2019-06-26

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 101 illiyi münasibətilə Səfirlik tərəfindən rəsmi ziyafət təşkil edilmişdir

26 iyun 2019-cu il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 101 illiyi münasibətilə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi tərəfindən rəsmi ziyafət təşkil edilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini, general-leytenant Fuad Məmmədov, Azərbaycan Respublikasının Müdafiə Sənayesi nazirinin müavini Yəhya Musayev, Moskvada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, hərbi attaşelər, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGT) üzvləri, Azərbaycan icmasının nümayəndələri, o cümlədən Rusiya hərbi universitetlərində təhsil alan azərbaycanlı kursantlar iştirak etmişdirlər.

Tədbirin əvvəlində Azərbaycan və Rusiyanın dövlət himnləri səsləndirilmişdir.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu çıxışında tədbir iştirakçılarını salamlayaraq, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin əsas uğurlarından birinin Azərbaycan ordusunun yaradılması olduğunu bildirmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğunun uzun sürmədiyini, iki ildən sonra onun süquta uğradığını təəssüflə bildirən Səfir, Azərbaycanın müstəqilliyinin yalnız 1991-ci ildə bərpa edildiyini xatırlatmışdır.

Müstəqilliyimizin ilk illərinin ölkəmiz üçün çox çətin olduğunu, Azərbaycanın böyük problemlərlə üzləşdiyini qeyd edərək, Polad Bülbüloğlu diqqətə çatdırmışdır ki, belə ağır vəziyyətdə Azərbaycan xalqı müdriklik göstərərək görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevə müraciət etmiş və onu respublikamızı idarə etməyə çağırmışdır. Ümummilli lider hakimiyyətə gəldikdən sonra vəziyyət sabitləşmiş və Azərbaycan bu çətin vəziyyətdən çıxa bilmişdir. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra məhz onun rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdığını bildirən Səfir, bu gün də, ordu quruculuğu prosesinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini söyləmişdir.

Müharibə şəraitində yaşadığımız üçün ordu quruculuğunun ölkəmiz üçün ən mühüm məsələlərdən biri olduğunu xüsusi vurğulayan Polad Bülbüloğlu, qonaqların nəzərinə çatdırdı ki, dünyanın bütün ölkələri, o cümlədən də Rusiya Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Azərbaycanın Səfiri beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair çoxsaylı qətnamə və qərarların qəbul edildiyini, ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin qəbul edildiyini xatırlatmışdır. Polad Bülbüloğlu qeyd etmişdir ki, xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox insanımız qaçqın və məcburi köçkünə çevrilmişdir. Həmçinin Xocalı soyqırımı barədə məlumat verərək onun dünyanın ondan artıq ölkəsi tərəfindən rəsmi olaraq tanındığını bildirmişdir. Səfir Azərbaycan xalqının işğal faktı ilə heç vaxt barışmayacağını və ərazi bütövlüyümüzün bərpa ediləcəyini xüsusilə vurğulamışdır.

Bu məqsədlə ölkəmizdə ən müasir silah və avadanlıqlarla təchiz olunmuş güclü ordunun yaradıldığını diqqətə çatdırmışdır. Eyni zamanda qeyd etmişdir ki, Azərbaycanda istehsal olunan çoxsaylı hərbi məhsullar ordumuzun potensialını gündən-günə artırır, dünyanın bir çox ölkələrindən, o cümlədən Rusiyadan da ən qabaqcıl silah və avadanlıqlar alınır və bu məsələ bilavasitə Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi nəzarəti altındadır.

Azərbaycanda, xüsusən də gənclər arasında vətənpərvərlik ruhunun çox yüksək olduğunu, 2016-cı ilin aprelində işğalçı Ermənistan ordusunun təxribatının qarşısının alınması məqsədilə Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları və Naxçıvan Muxtar Respublikasında strateji yüksəkliklərin işğaldan azad edilməsi ilə nəticələnən 2018-ci ilin may hərbi əməliyyatlarını misal gətirən Səfir Azərbaycan bayrağının bu gün işğal altında olan torpaqlar və doğma Şuşada qürurla dalğalanacağını əminliklə qeyd etmişdir.

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə iyul ayının 9-da diplomatik xidmət orqanlarının 100 illik yubileyinin qeyd olunacağını iştirakçıların diqqətinə çatdırılmışdır. Bildirilmişdir ki, dövlətin ərazi bütövlüyünün danışıqlar yolu ilə bərpa edilməsinin bütün Azərbaycan diplomatları üçün prioritet məsələdir. Bunun üçün həm diplomatları, həm də Azərbaycanın bütün hərbi qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək, vacib missiyanın yerinə yetirilməsində uğurlar arzulamışdır. Sonda Azərbaycan dövlətinin hazırkı inkişaf mərhələsində "Sülh istəyirsənsə, müharibəyə hazır ol" qədim Roma məsəlinə uyğun olaraq hərbi quruculuq strategiyası və xarici siyasət həyata keçirdiyi xüsusi vurğulanmışdır.

Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, general-leytenant Fuad Məmmədov çıxış edərək, qonaqlara Azərbaycan Silahlı Qüvvələrinin tarixi ilə bağlı ətraflı məlumat vermişdir. O, 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə-əlahiddə Azərbaycan korpusunun yaradıldığını söyləmişdir. Həmin il mayın 28-də qəbul edilmiş "İstiqlal bəyannaməsi"ndə də Azərbaycanın özünü xarici müdaxilələrdən müdafiə etmək və daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmasının vacibliyi barədə müddəanın yer aldığını diqqətə çatdırmışdır.  

Fuad Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ordu quruculuğu prosesinin dayandığını, yalnız 1969-cu ildə ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə gəlməsindən sonra bu sahədə ciddi addımların atıldığını, milli hərbi kadrların hazırlanmasına başlanıldığını qeyd etmişdir. Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbin açıldığını, görülən işlər nəticəsində gənclərin həmin məktəbə, habelə ölkədən kənardakı hərbi məktəblərə cəlb olunmasının Azərbaycan üçün peşəkar kadrların hazırlanması işinə böyük təkan verdiyini söyləmişdir.

Nazir müavini diqqətə çatdırmışdır ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində ordumuz öz potensialına, döyüş qabiliyyətinə və möhkəm maddi-texniki bazasına görə regionun qüdrətli güclərindən birinə çevrilib. Prezident İlham Əliyevin hərbi hissələrə, xüsusən də cəbhə xəttinə müntəzəm olaraq etdiyi səfərlər orduda döyüş ruhunu yüksəldən əsas amillərdən biridir və Ali Baş Komandanın orduya sonsuz qayğı və dəstəyini nümayiş etdirir.

Həmçinin nazir müavini bildirmişdir ki, ölkəmizin Beynəlxalq Ordu Oyunlarında daimi iştirakı, eləcə də bəzi müsabiqələrin Azərbaycanda və Rusiya Federasiyasında keçirilməsi yüksək səviyyəli qarşılıqlı inamın və iki qardaş xalq arasında əməkdaşlığın yüksək səviyyədə olduğunun göstəricisidir. Eyni zamanda, o qeyd etdi ki, hərbi-texniki forumlar və təhlükəsizlik məsələləri üzrə konfranslar çərçivəsində təşkil edilən stendlərdə ölkəmizin Müdafiə Sənayesi Nazirliyinin zavodlarında istehsal olunan hərbi və hərbi-texniki məhsulların nümayiş etdirilməsi, eləcə də çoxsaylı müqavilələrin imzalanması ildən ilə artır.

Sonda nazir müavini, Azərbaycan xalqının öz həyatlarını təhlükə altına ataraq vətənimizi qoruyan hərbçilərimizin qəhrəmanlığı ilə fəxr etdiyini bildirərək diqqətə görə hər kəsə təşəkkürünü ifadə etmişdir.

Sonra qonaqlar üçün furşet təşkil olunmuşdur. Tədbirdə “Qolos” layihəsinin finalçısı və “Qradski holl” teatrının solisti Emil Qədirovun, habelə Voronej Dövlət Opera və Balet Teatrının solisti Anastasiya Çernovolosun ifasında mahnılar səsləndirilmişdir.

Mərasim Azərbaycan və Rusiya KİV-ləri tərəfindən geniş işıqlandırılmışdır.  

Arxiv üzrə axtarış