Səfir Polad Bülbüloğlu Əfqanıstanın Rusiyaya yeni təyin olunmuş Səfiri Lətif Bahandı qəbul etmişdir
Cari ilin 4 mart tarixində Səfir Polad Bülbüloğlu Əfqanıstan İslam Respublikasının Rusiya Federasiyasına yeni təyin olunmuş Səfiri Lətif Bahandı onun xahişi ilə qəbul etmişdir.
Görüşdə Polad Bülbüloğlu əfqanıstanlı həmkarını Rusiyaya təyinatı münasibəti ilə əlaqədar təbrik etmiş və diplomatik fəaliyyətində müvəffəqiyyətlər arzulamışdır.
Lətif Bahand Moskvada akkreditə olunan diplomatik korpusun duayeni səlahiyyətlərinin Səfir Polad Bülbüloğluna keçməsi ilə əlaqədar təbrikini çatdırmış və etimadnaməsinin ölkə rəhbərliyinə təqdim etdikdən sonra diplomatik korpusla ilk görüşünün Azərbaycanın Səfiri ilə keçirməyi özünə borc saydığını vurğulamışdır. O, özü haqqında məlumat verərək, məşhur rus yazıçıları Lev Tolstoyun “Hərb və sülh” və Mixail Şoloxovun “Sakit don” romanlarının rus dilindən puştu dilinə tərcümə etdiyini bildirmişdir.
Dünya şöhrətli Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı ilə yaxından tanış olduğunu söyləyən Əfqanıstanın Səfiri, Moskvada gələcəkdə təşkil olunacaq Əfqanıstan musiqisinə və ədəbiyyatına həsr olunan tədbirlərdə Polad Bülbüloğlunun iştirak etməsindən məmnun qalacağını vurğulamışdır.
Daha sonra Azərbaycanın Rusiyadakı Səfiri bölgədə nəqliyyat infrastrukturunun inkişafı sahəsində aparılan işlər, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi barədə qarşı tərəfə ətraflı məlumat vermişdir. Həmçinin Şərqi Asiya ölkələri ilə Avropanı əlaqələndirən irihəcmli layihənin işə düşməsinin region ölkələrinin iqtisadi inkişafına təkan verəcəyini və bununla əlaqədar Əfqanıstanın həmin layihədən bəhrələnə biləcəyini bildirmişdir. Layihə çərçivəsində dəmir yolları sistemində köklü yenidənqurma işlərin həyata keçirildiyini və Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərində yeni avtomobil körpüsünün tikildiyini qeyd edən Polad Bülbüloğlu, bununla yanaşı, hazırda Rusiya ilə ikitərəfli gömrük prosedurlarının unifikasiyası üzrə müvafiq işlərin görüldüyünü diqqətə çatdırmışdır.
Əfqanıstanın hazırkı prezidentinin alim və iqtisadi məsələlərdə böyük təcrübəyə malik olduğunu bəyan edən Səfir Lətif Bahand, dövlət başçısı tərəfindən vacib nəqliyyat layihələrə böyük əhəmiyyət verildiyini bildirmiş və ölkəsindəki mövcud vəziyyət haqqında danışmışdır.
Polad Bülbüloğlu həmsöhbətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu barədə ətraflı məlumat vermişdir. Bu cür münaqişələrin mövcudluğunun regionun ümumi inkişafına mənfi təsir göstərdiyini, sülh və sabitliyin pozulmasına gətirib çıxartdığını vurğulamışdır.
Görüşün sonunda qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.