2019-07-19

Səfir Polad Bülbüloğlu Tanzaniyanın Rusiyaya yeni təyin olunmuş Səfiri Simon Mumvini qəbul etmişdir

Cari ilin 19 iyul tarixində Səfir Polad Bülbüloğlu Tanzaniya Birləşmiş Respublikasının Rusiya Federasiyasına yeni təyin olunmuş Səfiri Simon Mumvini qəbul etmişdir.

Görüş zamanı Azərbaycan ilə Tanzaniya arasında ikitərəfli münasibətlərin səviyyəsi və onun inkişaf etdirilməsi perspektivləri müzakirə olunmuşdur.

Səfir Polad Bülbüloğlu 7 fevral 2019-cu il tarixində iki ölkə arasında imzalanmış diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünikenin Azərbaycan ilə Tanzaniya arasında müqavilə-hüquq bazasının genişləndirilməsinə təkan verəcəyinə əminliyini ifadə etmişdir.

Həmçinin görüş zamanı ölkələrimizin üzv olduğu beynəlxalq və regional təşkilatlar çərçivəsində əlaqələndirmənin gücləndirilməsi, qarşılıqlı yüksək səviyyəli səfərlərin təşkil edilməsi, iqtisadi-ticari əməkdaşlığın perspektivlərinin nəzərdən keçirilməsi kimi mövzular müzakirə olunmuşdur.

Polad Bülbüloğlu Azərbaycanın yerləşdiyi regionda cərəyan edən proseslər, ölkəmizin üzləşdiyi təhdidlər barədə həmsöhbətinə ətraflı məlumat vermiş və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri qarşı tərəfin diqqətinə çatdırmışdır. 

Görüş əsnasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

Arxiv üzrə axtarış