2019-06-21

Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, dünya şöhrətli rəssam Tahir Salahovun sərgisinin açılışı olmuşdur

Cari ilin 21 iyun tarixində Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Qəbullar evində Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, dünya şöhrətli rəssam Tahir Salahovun sərgisinin açılışı olmuşdur.

Açılış mərasimində iştirak edən Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov çıxış edərək sərginin keçirilməsi ideyasının yaranması haqqında söz açmışdır. O, keçən il Bakıya səfəri zaman Tahir Salahovun rəsm sərgisinə baxış keçirdiyini və belə bir ekspozisiya ilə moskvalıların da tanış olmasının düzgün olacağanı vurğulamışdır.    

Həmçinin Sergey Lavrov demişdir: “İlk öncə Tahir Salahova bu dəvəti qəbul etdiyinə görə, bu gözəl sərginin təşkilində əməyi olan hər kəsə dərin minnətdarlığımı izhar edirəm. Tahir Salahovla yanaşı, ayrıca olaraq təşəkkürümü Azərbaycanın Rusiyadakı Səfiri, müasir zəmanəmizin daha bir canlı əfsanəsi Polad Bülbüloğluna bildirirəm”.

Rusiyanın Xarici İşlər Naziri azərbaycanlı rəssamın fəxri adlarının və təltiflərinin çoxluğunu qeyd etmiş, lakin onun ən böyük mükafatının xalqın sevgisi olduğunu vurğulamışdır.

“Tahir Teymuroviç, öz işlərinizlə bizi sevindirməkdə davam etdiyinizə görə Sizə çox minnətdarıq”. Sizə yaradıcılıq uğurları, cansağlığı və həmişə dostlarınızın arasında qalmağınızı arzu edirəm” – deyə rusiyalı nazir nitqini tamamlamışdır.

Daha sonra çıxış edən Tahir Salahov yaradıcılığına göstərilən diqqətə görə Sergey Lavrova, sərginin təşkilində göstərdiyi köməkliklərə görə isə Azərbaycanın Rusiyadakı Səfiri Polad Bülbüloğluna təşəkkür etmişdir. O dıqqətə çatdırmışdır ki, Bakı Ekspo Mərkəzində keçirilən sərgi zamanı Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov onu Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin ordeni ilə təltif edərək, Moskvada onun işlərinin sərgisinin keçirilməsini təklif etmişdir.

Eyni zamanda Tahir Salahov xüsusi vurğulamışdır ki, Rusiyanın bu XIX əsrə aid incəsənət və mədəniyyət məbədini, diplomatiya, həmrəylik və birlik məbədini, sülh, dostluq, səmimiyyət və həmrəylik məsələlərinin həll edilmiş olduğu və bu gün də həll edildiyi tarixi binanı mənim sərgim üçün təqdim edib”.

Tədbirin davamında nitq söyləyən Polad Bülbüloğlu təşkil olunan sərgini Azərbaycan-Rusiya mədəniyyətlərinin bayramı kimi səciyyələndirərək, bu mötəbər, vacib siyasi, diplomatik və dövlət məsələlərinin həll olunduğu binada azərbaycanlı rəssam Tahir Salahovun sərgisinin keçirilməsini tarixi hadisə adlandırmışdır. Səfir azərbaycanlı rəssamın bütün postsovet mədəniyyət məkanını birləşdirən şəxsiyyət olduğunu söyləmişdir. Polad Bülbüloğlu Tahir Salahovun uzun illər SSRİ Rəssamlar İttifaqına başçılıq etdiyini vurğulayaraq, onun keçmiş SSRİ-nin bütün rəssamlarının öz yaradıcılığı ilə sərbəst məşğul olmaları üçün çox vacib işlər gördüyünü söyləmişdir. Daha sonra Azərbaycanın Səfiri tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə Rusiyanın Xarici İşlər Nazirliyi və şəxsən Sergey Lavrova təşəkkürünü izhar etmişdir.

Tahir Salahovun 90 illik yubileyi çərçivəsində keçirilən tədbirdə Rusiyada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, ziyalılar, ictimai təşkilat və akademik dairələrin, çoxsaylı Azərbaycan və yerli KİV nümayəndələri iştirak etmişdirlər.

Arxiv üzrə axtarış