Səfir Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş Səfiri Qreym Mixanı qəbul etmişdir
Cari ilin 19 iyul tarixində Səfir Polad Bülbüloğlu Avstraliya İttifaqının Rusiya Federasiyasına yeni təyin olunmuş Səfiri Qreym Mixanı qəbul etmişdir.
Həmkarını Rusiyaya təyinatı ilə əlaqədar təbrik edən Azərbaycanın Rusiyadakı Səfiri ona diplomatik fəaliyyətində müvəffəqiyyətlər arzulamışdır. Polad Bülbüloğlu Azərbaycan ilə Avstraliya arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirmiş və dövlətlərarası əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcudluğunu vurğulamışdır.
Azərbaycanın Səfiri Rusiya Federasiyasında akkreditə edilmiş diplomatik korpusun duayeni qismində fəaliyyəti haqqında da məlumat vermişdir.
Görüş zamanı dünya birliyi ölkələrinin qarşılaşdığı təhdidlər və çağırışlara qarşı birgə mübarizənin aparılmasının vacibliyi və müasir beynəlxalq münasibətlərdə ümumtanınmış normalara riayət edilməsinə ciddi ehtiyac duyulduğu qeyd olunmuşdur.
Həmçinin Polad Bülbüloğlu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və nəticələri haqqında ətraflı məlumatı həmsöhbətinin diqqətinə çatdırmışdır. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həllinin regionda sülhün və sabitliyin bərqərar olmasına bilavasitə təsir edəcəyini söyləmişdir.
Görüş əsnasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.