğlu qeyd etdi ki, Azərbaycan regiondakı bütün ölkələrlə mehriban qonşuluq siyasətinin tərəfdarıdır. Azərbaycanın Rusiya ilə əsrlər boyu formalaşmış dərin tarixi və mədəni əlaqələrə qayğı ilə yanaşdığını, dövlətlərimizin liderləri arasında şəxsi əlaqələr və etimada əsaslanan münasibətlərin hərtərəfli strateji əməkdaşlıq üçün möhkəm və əlverişli zəmin yaratdığını xüsusi bildirdi, Azərbaycan Respublikası Prezidentinin “Biz mehriban dostlar və etibarlı qonşularıq” sözlərini sitat gətirdi. Respublika Günü münasibətilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlandığı təbrik məktubunun məzmununu tədbir iştirakçılarının diqqətinə çatdırdı.

İkitərəfli münasibətlərdə proqnozlaşdırılan vəziyyətin hər il ticarət, iqtisadi və investisiya əlaqələrini inkişaf etdirməyə, eyni zamanda dövlətlərin regionları arasında birbaşa təmasları dərinləşdirməyə imkan verdiyini bildirdi. Səfir vurğuladı ki, Rusiya Federasiyasının 20-dən çox subyekti Azərbaycanla müvafiq sazişlər bağlamış, ticarət missiyaları açılır, biznes inkişaf edir və bunlar hamısı ticarətin genişləndirilməsi üçün böyük imkanlar yaradır.

Bundan əlavə, o qeyd etdi ki, davam edən inkişaf, humanitar əlaqələrin möhkəmləndirilməsi, mədəniyyət, elm, təhsil və səhiyyə sahələrində daimi qarşılıqlı əlaqələr şübhəsiz ki iki xalqın maraqlarına xidmət edəcəkdir. Azərbaycan mədəniyyətinin nümayəndələrinin bu gün Rusiyanın ən yaxşı teatrlarında çalışdığını və ən nüfuzlu səhnələrdə çıxış etdiyini söylədi. Bildirdi ki, bu gün minlərlə tələbələr Rusiyada təhsil alır və onlar gələcəkdə ölkələrimiz arasında dostluq münasibətlərinin bələdçilərinə çevrilə bilərlər.

Sonda Polad Bülbüloğlu bütün Azərbaycan xalqını Respublika günü və diplomatik xidmət orqanlarının əməkdaşlarını yubiley tarixi münasibətilə bir daha ürəkdən təbrik etdi.

Əsas qonaq qismində çıxış edən Rusiya Federasiyası Xarici İşlər nazirinin müavini – stats-katibi Qriqori Karasin ənənəvi olaraq hamını bir araya gətirən bayram tədbirinə dəvətə görə təşəkkürünü ifadə etdi, Respublika gününün Rusiya Federasiyasında da geniş qeyd olunan bir bayram sayıldığını vurğuladı. Bildirdi ki, Rusiya və Azərbaycanı bərabərlik və mehriban qonşuluq prinsiplərinə, əsrlər boyu davam edən dostluq ənənələrinə, ortaq tarixə, mədəniyyətə və milyonlarla insanın bir-biri ilə bağlı olan taleyinə əsaslanan strateji tərəfdaşlıq əlaqələri birləşdirir.

Qriqori Karasin regionlar, qurumlar və ilk növbədə, iki dövlət başçısı Vladimir Putin və İlham Əliyev arasında səmimi, qeyri-rəsmi və etibarlı əlaqələrin qurulduğunu bildirdi. Təkcə 2018-ci ildə Rusiya və Azərbaycan prezidentlərinin 6 dəfə görüşdüyünü, bununla da dünyada mövcud olan çətin vəziyyətdə bu səviyyədə qarşılıqlı etibarın və koordinasiyanın vacibliyini xüsusilə qeyd etdi. Aprel ayında prezidentlərin Pekində baş tutmuş “Bir kəmər, bir yol” Beynəlxalq Forumu çərçivəsində faydalı görüş keçirdiyini söylədi. Hazırda Rusiya-Azərbaycan-İran üçtərəfli Zirvə Görüşünə hazırlıq işlərinin görüldüyünü və cari ilin aprel ayında Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun Azərbaycana rəsmi səfərinin uğurla həyata keçirildiyini xüsusi vurğuladı.

Rusiya-Azərbaycan əlaqələrinin miqyasının və keyfiyyətinin hər il artdığını qeyd edən nazir müavini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2018-ci ildə Soçiyə rəsmi səfəri çərçivəsində imzalanmış “Azərbaycan - Rusiya əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı”nın icrası ilə bağlı fəal işin aparıldığını bildirdi. Rusiya Federasiyasının 72 regionunu təmsil edən müəssisə və şirkətlər tərəfindən Azərbaycan istiqamətində ixracın həyata keçirildiyini söylədi. Keçən il hər iki ölkə prezidentinin iştirak etdiyi Rusiya-Azərbaycan Regionlararası Forumunun mühüm rolunu qeyd edərək, cari ildə 10 illik yubiley forumunun Rusiyada keçiriləcəyini bildirdi. 2020-ci ildə Samur çayı üzərindən körpünün tikintisinin tamamlanacağını və bunun iki ölkə və ümumilikdə region üçün strateji cəhətdən əhəmiyyətli olduğunu söylədi. Həmçinin o qeyd etdi ki, ötən il Rusiyadan Azərbaycana 800 min nəfər turist səfər edib və ölkəmizə gələn turistlərin sayına görə Rusiya birinci yer tutur. Moskva Dövlət Universitetinin və Birinci Moskva Dövlət Tibb Universitetinin Bakıdakı filiallarının uğurla fəaliyyət göstərdiyini, yaxın gələcəkdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutun filialının açılmasının gözlənildiyini xüsusilə qeyd etdi. Aprel ayında Rusiya mədəniyyət günlərinin Azərbaycanda uğurla keçirildiyini, bu tədbirlər çərçivəsində başlıca hadisənin məşhur rəssam, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovun dekorasiyaları əsasında qurulmuş “Min bir gecə” tamaşasının “Kreml Baleti” teatrının ifasında  nümayişi olduğunu diqqətə çatdırdı.

Bakı, Lənkəran və Gəncə şəhərlərində demək olar ki, hər yerdə sərbəst danışılan rus dilinə ölkəmizdə xüsusi və ənənəvi ehtiramla yanaşıldığını, 300-dən çox məktəbin rus dilində təhsil verdiyini və bunun ölkələrimiz arasındakı münasibətlər üçün son dərəcə vacib olduğunu xüsusi olaraq qeyd etdi. Rusiya Xarici işlər nazirinin müavini bildirdi ki, Bakı Beynəlxalq Humanitar Forumunun müntəzəm olaraq prezidentlərin himayəsi altında keçirilməsi yaxşı bir ənənə halına dönüb və forum zamanın aktual məsələlərini müzakirə etmək üçün ardıcıl bir platformaya çevrilib.

Bundan əlavə, nazir müavini 20 ildən artıq üzərində iş aparılan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasının 2018-ci ildə mühüm hadisə olduğunu, Xəzəryanı ölkələrin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət göstərməklə əməkdaşlığın əsas prinsiplərinin sənəddə əks olunduğunu diqqətə çatdırdı.

Qriqori Karasin sonda iyul ayında qeyd olunacaq Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə ölkəmizin bütün diplomatlarını, Azərbaycanın Moskvadakı Səfirliyinin kollektivini təbrik etdi və öz çıxışını Azərbaycan dilində “Düz yol gedən yorulmaz" ifadəsini səsləndirərək bitirdi.

Tədbirin mədəni hissəsində Azərbaycan Respublikasının əməkdar artisti Qorxmaz Məmmədovun rəhbərliyi ilə “Azərbaycan” ansamblı, Azərbaycan Respublikasının əməkdar artistləri Elnarə Məmmədova və Regina Rüstəmova, beynəlxalq müsabiqələr laureatı Emil Qədirov, Rəna İbrahimovanın rəhbərliyi ilə “Alagöz” rəqs qrupu konsert proqramı ilə çıxış etdilər.

Sonra qonaqlar üçün milli mətbəximizin və Avropa yeməklərinin ləziz təamlarından ibarət yüksək səviyyədə furşet təşkil olunmuşdur. Tədbir “Azərbaycan” ansamblının canlı ifasında səsləndirilən Azərbaycan musiqisinin müşayiəti ilə davam etmişdir.

Mərasim Azərbaycan və Rusiya KİV tərəfindən geniş işıqlandırılmışdır.

Arxiv üzrə axtarış