2019-06-14

Səfir Polad Bülbüloğlu Qırğızıstanın Rusiyaya yeni təyin olunmuş Səfiri Alikbek Djekşenkulovu qəbul etmişdir

Cari ilin 14 iyun tarixində Səfir Polad Bülbüloğlu Qırğız Respublikasının Rusiya Federasiyasına yeni təyin olunmuş Səfiri Alikbek Djekşenkulovu qəbul etmişdir.

Qırğız həmkarını Rusiyaya təyinatla əlaqədar təbrik edən Azərbaycanın Səfiri, ona diplomatik fəaliyyətində müvəffəqiyyətlər arzulamışdır. Polad Bülbüloğlu ölkələrimiz arasında münasibətlərin hər zaman yüksək səviyyədə olduğunu vurğulamışdır.

Qəbula görə təşəkkürünü bildirən Alikbek Djekşenkulov, Azərbaycan Respublikası ilə münasibətləri yüksək qiymətləndirdiyini, ölkəmizin inkişafı barədə məlumatlı olduğunu, lakin Azərbaycana son dəfə 12 il əvvəl səfər etdiyini bildirmişdir. O, mart ayında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Qırğızıstana dövlət səfərinin uğurla keçdiyini, 2020-ci ildə qarşılıqlı əsasda Qırğızıstan və Rusiya illərinin elan ediləcəyini və bununla əlaqədar çoxsaylı tədbirlərin baş tutacağını söyləmişdir.

Polad Bülbüloğlu humanitar sahədə ikitərəfli əməkdaşlıq haqqında söz açaraq, ölkələrimiz arasında əlaqələrin xalqlarımızın bölüşdüyü ortaq tarixə, mədəniyyətə və etnik bağlılığa əsaslanaraq inkişaf etdiyini bildirmişdir. Bununla yanaşı o, Bişkekə dəfələrlə səfər etdiyini, hətta Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) 1994-cü ildə Çolpan-Atada keçirilən beşinci toplantısında həmin təşkilatın Baş direktoru vəzifəsinə seçildiyini həmsöhbətinin diqqətinə çatdırmışdır.       

Daha sonra Azərbaycanın Səfiri ölkəmizin üzləşdiyi ən böyük problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, onun səbəbləri və nəticələri haqqında ətraflı məlumat vermiş, işğal faktının hələ də davam etdiyini, bir milyondan artıq həmvətənimizin doğma yurd-yuvalarından məcburi köçkün və qaçqın düşdüyünü, status-kvonun davam etməsinin yolverilməzliyini diqqətə çatdırmışdır. Həmin münaqişəyə dair BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsinin, həmçinin digər beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilən sənədlərin icrasının təmin edilməsinin vacibliyini vurğulamışdır. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində münaqişə ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsinin zəruriliyini qeyd etmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

Arxiv üzrə axtarış