2019-02-27

Səfir Polad Bülbüloğlu Belarusun Rusiyaya yeni təyin olunmuş Səfiri Vladimir Semaşkonu qəbul etmişdir

Cari ilin 27 fevral tarixində Səfir Polad Bülbüloğlu Belarus Respublikasının Rusiya Federasiyasına yeni təyin olunmuş Səfiri Vladimir Semaşkonu onun xahişi əsasında qəbul etmişdir.

Qəbula görə təşəkkürünü bildirən Vladimir Semaşko, Azərbaycan Respublikası ilə münasibətləri yüksək qiymətləndirdiyini söyləmişdir.

Polad Bülbüloğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun müdrik rəhbərliyi altında ikitərəfli əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyini xüsusilə vurğulamışdır. Azərbaycanın Səfiri 2015-ci ildə “İncəsənət vasitəsilə sülhə və qarşılıqlı anlaşmaya doğru” xüsusi mükafata layıq görüldüyünü, həmin mükafatın Prezident Aleksandr Lukaşenko tərəfindən ona şəxsən təqdim edildiyini məmnuniyyətlə xatırlamışdır. 

Belarusun Səfiri özü haqqında ətraflı məlumat verərək, zamanında Azərbaycan ilə Belarus arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyasının Belarus tərəfindən həmsədri qismində ölkəmizə bir neçə dəfə səfər etdiyini, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, eləcə də ölkəmizin Hökumət nümayəndələri ilə görüşdüyünü vurğulamışdır.  

Daha sonra Polad Bülbüloğlu ölkəmizin üzləşdiyi və ən böyük problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, hazırkı durumu barədə ətraflı məlumat verərək, işğal faktının hələdə davam etdiyini, bir milyondan artıq həmvətənimizin doğma yurd-yuvalarından məcburi köçkün və qaçqın düşdüyünü, status-kvonun davam etməsinin yolverilməzliyi barədə danışmışdır. BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin hələ də icra olunmadığını deyən Azərbaycanın Səfiri, yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın yenidən doğma torpaqlarına geri dönəcəyinə əminlik ifadə etmişdir. Həmçinin bildirmişdir ki, münaqişənin həlli yolları müzakirə edilərkən heç bir dövlətin öz torpaqlarını başqasına verilməsi ilə razılaşmayacağı nəzərə alınmalıdır və Azərbaycan ərazilərinin işğalı faktoru ilə heç vaxt barışmayacaqdır. 

Beynəlxalq təşkilatlar çərçivəsində münaqişə ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsinin vacibliyini qeyd edən Polad Bülbüloğlu, bu məsələdə Belarus tərəfindən göstərilən dəstəyə görə təşəkkürünü bildirmişdir.

Sonda qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Arxiv üzrə axtarış